B.e - Şənbə 10:00-17:00

Bazar - İŞ GÜNÜ DEYİL

(051) 444 66 44

info@mehdiiskandarli.com

Kutanoz Klinika

Atatürk prospekti 203/209

Behçet xəstəliyi haqqında hər şey

Behçet xəstəliyi nədir ?

Behçet xəstəliyi dərinin və selikli qişaların avtoimmun xroniki ilttihabi xəstəliyidir. Adı keçən dəri xəstəliyini ilk dəfə türkiyəli dermatoloq Hulusi Behçet ağızda yara, cinsi yara və uveit adlanan göz xəstəliyi əlamətləri ilə birgə təsvir etmişdir. Xəstəliyin adı da sonralar məşhur dermatoloq həkimin adı ilə əlaqələndirilmişdir. Fəqət sonrakı araşdırmalar göstərmişdir ki, Behçet xəstəliyi sadəcə bir dəri xəstəliyi deyildir. O bir sistem problemidir, daxili orqanları da  zamanla cəlb edə bilir. 

Behçetin əlamətləri nələrdir ?

Behçetin klinik əlamətləri əsasən ağızda yaralar ilə cinsi yaralar hesab edilir. Bundan başqa dəridə sızanaq şəklində özünü göstərən follikulitlər də Behçetin əlaməti ola bilir. Aşağı ətraflarda ağrılı qızartılar ilə şişkinlik Behçet xəstələrində tez-tez rast gəlinən digər dəri əlamətləridir. 

 

Aftoz stomatit Behçetdə rast gəlinirmi ?

Behçet xəstəliyi zamanı ağız boşluğunda ağrılı xoralar yaranır. Bu xoraların elmi adı aft olaraq keçir. Aft adlanan bu ağız xoralarının kənarları qırmızı ortası ağ rəngli olur. Afta bağlı yaranan ağız xoraları isə öz növbəsində oral aftoz stomatit yaxud sadəcə aftoz stomatit problemini yaradır. Aftoz stomatitə bağlı ağızda ağrılı yaralar qidalanma problemləri yaradaraq həyat keyfiyyətini aşağı salır. 

Oral aftoz stomatit yaraları ağızda hansı sahələrdə yaranır ?

Oral aftoz stomatit ilə əlaqəli yaranan ağız yaraları əsasən dilin üstündə, dodaqların selikli qişasında, dilin altında, sərt damaqda, dilin kənarlarında özünü göstərir. Əksərən 1-2 ədəd mərcimək böyüklüyündə kənarları qırmızı ortası ağ rəngli açıq yaralar şəklində yaranır. Daha ağır formada isə bu yaralar birləşərək daha böyük ölçülü yaralara səbəb olur. 

Ağız boşluğunda xoralar hər zaman Behçetə işarədirmi ?

Ağız boşluğunda yaralar sadəcə Behçet sindromunda yaranmır. Aftoz stomatit problemini yaradan başqa endogen və ekzogen səbəblər də vardır. Bəzi dəri xəstəlikləri var ki, ağızda aftoz olmayan yaralara səbəb olur. Ümumiyyətlə ağızda yara verən 1001 dəri xəstəliyi mövcuddur. Ağız boşluğunun onkoloji xəstəlikləri, avtoimmun bulyoz xəstəlikləri, infeksioz xəstəliklər ağız yaralarının səbəbi ola bilər. Ona görə Behçet sindromu diaqnozu qoyularkən başqa əlamətlər də nəzərə alınır. Dermatoloq tərəfindən əlavə analizlərə və müayinələrə ehtiyac duyulur. Xəstə hər tərəfli müayinə edilir. Ətraflı anamnez toplanır. 

Behçet xəstəliyi irsi yolla ötürülürmü ?

Əlbəttə. Behçet sindromu ilə əlaqəli ağızda aft problemi irsi yolla ailə fərdlərinə ötürülə bilər. Valideynlərdə oral aftoz stomatit problemi olarsa övladlarda da eyni problem yarana bilər. HLB51 genlərində baş verən pozuntu ilə sıx əlaqəlidir.  İpək yolu üzərində yerləşən xalqlarda daha çox rast gəlinir bu sindrom. Ona görə bəzən bu xəstəliyi ipək yolu xəstəliyi də adlandırılar. Azərbayca ipək yolu üzərində yerləşdiyi üçün bizdə də Behçet sindromuna tez-tez rast gəlinir. 

Genital yaralar Behçet zamanı rast gəlinirmi ?

Əlbəttə. Təkrarlayan aftoz stomatit Behçet xəstəliyi zamanı ən sıx rast gəlinən əlamətdir. Lakin, həm kişilərdə, həm də qadınlarda ağrılı cinsi yaralar da tez-tez rast gəlinir. Behçet sindormu zamanı genital bölgənin yarası dərin və ağrılı olur. Kişilərdə xayada, aralıqda, qasıqda 1-2 ədə yara şəklində özünü göstərir. Qadınlarda isə qasıqda, böyük və kiçik dodaqlarda o cümlədən vaginal girişin ətrafında da yarana bilir. Şiddətli ağrıdan dolayı həyat keyfiyyətini aşağı salır və xəstələri ən qısa zamanda dəri həkiminə götürür. Qeyd etmək lazımdır ki, Behçetə bağlı qasıqda yara cinsi yolla keçən zöhrəvi xəstəlik sayılmadığı üçün yolxucu deyil, qarşı tərəfə ötürülməz. Ümumiyyətlə Behçet sindromu həm dərinin, həm də ağız boşluğunun non-infeksioz, yolxucu olmayan xəstəliyidir. 

