Dəri xərçəngi dərinin hüceyrələrindən inkişaf edən bədxassəli şişlərin ümumi adıdır. Ən çox rast gəlinən növlər
bazal hüceyrəli karsinoma
(BCC), yastı hüceyrəli karsinoma (SCC) və melanoma-dır. Erkən aşkarlanan dəri xərçənglərinin bir çoxunda müalicə nəticələri çox yaxşıdır.
Dəri xərçəngi həmişə qara xal şəklində görünmür. Sağalmayan yara, təkrar qanayan qabıq, mirvarı kimi parlaq düyün, qabıqlı və sərt sahə və ya əvvəllər olmayan, zamanla dəyişən piqmentli ləkə də dəri xərçənginin əlaməti ola bilər.
Qısa cavab
Dəri xərçənginin üç əsas forması bazal hüceyrəli karsinoma, yastı hüceyrəli karsinoma və melanoma-dır. BCC və SCC daha çox günəş görən sahələrdə meydana çıxır. Melanoma isə yeni yaranan və ya dəyişən xal və piqmentli ləkə kimi görünə bilər. Dəqiq diaqnoz klinik müayinə və dermatoskopiya ilə başlanır; şübhəli törəmədə histopatoloji təsdiq üçün biopsiya aparılır.
Dəri xərçənginin 7 erkən xəbərdarlıq əlaməti
- 2–4 həftə ərzində sağalmayan və ya təkrar açılan yara;
- asanlıqla qanayan və təkrar qabıq bağlayan törəmə;
- getdikcə böyüyən yeni düyün və ya ləkə;
- mirvarı kimi parlaq və üzərində incə damarlar görünən törəmə;
- kobud, qabıqlı və ya sərtləşmiş dəri sahəsi;
- digər xallardan fərqli görünən yeni piqmentli ləkə;
- xalın rəng, forma, ölçü və ya səthinin zamanla dəyişməsi.
Müəllif:
Dermatoloq Uzman Dr. Mehdi İskəndərli
Son tibbi yenilənmə: 11 oktyabr 2026
Dəri xərçəngi nədir?
Dəri xərçəngi dərinin müxtəlif hüceyrələrindən inkişaf edə bilər. Bazal hüceyrələrdən BCC, keratinositlərdən SCC, melanin istehsal edən melanositlərdən isə melanoma inkişaf edir.
Dəri xərçəngləri xüsusilə uzunmüddətli ultrabənövşəyi şüalanmaya məruz qalan üz, qulaq, boyun, baş dərisi və əl üstü kimi nahiyələrdə daha çox görülür. Bununla belə melanoma günəş görməyən nahiyələrdə də yarana bilər.
- Melanoma olmayan dəri xərçəngləri: əsasən BCC və SCC-dir və dəri xərçənglərinin ən çox rast gəlinən formalarını təşkil edir.
- Melanoma: daha az rast gəlinir, lakin invaziya və metastaz potensialı BCC-dən və əksər SCC-lərdən daha yüksəkdir.
Dəri xərçəngi növləri: BCC, SCC və melanoma arasındakı fərq
Dəri xərçəngi tək bir xəstəlik deyil. BCC, SCC və melanoma bioloji davranış, klinik görünüş və metastaz riski baxımından fərqlənir.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Xüsusiyyət | BCC | SCC | Melanoma |
|---|---|---|---|
| Tipik görünüş | Parlaq/mirvarı düyün, telangiektaziya, sağalmayan yara | Qabıqlı, sərt, hiperkeratotik lövhə və ya yara | Yeni və ya dəyişən piqmentli ləkə/xal |
| Tez-tez yerləşmə | Üz, burun, qulaq, baş-boyun | Günəş görən sahələr | Bədənin istənilən sahəsi |
| Böyümə | Adətən yavaş | BCC-dən daha aqressiv ola bilər | Bəzi melanomalar sürətlə inkişaf edə bilər |
| Metastaz | Çox nadir | Seçilmiş yüksək riskli hallarda mümkündür | Əsas klinik risklərdən biridir |
| Əsas yanaşma | Cərrahiyyə/Mohs və seçilmiş lokal üsullar | Cərrahiyyə/Mohs, riskə görə əlavə müalicə | Mərhələyə uyğun eksiziya və lazım olduqda sistem terapiyası |
1. Bazal hüceyrəli karsinoma – BCC
- Görünüş: mirvarı kimi parlaq düyün, incə damarlar, mərkəzdə yara və təkrar qabıqlanma.
- Yerləşmə: xüsusilə üz, burun, yanaq, qulaq və alın.
- Davranış: adətən yavaş böyüyür və metastaz çox nadirdir, lakin gecikdikdə ətraf toxumaları lokal olaraq dağıda bilər.
2. Yastı hüceyrəli karsinoma – SCC
- Görünüş: qabıqlı, sərt və qalınlaşmış lövhə, sağalmayan yara və ya keratotik törəmə.
- Davranış: BCC-dən daha aqressiv ola bilər və yüksək riskli SCC-lərdə limfa düyünlərinə yayılma mümkündür.
- Əlaqəli lezyon: aktinik keratoz bəzi hallarda SCC-yə proqressiya edə bilən prekursor lezyondur.
3. Melanoma
- Görünüş: yeni yaranan tünd ləkə və ya mövcud xalın forma, rəng və ölçüsünün dəyişməsi.
- Risk: dəri xərçəngləri arasında metastaz potensialı yüksək olan əsas formalardandır.
- Yerləşmə: həm günəş görən, həm də günəş görməyən nahiyələrdə yarana bilər.
4. Digər nadir dəri xərçəngləri
Merkel hüceyrəli karsinoma, dermatofibrosarkoma protuberans, Kaposi sarkoması və digər nadir bədxassəli dəri şişləri ayrıca diaqnostik və müalicə yanaşması tələb edir.
Dəri xərçəngi nədən yaranır?
Ultrabənövşəyi şüalanma
UVA və UVB şüalarının yaratdığı kumulyativ DNA zədələnməsi xüsusilə BCC və SCC üçün əsas risk faktorlarından biridir. Təkrarlanan intensiv günəş yanığı melanoma riskinə də təsir göstərə bilər.
Dəri xərçəngi üçün risk faktorları
- açıq dəri fototipi, çillər, açıq göz və saç rəngi;
- uzunmüddətli və ya intensiv UV ekspozisiyası;
- solarium istifadəsi;
- çoxsaylı və ya atipik nevuslar;
- ailədə melanoma tarixçəsi;
- əvvəllər BCC, SCC və ya melanoma diaqnozu;
- orqan transplantasiyası və digər immunosupressiv vəziyyətlər;
- xroniki günəş zədəsi və aktinik keratoz;
- müəyyən genetik sindromlar və fərdi risk faktorları.
Praktik məsləhət: yüksək risk qrupundasınızsa, dermatoloji müayinələrin intervalı fərdi riskinizə əsasən müəyyən edilməlidir. Bu məqsədlə
onkodermatoloq
müayinəsi planlaşdırıla bilər.
Dəri xərçəngi əlamətləri hansılardır?
Dəri xərçənginin görünüşü növündən asılıdır. Bütün dəri xərçəngləri qara rəngli olmur və bütün şübhəli törəmələr xal şəklində başlamır.
Melanoma üçün ABCDE qaydası
- A – Asymmetry / Asimmetriya: lezyonun bir yarısı digərinə bənzəmir.
- B – Border / Kənar: sərhədlər qeyri-müntəzəm, dişli və ya qeyri-dəqiqdir.
- C – Color / Rəng: eyni lezyonda müxtəlif qəhvəyi, qara, boz, qırmızı, ağ və ya mavi tonlar görünə bilər.
- D – Diameter / Diametr: melanoma 6 mm-dən böyük ola bilər, lakin daha kiçik melanoma da mümkündür.
- E – Evolution / Dəyişiklik: forma, ölçü, rəng və ya simptomların zamanla dəyişməsi xüsusilə vacib əlamətdir.
“Çirkin ördək” əlaməti
Bir insanın xallarının əksəriyyəti bir-birinə bənzəyirsə, onlardan aydın şəkildə fərqlənən bir xal və ya piqmentli lezyon daha diqqətli qiymətləndirilməlidir.
BCC və SCC üçün tipik xəbərdarlıq əlamətləri
- uzun müddət sağalmayan və ya təkrar açılan yara;
- təkrar qanama və qabıqlanma;
- mirvarı kimi parlaq düyün və telangiektaziyalar;
- kobud, sərt və qalınlaşmış lövhə;
- tez böyüyən keratotik düyün;
- çapıq kimi görünən, lakin əvvəl travma olmayan sahə.
Xalın sürətlə böyüməsi, kənarlarının qeyri-müntəzəm olması, qanaması, açıq yara əmələ gətirməsi, rənginin dəyişməsi, qaşınması və digər xallardan fərqli görünməsi şübhə yarada bilər. Həmçinin
dırnaqda qaralma
melanoma daxil olmaqla müxtəlif səbəblərlə əlaqəli ola bilər.
Bu əlamətlərin hər hansı birinin olması avtomatik olaraq xərçəng diaqnozu demək deyil. Diaqnoz klinik, dermatoskopik və lazım gəldikdə histopatoloji qiymətləndirmədən sonra qoyulur.
Qızıl qayda: sağalmayan və dəyişən lezyonu aylarla “səpgidir, keçər” deyərək gözlətməyin. Erkən diaqnoz daha kiçik cərrahi müdaxilə və daha yaxşı funksional və estetik nəticə verə bilər.
Dəri xərçəngi necə yaranır və necə yayıla bilər?
Bütün dəri xərçəngləri eyni bioloji yolla inkişaf etməsə də proses sadələşdirilmiş şəkildə belə izah edilə bilər:
- Genetik/DNA zədələnməsi – UV və digər risk faktorları hüceyrələrdə mutasiyaların toplanmasına səbəb ola bilər.
- Hüceyrə böyüməsinə nəzarətin itməsi – dəyişilmiş hüceyrələr klonal olaraq çoxalmağa başlayır.
- Lokal şiş – erkən mərhələdə yalnız dəridə məhdud ola bilər.
- İnvaziya – bəzi xərçənglər daha dərin toxumalara keçir.
- Metastaz – müəyyən SCC-lər və xüsusilə melanoma limfa düyünlərinə və uzaq orqanlara yayıla bilər.
BCC-də uzaq metastaz çox nadirdir, lakin müalicə edilmədikdə lokal toxuma destruksiyası yarada bilər.
Üzdə dəri xərçəngi necə görünür?
Üz, burun, qulaq və alın günəş şüalarına daha çox məruz qaldığı üçün BCC və SCC bu nahiyələrdə tez-tez yaranır.
Üzdə hansı lezyonlardan şübhələnmək lazımdır?
- burun kənarında təkrar qanayan və qabıq bağlayan yara;
- yanaqda parlaq və ya mirvarı görünüşlü düyün;
- qulaqda sağalmayan yara və ya sərt qabıq;
- üzdə çapıq kimi görünən, lakin əvvəl travma olmayan sahə;
- yeni yaranan və dəyişən
tünd qəhvəyi ləkə.
Üz nahiyəsində erkən diaqnoz yalnız onkoloji baxımdan deyil, gələcək cərrahi müdaxilənin ölçüsü və estetik nəticə baxımından da əhəmiyyətlidir.
Dəri xərçəngi şəkilləri: nələrə diqqət edilməlidir?
Google-da və sosial şəbəkələrdə dəri xərçəngi şəkillərinə baxmaq faydalı maarifləndirici vasitə ola bilər, lakin tək foto əsasında özünüzə diaqnoz qoymaq düzgün deyil. Eyni xərçəng növü müxtəlif insanlarda fərqli görünə bilər və xoşxassəli törəmələr də bəzən xərçəngi təqlid edə bilər.
Melanoma şəkillərində diqqət edilən xüsusiyyətlər
- asimmetrik forma;
- qeyri-bərabər sərhəd;
- bir lezyonda bir neçə rəng;
- digər xallardan fərqli görünüş;
- zamanla dəyişiklik.
BCC şəkillərində diqqət edilən xüsusiyyətlər
- mirvarı parıltı;
- incə damarlar – telangiektaziyalar;
- mərkəzi çökəklik və ya yara;
- təkrar qanama və qabıqlanma.
SCC şəkillərində diqqət edilən xüsusiyyətlər
- kobud və qabıqlı səth;
- sərt və qalınlaşmış törəmə;
- sağalmayan ülser;
- keratotik və ya ziyilə bənzər düyün.
Foto ilə özünü izləmə: eyni işıqlandırma, eyni məsafə və mümkün olduqda ölçü orientiri ilə periodik foto çəkmək dəyişiklikləri görməyə kömək edə bilər. Yeni və ya dəyişən lezyonda dermatoskopik müayinə daha etibarlı qiymətləndirmə verir.
Dəri xərçənginin diaqnozu necə qoyulur?
1. Klinik müayinə
Dermatoloq lezyonun yaranma müddətini, dəyişiklik tarixini, formasını, sərhədini, rəngini, səthini, qanama və ülserləşmə kimi xüsusiyyətlərini qiymətləndirir.
2. Dermatoskopiya
Dermatoskopiya
çılpaq gözlə görünməyən piqment və damar strukturlarını qiymətləndirməyə imkan verir və lezyonun şübhə səviyyəsinin müəyyən edilməsinə kömək edir.
3. Dəri biopsiyası və histopatologiya
Dəri xərçəngindən şübhələnilən lezyonda
dəri biopsiyası
və histopatoloji müayinə diaqnozun təsdiqində əsas üsuldur. Biopsiyanın punch, insizional və ya eksizional formada aparılması lezyonun klinik tipinə və yerləşməsinə görə seçilir.
Biopsiya bəzən insanlar arasında yanlış olaraq “dəri əkilməsi” kimi adlandırılır. Əslində biopsiya dəri toxumasından histoloji müayinə üçün nümunə götürülməsidir.
4. Mərhələləndirmə
Təsdiqlənmiş melanoma və yüksək riskli və ya inkişaf etmiş SCC zamanı klinik vəziyyətə görə limfa düyünlərinin qiymətləndirilməsi və əlavə görüntüləmə müayinələri lazım ola bilər.
Dermatoonkoloq nəyi qiymətləndirir?
Dərinin bədxassəli törəmələrinin diaqnostikası və differensial diaqnozu dermatoloq və ya dəri şişləri üzrə çalışan
dermatoonkoloq
tərəfindən aparıla bilər. Kliniki və dermatoskopik qiymətləndirmədən sonra şübhəli lezyondan histopatoloji müayinə üçün nümunə götürülməsi qərarı verilir.
Dəri xərçənginin müalicəsi necə aparılır?
Dəri xərçənginin müalicəsi xərçəngin növündən, histoloji xüsusiyyətlərindən, ölçüsündən, dərinliyindən, yerləşdiyi nahiyədən, mərhələsindən və xəstənin ümumi vəziyyətindən asılıdır.
Ümumi yanaşma:
şübhəli lezyon → klinik/dermatoskopik qiymətləndirmə → uyğun biopsiya → histopatoloji nəticə → lazım olduqda mərhələləndirmə → fərdi müalicə planı
1. Cərrahi eksiziya
Bir çox BCC və SCC-də, həmçinin lokal melanoma hallarında cərrahi çıxarılma əsas müalicə üsullarından biridir. Cərrahi sərhəd xərçəngin növünə və risk xüsusiyyətlərinə əsasən müəyyən edilir.
2. Mohs mikroqrafik cərrahiyyə
Mohs cərrahiyyəsi xüsusilə seçilmiş yüksək riskli BCC və SCC-lərdə, üz kimi toxuma qorunmasının mühüm olduğu sahələrdə, residiv şişlərdə və sərhədləri qeyri-dəqiq lezyonlarda istifadə edilə bilər.
3. Seçilmiş lokal müalicələr
Səthi və aşağı riskli müəyyən lezyonlarda diaqnoz və histoloji tipə uyğun olaraq topikal preparatlar, fotodinamik terapiya,
krioterapiya
və digər lokal üsullar seçilə bilər. Bu üsullar hər dəri xərçəngi üçün uyğun deyil.
4. Şüa terapiyası
Cərrahiyyənin uyğun olmadığı və ya əlavə müalicə tələb olunan seçilmiş hallarda radioterapiya planlaşdırıla bilər.
5. İmmunoterapiya və hədəflənmiş müalicə
İrəliləmiş və ya metastatik melanoma, SCC və bəzi digər dəri xərçənglərində xərçəngin növünə, mərhələsinə və molekulyar xüsusiyyətlərinə uyğun sistem müalicəsi istifadə edilə bilər.
- immunoterapiya;
- hədəflənmiş terapiya;
- seçilmiş hallarda digər sistem onkoloji müalicələr.
Dəri xərçəngi sağalırmı?
Bəli. Bir çox dəri xərçəngi, xüsusilə erkən mərhələdə aşkar olunan BCC, SCC və lokal melanoma yüksək müalicə şansına malikdir. Lakin proqnoz xərçəngin növündən, mərhələsindən, histoloji risk xüsusiyyətlərindən və yayılıb-yayılmamasından asılıdır.
Bu səbəbdən dəridə yeni yaranan, dəyişən, qanayan və ya sağalmayan törəməyə biganə qalmaq düzgün deyil. Erkən diaqnoz daha sadə və daha kiçik həcmli müalicə imkanını artıra bilər.
Şübhəli dəri törəməsinə ev şəraitində nə etmək olmaz?
- Turşu və ya “ziyil dərmanı” ilə yandırmaq: şübhəli törəmənin strukturunu dəyişdirə və diaqnostikanı gecikdirə bilər.
- Həkim göstərişi olmadan uzunmüddətli steroid krem istifadə etmək: klinik görünüşü maskalaya bilər.
- Törəməni qoparmaq və ya travmatizasiya etmək: qanama və infeksiyaya səbəb ola bilər.
- Aylarla müşahidə edib dəyişiklikləri nəzərə almamaq: xüsusilə böyüyən və sağalmayan lezyonlarda diaqnostik gecikmə yarada bilər.
Dəri xərçəngindən necə qorunmaq olar?
Günəşdən qorunma
- geniş spektrli SPF 30–50+ günəşdən qoruyucu istifadə etmək;
- uzunmüddətli birbaşa günəş ekspozisiyasını azaltmaq;
- şapka və qoruyucu geyimlərdən istifadə etmək;
- solariumdan uzaq durmaq;
- günəşdən qoruyucunu kifayət qədər və lazım olduqda təkrar tətbiq etmək.
Dərini müntəzəm yoxlamaq
Dərinizdə əvvəllər olmayan törəmələri və mövcud xalların dəyişikliklərini tanımaq erkən diaqnoza kömək edə bilər. Özünü yoxlama zamanı:
- üz, qulaq, boyun və baş dərisi;
- sinə, qarın və kürək;
- qoltuqaltı, qollar və əllər;
- ayaqlar, daban və barmaq araları;
- dırnaqlar və görünməsi çətin nahiyələr
yoxlanıla bilər.
Dəri xərçəngi riski yüksək olan şəxslərdə dermatoloji müayinə intervalı fərdi risk profilinə əsasən müəyyən edilməlidir. Günəşdən qoruyucu seçimi üçün
dəri tipi
də nəzərə alına bilər.
Uşaqlarda dəri xərçəngi olurmu?
Uşaqlarda dəri xərçəngi böyüklərlə müqayisədə nadirdir və uşaqlarda müşahidə olunan dəri törəmələrinin böyük hissəsi xoşxassəlidir. Buna baxmayaraq sürətlə dəyişən, qanayan, ülserləşən və ya klinik olaraq atipik piqmentli lezyonlar qiymətləndirilməlidir.
Uşaqlarda risk hansı hallarda arta bilər?
- uzunmüddətli immunosupressiya və transplantasiya;
- müəyyən irsi və genetik sindromlar;
- ailədə melanoma tarixçəsi;
- çoxsaylı və ya atipik nevuslar;
- böyük/giant anadangəlmə melanocitik nevuslar;
- güclü və təkrarlanan UV ekspozisiyası.
Uşaqlardakı qəhvəyi ləkələrin böyük hissəsi dəri xərçəngi deyil. Café-au-lait makulaları və digər pediatrik piqmentasiya səbəbləri haqqında ayrıca
uşaqlarda qəhvəyi ləkələr
məqaləsinə baxa bilərsiniz.
Dəri xərçəngi haqqında tez-tez verilən suallar
Dəri xərçəngi nədir?
Dəri xərçəngi dərinin hüceyrələrindən inkişaf edən bədxassəli şişlərin ümumi adıdır. Ən çox rast gəlinən növlər BCC, SCC və melanoma-dır.
Dəri xərçənginin ilk əlaməti nə ola bilər?
Sağalmayan yara, təkrar qanayan qabıq, böyüyən düyün, yeni piqmentli ləkə və ya mövcud xalın dəyişməsi ilk xəbərdarlıq əlamətlərindən ola bilər.
Dəri xərçəngi qaşınırmı?
Bəzi dəri xərçəngləri qaşına və ya ağrıya bilər, digərləri isə heç bir simptom yaratmaya bilər. Qaşınma təkbaşına xərçəng diaqnozu demək deyil.
Dəri xərçəngi qanayırmı?
Bəli, bəzi BCC, SCC və melanoma lezyonları travma olmadan və ya minimal toxunma ilə qanaya bilər. Təkrar qanama qiymətləndirilməlidir.
Dəri xərçəngi yoluxucudurmu?
Xeyr. Dəri xərçəngi insandan insana yoluxmur.
Üzdə dəri xərçəngi daha çox olurmu?
Üz günəş şüalarına çox məruz qaldığı üçün xüsusilə BCC və SCC baş-boyun nahiyəsində tez-tez rast gəlinir.
Dəri xərçəngi şəkillərinə baxaraq diaqnoz qoymaq olarmı?
Xeyr. Foto yalnız şübhə yaratmağa kömək edə bilər. Dəqiq qiymətləndirmə üçün klinik müayinə, dermatoskopiya və göstəriş olduqda histopatoloji müayinə lazımdır.
Dəri xərçənginin müalicəsi varmı?
Bəli. Erkən mərhələdə aşkarlanan bir çox dəri xərçəngi yüksək müalicə şansına malikdir. Müalicə xərçəngin növünə və mərhələsinə görə cərrahiyyə, Mohs, lokal terapiya, radioterapiya, immunoterapiya və ya hədəflənmiş terapiyanı əhatə edə bilər.
Dəri biopsiyası xərçəngi yayırmı?
Dəri biopsiyası şübhəli lezyonun histopatoloji diaqnostikası üçün standart prosedurlardan biridir və düzgün indikasiya və texnika ilə aparıldıqda xərçəngin “yayılmasına” səbəb olan prosedur hesab edilmir.
Nəticə
Dəri xərçəngi erkən mərhələdə görünən və buna görə vaxtında aşkarlanması mümkün olan xərçəng qruplarından biridir. BCC, SCC və melanoma müxtəlif şəkildə görünə bilər. Buna görə yalnız “qara xal” axtarmaq kifayət deyil.
Sağalmayan yara, təkrar qanayan törəmə, yeni düyün və ya zamanla dəyişən xal dermatoloji qiymətləndirmə üçün əsas ola bilər. Şübhəli lezyonun klinik və dermatoskopik müayinəsi, lazım gəldikdə biopsiya və histopatoloji analiz düzgün diaqnozun əsasını təşkil edir.
Dərinizdə sağalmayan və ya dəyişən törəmə varmı?
Şübhəli xal və dəri törəmələrinin klinik və dermatoskopik qiymətləndirilməsi erkən diaqnoza kömək edə bilər.

















