Trixologiya saç və baş dərisi problemlərinin səbəblərini araşdıran, diaqnozun dəqiqləşdirilməsinə və fərdiləşdirilmiş müalicə planının qurulmasına yönələn klinik istiqamətdir. Saç tökülməsi, seyrəkləşmə, kəpək, seboreyalı dermatit, ocaqlı saç tökülməsi, saç telinin qırılması və bəzi baş dərisi xəstəlikləri bu sahədə qiymətləndirilə bilər.

Saç tökülməsi tək bir diaqnoz deyil. Androgenetik alopesiya, telogen effluvium, alopecia areata, çapıqlı alopesiyalar, infeksiyalar və sistemik faktorlar eyni “saç tökülməsi” şikayəti ilə üzə çıxa bilər. Buna görə trixoloji yanaşmanın əsas məqsədi hazır məhsul seçmək yox, problemin səbəbini müəyyənləşdirməkdir.

Qısa cavab

Trixologiya saç və baş dərisi problemlərinin klinik qiymətləndirilməsi ilə əlaqəli sahədir. Trixoloji müayinə zamanı anamnez, saç və baş dərisinin baxışı, lazım olduqda trixoskopiya, laborator/mikoloji testlər və seçilmiş hallarda biopsiya istifadə edilə bilər. Müalicə isə saç tökülməsinin tipinə və səbəbinə görə seçilir.

Müəllif:
Dermatoloq Uzman Dr. Mehdi İskəndərli
Son tibbi yenilənmə: 14 oktyabr 2026

trixoloji müayinə və saç baş dərisinin qiymətləndirilməsi


Mündəricat

  1. Trixologiya nədir?
  2. Trixoloji müayinəyə nə zaman ehtiyac olur?
  3. Trixologiya hansı problemləri əhatə edir?
  4. Trixoloji müayinə necə aparılır?
  5. Trixoskopiya nədir?
  6. Trixoloji müayinədə hansı analizlər və testlər lazım ola bilər?
  7. Trixoloji müayinədən sonra müalicə necə planlanır?
  8. Nə zaman gecikmədən dermatoloqa müraciət etmək lazımdır?
  9. Trixologiya və trixoloq arasında fərq nədir?
  10. Tez-tez verilən suallar
  11. Qəbul və trixoloji müayinə

Trixologiya nədir?

Trixologiya saç və baş dərisi ilə bağlı problemlərin səbəblərini araşdıran, diaqnozun dəqiqləşdirilməsi və müalicə planının qurulmasına yönələn istiqamətdir. Praktik dermatologiyada trixoloji qiymətləndirmə saç follikulu, saç teli və baş dərisinin birlikdə dəyərləndirilməsini əhatə edir.

Trixologiya ayrıca yalnız bir xəstəliyin adı deyil. Bu sahə saç tökülmələri, baş dərisi xəstəlikləri, saç telinin struktur problemləri, qaş-kirpik-saqqal tüklərinin azalması və seçilmiş hallarda hipertrixoz kimi tüklənmə problemlərini də əhatə edə bilər.

Saç və baş dərisi xəstəliklərinin tibbi diaqnostikası dermatologiyanın bir hissəsidir. “Trixoloq” termini isə müxtəlif ölkələrdə fərqli mənalarda istifadə edilə bilər. Trixoloq kimdir və nə edir? mövzusunu ayrıca səhifədə ətraflı oxuya bilərsiniz.


Trixoloji müayinəyə nə zaman ehtiyac olur?

Saç tökülməsi və baş dərisi problemi uzun çəkirsə, sürətlə artırsa və ya ocaqlı/çapıqlı tökülmə şübhəsi varsa, dermatoloji-trixoloji qiymətləndirmə məqsədəuyğundur. İlkin müayinə problemin lokal saç xəstəliyi, baş dərisi xəstəliyi və ya sistemik faktorla əlaqəli olub-olmadığını müəyyənləşdirməyə kömək edir.

  • gündəlik saç tökülməsinin nəzərəçarpacaq dərəcədə artması;
  • saç ayırımının genişlənməsi və ya ümumi seyrəkləşmə;
  • dairəvi və ya qeyri-düzgün formalı ocaqlı saç tökülməsi;
  • baş dərisində qaşınma, qızartı, qabıqlanma, ağrı və ya pustullar;
  • saç telinin kövrəkləşməsi, qırılması və uzanmaması;
  • qaş, kirpik və saqqal tökülməsi;
  • uşaqlarda tala-tala saç tökülməsi və ya göbələk infeksiyası şübhəsi;
  • saç transplantasiyası planlanırsa, əvvəlcədən diaqnostik qiymətləndirmə.
Vacib: Saç tökülməsinin səbəbindən asılı olaraq endokrinoloji, revmatoloji, pediatrik və digər ixtisaslarla əməkdaşlıq lazım ola bilər. Trixoloji qiymətləndirmənin məqsədi hər pasiyenti yalnız bir ixtisasa yönəltmək deyil, düzgün diaqnostik yolu müəyyənləşdirməkdir.

Trixologiya hansı problemləri əhatə edir?

 

Saç tökülmələri və alopesiyalar

Alopesiya termini saç və ya tüklərin azalmasını ifadə edir. Saç tökülməsi diffuz, ocaqlı, irsi tipli, travmatik və ya çapıqlı ola bilər. Əsas klinik qruplara aşağıdakılar daxildir:

  • androgenetik alopesiya — kişi və qadın tipli irsi seyrəkləşmə;
  • telogen effluvium — xəstəlik, doğuş, stress, sürətli çəki itkisi, bəzi dərmanlar və digər faktorlarla əlaqəli diffuz tökülmə;
  • alopesiya areata — avtoimmun ocaqlı saç/tük itkisi;
  • çapıqlı alopesiyalar — follikulun qalıcı zədələnmə riski olan xəstəliklər;
  • traksiyonal alopesiya — saçın uzunmüddətli dartılması ilə əlaqəli tökülmə.

 

Baş dərisi xəstəlikləri

  • seboreyalı dermatit və kəpək;
  • baş dərisi psoriazı;
  • folikulitlər;
  • kontakt və digər iltihabi dermatitlər;
  • tinea kapitis və digər seçilmiş infeksiyalar.

Baş dərisində qabıqlanma və qaşınma uzunmüddətli olduqda səbəbin sadəcə “quru dəri” və ya “yağlı saç” kimi qəbul edilməsi düzgün olmaya bilər. Baş dərisinin ayrıca klinik qiymətləndirilməsi lazımdır.

Saç telinin struktur problemləri

Saç telinin qırılması həmişə saç kökünün xəstəliyi demək deyil. Kimyəvi prosedurlar, yüksək temperatur, dartıcı saç düzümü və bəzi genetik saç teli xəstəlikləri kövrəklik və qırılma yarada bilər.

Qaş, kirpik və saqqal problemləri

Saç xəstəlikləri yalnız baş dərisi ilə məhdudlaşmır. Alopecia areata, çapıqlı proseslər, infeksiyalar və digər xəstəliklər qaş, kirpik və saqqal tüklərində də azalma yarada bilər.

saç tökülməsi və baş dərisinin trixoloji qiymətləndirilməsi

ProblemNümunə səbəblərTrixoloji qiymətləndirmədə nə edilir?
Diffuz tökülməTelogen effluvium, androgenetik alopesiya, sistemik faktorlarAnamnez, klinik baxış, trixoskopiya, seçilmiş analizlər
Ocaqlı tökülməAlopesiya areata, tinea kapitis, trixotillomaniyaKlinik baxış, trixoskopiya, lazım olduqda mikoloji test
Qabıqlanma/qaşınmaSeboreyalı dermatit, psoriaz, kontakt dermatit, infeksiyaBaş dərisinin klinik və dermatoskopik qiymətləndirilməsi
Saç telinin qırılmasıKimyəvi/termal zədə, dartılma, struktur xəstəliklərSaç telinin və qulluq vərdişlərinin qiymətləndirilməsi

Trixoloji müayinə necə aparılır?

Məqsəd təkcə tökülməni azaltmaq deyil, səbəbi tapıb hədəfli plan qurmaqdır. Müayinə ardıcıl mərhələlərdən ibarət ola bilər.

Anamnez və klinik baxış

  • problemin nə vaxt başladığı və necə inkişaf etdiyi;
  • tökülmənin diffuz, ocaqlı və ya müəyyən nahiyədə olması;
  • ailə anamnezi və genetik meyl;
  • doğuş, kəskin xəstəlik, əməliyyat, pəhriz, stress və yeni dərmanlar;
  • saç boyası, düzləşdirici, fen və dartıcı saç düzümü;
  • baş dərisində qızartı, qabıq, iltihab, pustul və qaşınma;
  • saçın sıxlığı, paylanması və saç telinin görünüşü;
  • lazım olduqda qaş, kirpik, saqqal və digər tüklü nahiyələrin qiymətləndirilməsi.

Saç dartma testi

Saç dartma testi aktiv tökülmə barədə əlavə məlumat verə bilən sadə klinik üsuldur. Testin nəticəsi ayrıca diaqnoz qoymur və digər müayinə nəticələri ilə birlikdə şərh edilir.

Trixoskopiya nədir?

Trixoskopiya saç və baş dərisinin dermatoskop və ya trixoskop vasitəsilə böyüdülərək qiymətləndirilməsidir. Bu qeyri-invaziv müayinə saç telinin qalınlıq fərqlərini, follikulyar açılışları, qırılmış saçları, perifollikulyar dəyişiklikləri və bəzi damar/pigment strukturlarını daha aydın görməyə kömək edir.

Trixoskopiya androgenetik alopesiya ilə telogen effluviumun fərqləndirilməsinə, alopecia areata, tinea capitis və trixotillomaniya kimi ocaqlı saç tökülmələrinin qiymətləndirilməsinə, həmçinin çapıqlı və çapıqsız alopesiyaların ayrılmasına kömək edə bilər. Ətraflı məlumat üçün
dermatoskopik müayinə
haqqında məqaləyə baxa bilərsiniz.


Trixoloji müayinədə hansı analizlər və testlər lazım ola bilər?

Test seçimi şikayət və müayinə tapıntılarına görə fərdiləşdirilir. Hər saç tökülməsi olan pasiyentə eyni laborator panelin verilməsi tələb olunmur.

  • seçilmiş hallarda qan analizləri — məsələn dəmir statusu, qalxanabənzər vəz göstəriciləri və klinikaya uyğun digər testlər;
  • göbələk infeksiyası şübhəsində mikoloji müayinə;
  • iltihabi/avtoimmun proses şübhəsində əlavə laborator qiymətləndirmə;
  • diaqnoz qeyri-müəyyən qaldıqda və ya çapıqlı alopesiya şübhəsində baş dərisi biopsiyası.

Trixoloji qiymətləndirmənin məntiqi

Şikayət → anamnez → klinik baxış → lazım olduqda trixoskopiya və testlər → diaqnoz → səbəbə uyğun müalicə → izləmə


Trixoloji müayinədən sonra müalicə necə planlanır?

Əsas prinsip: müalicə saç tökülməsinin tipi, səbəbi, mərhələsi və pasiyentin klinik xüsusiyyətlərinə görə fərdiləşdirilir. Eyni “saç tökülməsi” şikayəti olan iki pasiyentin müalicəsi eyni olmaya bilər.

Müalicə planına diaqnoza uyğun topikal və ya sistemik preparatlar, baş dərisi xəstəliyinin müalicəsi, seçilmiş qida çatışmazlığının korreksiyası, düzgün saç baxımı və bəzi hallarda prosedural yanaşmalar daxil ola bilər. PRP, mezoterapiya və digər prosedurlar diaqnostikanın yerini tutmamalıdır və yalnız uyğun indikasiya olduqda nəzərdən keçirilməlidir.

Saç transplantasiyası da hər saç tökülməsində uyğun deyil. Donor sahə, saç tökülməsinin tipi və stabilliyi, aktiv iltihabi/çapıqlı xəstəliyin olub-olmaması əvvəlcədən qiymətləndirilməlidir.

Saç tökülməsinin səbəbləri və müalicə üsulları haqqında daha geniş məlumat saç tökülməsi məqaləsində verilib. Bu səhifədə isə əsas məqsəd trixologiya və trixoloji müayinənin necə aparıldığını izah etməkdir.

trixoloji müayinədən sonra saç tökülməsi müalicəsinin planlanması


Nə zaman gecikmədən dermatoloqa müraciət etmək lazımdır?

  • qısa müddətdə sürətlə artan və ya genişlənən saç tökülməsi;
  • dairəvi/ocaqlı saçsız sahələrin yaranması;
  • baş dərisində ağrı, yanma, irinli səpgilər və yayılmış iltihab;
  • çapıqlanma şübhəsi — parlaq hamar sahələr və follikulyar açılışların itməsi;
  • qaş, kirpik və saqqalda eyni vaxtda sürətli tökülmə;
  • uşaqlarda tala-tala tökülmə, qabıqlanma və ya tinea capitis şübhəsi.

Xüsusilə çapıqlı alopesiyalarda erkən diaqnostika vacibdir. Artıq daimi zədələnmiş follikulların bərpası mümkün olmaya bilər; məqsəd aktiv prosesi vaxtında müəyyənləşdirmək və əlavə follikul itkisini məhdudlaşdırmaqdır.


Trixologiya və trixoloq arasında fərq nədir?

Trixologiya sahənin adıdır; trixoloq isə saç və baş dərisi problemləri ilə məşğul olan mütəxəssis üçün işlədilən termindir. “Trixoloq” anlayışının hüquqi və peşəkar mənası ölkədən ölkəyə dəyişə bilər. Tibbi diaqnoz, reseptlə müalicə və tibbi prosedurlar üçün həkim qiymətləndirməsi tələb olunur.

Bu səhifə “trixologiya” və “trixoloji müayinə” mövzusuna fokuslanır. Trixoloqun kim olduğu, hansı problemlərə baxdığı və Bakıda mütəxəssis seçərkən nələrə diqqət edilməli olduğu barədə ayrıca saytımızdakı trixoloq kimdir? məqaləsinə baxın.

 

Trixologiya haqqında tez-tez verilən suallar


Trixologiya nədir?

Trixologiya saç və baş dərisi problemlərinin səbəbini araşdıran, diaqnozun dəqiqləşdirilməsinə və müalicə planının qurulmasına yönələn klinik istiqamətdir.

Trixoloji müayinə ağrılıdırmı?

Əksər trixoloji qiymətləndirmə üsulları ağrısızdır. Kliniki baxış və trixoskopiya qeyri-invazivdir. Biopsiya kimi invaziv testlər yalnız seçilmiş hallarda və yerli keyitmə ilə aparılır.

Trixoskopiya ilə hər saç tökülməsinin səbəbi müəyyən olunurmu?

Xeyr. Trixoskopiya çox faydalı diaqnostik vasitədir, lakin anamnez və klinik müayinənin yerini tutmur. Bəzi hallarda laborator test, mikoloji müayinə və ya biopsiya lazım ola bilər.

Saç tökülməsi həmişə vitamin çatışmazlığındandır?

Xeyr. Genetik meyl, telogen effluvium, avtoimmun xəstəliklər, baş dərisi xəstəlikləri, infeksiyalar, hormonal və digər sistemik faktorlar da saç tökülməsinə səbəb ola bilər.

PRP hər saç tökülməsində effektivdirmi?

Xeyr. PRP-nin uyğunluğu diaqnozdan və pasiyentin klinik vəziyyətindən asılıdır. Prosedur əsas diaqnostikanın və səbəbə yönəlmiş müalicənin alternativi deyil.

Saç transplantasiyasına hər kəs uyğundurmu?

Xeyr. Donor sahənin vəziyyəti, saç tökülməsinin səbəbi və stabilliyi, aktiv çapıqlı/iltihabi proseslərin olub-olmaması əvvəlcədən qiymətləndirilməlidir.

Ocaqlı saç tökülməsi yoluxucudurmu?

Alopecia areata yoluxucu deyil. Ancaq tinea capitis kimi bəzi göbələk infeksiyaları yoluxucu ola bilər. Klinik görünüş oxşar ola bildiyi üçün diaqnoz vacibdir.

Uşaqlarda saç tökülməsində göbələk testi lazım olurmu?

Tinea capitis uşaqlarda ocaqlı saç tökülməsinin vacib səbəblərindən biridir. Qabıqlanma, qırılmış saçlar və uyğun klinik görünüş olduqda mikoloji müayinə tələb oluna bilər.


Elmi mənbələr


Qəbul və trixoloji müayinə

Saç tökülməsi və baş dərisi problemlərində ilk məqsəd düzgün diaqnozdur. Klinik müayinə və lazım olduqda trixoskopiya nəticələrinə əsasən fərdi diaqnostik və müalicə planı qurula bilər.

Saç tökülməsi və baş dərisi probleminiz var?

Saç tökülməsinin səbəbini müəyyənləşdirmək, baş dərisini qiymətləndirmək və ehtiyac olduqda trixoskopiya müayinəsi aparmaq üçün dermatoloq müayinəsinə müraciət edə bilərsiniz.

Dermatoloq konsultasiyası və qəbul məlumatları

Qeyd: Bu məqalə maarifləndirici məqsədlidir və fərdi həkim müayinəsini əvəz etmir.


Trixologiya
 
 
Uzman dermatoloq qəbuluna düşün

TRİXOLOGİYA İLƏ BAĞLI DAHA ÇOX ÖYRƏN