Behçet xəstəliyi daxili orqanları zədələyə bilərmi ?

Əlbəttə.  Behçet sindromu bir sistemik vaskulit xəstəliyidir. Xəstəlik təkrarlayan oral aftlar ilə başlasa da zamanında düzgün diaqnoz və mülicələrə başlanılma daxili orqanların iri damarlarının iltihabına, trombozuna səbəb ola bilir. Bu isə öz növbəsində xəstə üçün əlavə həyati təhülükə yaradır. Gözün uvea təbəqəsinin iltihabı nəticəsində Behçet xəstələrində uveit də yarana bilər. Bu zaman gözdə hiperemiya və qanlanma görəsnir. Bəzi Behçet xəstələrində ağız yaraları çıxarkən halsızlıq, əzələ ağrısı, oynaq ağrıları hətta qızdırma da yarana bilər. Dəri daxili orqanların aynasıdır prinsipi ilə yanaşdıqda təkrarlayan cinsi yaralar və oral aftlar iç orqanların o cümlədən mərkəzi sinir sistemi, mədə bağırsaq sistemi, ağ ciyərlər, oynaqlar, iri damarlar, gözlərdə vəs. orqanlarda ciddi patologiyaların yarana biləcəyinin xəbərçisi hesab edilir. Ona görə təkrarlayan ağız yaraları olan insanlar zamanında dermatoloq müayinəsinə gəlməli, diaqnozu dəqiqləşdirilməlidir. 

 

Behçet sindromunun diaqnostikası necə aparılır ?

Behçet diaqnozu dermatoloq tərəfindən kliniki müayinələrdən və laborator testlərdən sonra qoyulur.  Dəri həkimi xəstənin ağız boşluğunu müayinə edir, oral aftların sayına, yerləşməsinə, formasına fikir verir. Cinsi nahiyyəni müayinə edir ki, genital yaraları və izlərini aşkar etsin. Dermatoloqlar Behçet xəstəliyinin diaqnostikası zaman tez-tez paterji testi də istifadə edirlər. Paterji testi zamanı xəstənin qolunun iç tərəfi iynə ilə dəlinir. Testin nəticəsi dermatoloq tərəfindən oxunur, diaqnozda istifadə edilir. Bundan əlavə Behçet diaqnozunun dəqiqləşdirilməsi üçün dermatoloq xəstəni göz müayinəsi üçün oftalmoloqa da yönləndirə bilər. 

Uşaqlarda ağız yaraları olurmu ?

Bəli. Uşaqlarda Behçet xəstəliyi də yarana bilər. Buna pediatrik dermatologiyanın bir parçası kimi baxmaq olar. Behçet xəstəliyi əksərən uşaqlıq vaxtlarında təkrarlayan oral aftlar ilə özünü göstərir. Hətta bəzi uşaqlarda üstünə vaxtında düşülməz isə daxili orqanları cəlb edərək sürətli gedişat göstərə bilər. Oğlan uşaqlarında Behçet sindromu daha təhlükəli ola bilər. Ona görə uşaqlarda aftoz stomatit probleminə rast gəlinərsə zamanında dermatoloq həkimə müraciət edilməlidir. 

Behçet xəstəliyinin müalicəsi necə aparılır ?

Behçetin müalicəsi və profilaktikası erkən başlanılmalıdır. Ağız yaralarının müalicəsi erkən başlanıldığı təqdirdə xəstəliyin dərinləşərək daxili orqanlara sirayət etməsi də durdurula bilər. Bunun üçün uşaqlarda ağız yarası başlayar başlamaz dermatoloq müayinəsinə gedilməli, diaqnostikası aparılmalıdır. Ehtiyac olduğu təqdirdə dəri həkimi paterji testi edər, laborator və radioloji testlərdən xəstəni keçirdə bilər. Ola bilər ki, xəstədə oral aftoz stomatitin səbəbi Behçetə bağlı olmayan adi səbəblərdən də yaransın. Qeyd etmək lazımdır ki, hər ağız yarası, hər cinsi yara Behçet xəstəliyi mənasına gəlmir. Dermatoloq Behçet xəstəliyinin müalicəsi üçün immunosupressiv terapiyalar, qarqaralar, mərhəmlər təyin edir. Gözlərdə ağrı, qanlanma olduğu təqdirdə dermatoloq xəstəni göz həkiminə yönləndirə bilər. Daxili orqanların cəlb edilməsi təqdirdə, xəstəliyin şiddətli seyir zamanı revmatoloq həkimə yönləndirilə bilər. Bir sözlə xəstələr ümidsiz olmamalıdırlar. Behçetin müalicə üsulları ən müasir yollarla aparılır. Xəstəliyin inkişafını ləngitmək olur. Xəstələri tam normal həyata qaytarm mümkündür. Ağız yaralarından qurtulmaq mümkündür. 

 

Paylaş

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər