Ayaqda qaşınma – səbəbləri, əlamətləri, müalicəsi və nə vaxt dermatoloqa müraciət etməli?
Ayaqda qaşınma çox vaxt sadə dəri quruluğu, tərləmə, dar ayaqqabı və ya göbələk infeksiyası ilə bağlı olur. Lakin bəzən bu şikayət ekzema, kontakt dermatit, qoturluq, allergiya, psoriaz kimi dəri xəstəlikləri ucbatından yaranır. Sistemi xəstəliklərinin də rolu ola bilər. Qaşınmanın səbəbini düzgün müəyyən etmək üçün onun harada başladığı, gecə artıb-artmadığı, qızartı, qabar, qabıqlanma, çat, sulanma və ya pis qoxu ilə birlikdə olub-olmadığı vacibdir.
Ayaqda qaşınma ən çox göbələk infeksiyası, dəri quruluğu, ekzema, allergik kontakt dermatit, qoturluq kimi dəri xəstəlikləri və tərləmə ilə əlaqəli olur. Qaşınma uzun çəkirsə, gecə artırsa, əldə və ayaqda birlikdədirsə, hamiləlikdə ovuc və dabanlarda başlayırsa və ya qızartı, qabar, yara, şişkinlik, irin, sarılıq, halsızlıq kimi əlamətlərlə gedirsə, dermatoloq müayinəsi vacibdir.
Ayaqda qaşınma nədir?
Ayaqda qaşınma dəridəki sinir uclarının qıcıqlanması nəticəsində yaranan və insanı qaşımağa məcbur edən narahatlıq hissidir.
Bu hiss barmaq aralarında, dabanlarda, topuqda, baldırda və ya bütün ayaqda ola bilər. Bəzi insanlarda qaşınma yalnız axşam və gecə saatlarında artır, bəzilərində isə gün boyu davam edir.
Qaşınma təkbaşına diaqnoz deyil; əsas səbəbi tapmaq lazımdır. Məsələn, barmaq aralarında qaşınma və qabıqlanma daha çox göbələk infeksiyasını düşündürür. Daban və topuqda quruluq, çat və qabıqlanma dəri baryerinin zəifləməsi ilə əlaqəli ola bilər.
Gecə güclənən, ailədə başqa şəxslərdə də olan qaşınma qoturluq ehtimalını artırır.
Ayaqda qaşınma səbəbləri
Dəri xəstələri klinikaa tez-tez “ayaqda qasinma sebebleri”, “ayaqda qaşıntı”, “ayaqda qızartı”, “ayaqda qabar” kimi suallar verir və cavab axtarışında olurlar. Bu cür problemlərdə qaşınma yalnız deyil, yanaşı çox vaxt səpgi, qızartı, qabar və ümumi diskomfort ilə birlikdə olur.
Ən çox rast gəlinən səbəblər
- Ayaq göbələyi: barmaq aralarında qaşınma, ağarma, soyulma, çatlama, bəzən pis qoxu.
- Dəri quruluğu: xüsusilə qışda, tez-tez isti su ilə yuyunma və sabun istifadəsindən sonra.
- Ekzema və atopik dermatit: qaşınma, qızartı, qabıqlanma, çatlama və təkrarlayan alovlanma.
- Kontakt dermatit: ayaqqabı materialı, corab boyası, yuyucu toz, dezinfeksiyaedici və kosmetik vasitələrə qarşı reaksiya.
- Qoturluq: gecələr artan qaşınma, ailə üzvlərində oxşar şikayət, əl barmaqları arasında və biləkdə səpgilər.
- Psoriaz: qalın qabıqlı, sərhədləri seçilən qızartılı sahələr; daban və ovucda çatlarla gedə bilər.
- Şəkərli diabet: dəri quruluğu, göbələyə meyillilik, sinir zədələnməsi və yaraların gec sağalması.
- Qaraciyər və öd yolları problemləri: xüsusilə ovuc və dabanlarda qaşınma, sarılıq, tünd sidik, halsızlıq varsa.
- Böyrək xəstəlikləri: yayılmış qaşınma, dəri quruluğu və ümumi zəifliklə müşayiət oluna bilər.
- Dərman reaksiyaları: antibiotiklər, ağrıkəsicilər, bəzi təzyiq, diabet və digər dərmanlar qaşınma yarada bilər.
| Əlamət | Daha çox düşündürən səbəb | Nə etmək lazımdır? |
|---|---|---|
| Barmaq aralarında qaşınma, ağarma, soyulma | Ayaq göbələyi | Dermatoloji baxış, lazım olsa göbələk analizi |
| Gecə artan qaşınma, ailədə oxşar şikayət | Qoturluq | Dəri həkimi müayinəsi, təmaslıların qiymətləndirilməsi |
| Qızartı, qabar, yanma | Allergik kontakt dermatit | Yeni ayaqqabı, corab, krem və yuyucu vasitəni araşdırmaq |
| Ovuc və dabanlarda qaşınma, hamiləliyin son ayları | Hamiləlik xolestazı ehtimalı | Dermatoloq laborator müayinə aparır |
| Çat, qabıqlanma, quru dəri | Kseroz, ekzema, psoriaz | Nəmləndirici, dermatoloq qiymətləndirməsi |
Ayaq göbələyi və barmaq arası qaşınma
Ayaqda qaşınmanın ən praktik səbəblərindən biri tinea pedis, yəni ayaq göbələyidir. Xəstəlik çox vaxt barmaq aralarında başlayır. Dəri ağarır, yumşalır, soyulur, qaşınır və çatlayır. Bəzən dabanaltı və ayağın yan hissələrində quru, qabıqlı görünüş olur.
Ayaq göbələyində tipik əlamətlər
- Barmaq aralarında qaşınma və yanma
- Dərinin ağarması, nəmlənməsi və soyulması
- Çatlar və ağrı
- Pis qoxu
- Dabanda çatlar və ayaq kənarlarında qabıqlanma
- Dırnaq göbələyi ilə birlikdə qalınlaşmış, saralmış dırnaqlar
Burada vacib məqam odur ki, göbələk olan sahəyə özbaşına kortizonlu maz çəkmək qaşınmanı müvəqqəti azalda bilər,
amma infeksiyanı gizlədib daha da yayılmasına səbəb ola bilər. Ona görə “ayaqda qaşınma üçün maz” seçimi səbəbə görə edilməlidir.
Dəri quruluğu, ekzema və kontakt dermatit
Dəri baryeri zəiflədikdə su itkisi artır, dəri quruyur və qaşınma başlayır. Bu hal xüsusilə soyuq havada, isti su ilə çox yuyunanda,
sərt sabunlardan istifadə etdikdə və yaşlı insanlarda daha çox görülür.
Ekzema zamanı ayaqda qaşıntı
Ekzema zamanı qaşınma ilə yanaşı qızartı, qabıqlanma, çatlama və bəzən sulanma ola bilər. Ayağın üst hissəsində, topuq ətrafında və baldırda təkrarlayan qaşınma ekzemanı düşündürə bilər.
Kontakt dermatit: ayaqqabı və corab allergiyası
Yeni ayaqqabıdan, rezin, yapışqan, dəri boyası, corab materialı və yuyucu tozdan sonra başlayan qaşınma kontakt dermatit ola bilər.
Bu zaman qaşınma çox vaxt həmin materialın dəriyə toxunduğu sahədə olur.
Qoturluq: gecə artan ayaqda qaşınma
Qoturluq yoluxucu parazitar dəri xəstəliyidir və güclü qaşınma ilə gedir. Qaşınma adətən gecələr artır. Ayağın qaşınması ilə yanaşı əl barmaqları arasında, biləkdə, qoltuqaltında, qarın və genital nahiyədə səpgilər ola bilər.
Qoturluqdan nə zaman şübhələnmək olar?
- Qaşınma gecə daha güclüdürsə
- Ailədə və ya yaxın təmasda olan şəxslərdə də qaşınma varsa
- Əldə və ayaqda qaşınma birlikdədirsə
- Barmaq aralarında xırda səpgilər və qaşıntı izləri varsa
- Özbaşına antihistamin və mazlarla keçmirsə
Qoturluqda yalnız qaşınan sahəni müalicə etmək çox vaxt kifayət etmir. Diaqnoz təsdiqlənərsə, həkim təmaslı şəxslərin də qiymətləndirilməsini və geyim-yataq dəstlərinin düzgün təmizlənməsini tövsiyə edə bilər.
Əldə və ayaqda qaşınma nəyi göstərə bilər?
Klinikamıza gələn pasientlərin “əldə ayaqda qaşınma”, “əl ayaqda qaşınma” və “əldə və ayaqda qaşınma” kimi sualların verməsi təsadüfi deyil. Çünki ovuc və daban qaşınması bəzi xüsusi xəstəliklərdə birlikdə müşahidə olunur.
Əl və ayaqda qaşınmanın mümkün səbəbləri
- Qoturluq: əl barmaqları arasında və ayaqda gecə qaşınması.
- Dishidrotik ekzema: ovuc və dabanlarda xırda sulu qabarlar, yanma və qaşınma.
- Allergik kontakt dermatit: əlcək, ayaqqabı, kimyəvi maddə və dezinfeksiyaedici ilə əlaqəli ola bilər.
- Qaraciyər və öd durğunluğu: xüsusilə ovuc-daban qaşınması, sarılıq və tünd sidik varsa.
- Hamiləlik xolestazı: hamiləliyin son trimestrində ovuc və dabanlarda qaşınma ilə başlaya bilər.
- Pullu dəmrov: ovuc və dabanlarda qalınlaşma, çat və qabıqlanma verə bilər.
Ayaqda qabar, qızartı və qaşınma
Ayaqda qabar və ayaqda qızartı qaşınma ilə birlikdədirsə, səbəb yalnız quruluq olmaya bilər. Qabarların forması, içinin sulu olub-olmaması, ağrılı və ya irinli olması diaqnoz üçün önəmlidir.
Qabarların tipinə görə ehtimallar
- Xırda sulu qabarlar: dishidrotik ekzema və ya allergik reaksiya.
- Qızartılı, qabıqlı sahələr: ekzema, psoriaz və ya göbələk.
- İrinli qabarlar: bakterial infeksiya ehtimalı.
- Şişkin, ağrılı qızartı: sellulit və ya dərin infeksiya ehtimalı.
- Gecə qaşınan xırda səpgilər: qoturluq ehtimalı.
Uşaqlarda ayaqda qaşınma
Uşaqlarda ayaqda qaşınma böyüklərdən fərqli qiymətləndirilməlidir. Uşaqlarda dəri daha həssasdır, qaşıma nəticəsində dəri tez zədələnir və ikincili infeksiya riski artır.
Uşaqlarda ən çox səbəblər
- Atopik dermatit: qaşınma, quruluq, qızartı və təkrarlayan səpgilər.
- Qoturluq: ailədə bir neçə nəfərdə gecə qaşınması varsa xüsusilə düşünülməlidir.
- Göbələk infeksiyası: barmaq aralarında soyulma və qaşınma.
- Allergik kontakt dermatit: yeni ayaqqabı, sintetik corab, yuyucu toz və ya sabunla əlaqəli ola bilər.
- Həşərat dişləmələri: xırda qabarlar və lokal qaşınma.
- Tərləmə və sürtünmə: xüsusilə isti havada və bağlı ayaqqabıda.
Uşaqda nə zaman həkimə müraciət edilməlidir?
- Qaşınma gecə yuxusunu pozursa
- Dəridə yara, irin, qabıqlanma və ağrı varsa
- Ailə üzvlərində də qaşınma başlayıbsa
- Uşaqda qızdırma və halsızlıq varsa
- Qaşınma 1-2 həftədən çox davam edirsə
- Özbaşına istifadə olunan kremlər problemi artırırsa
Uşaqlarda kortizonlu, antibiotikli və ya qarışıq tərkibli mazlardan özbaşına istifadə etmək düzgün deyil. Səbəb göbələkdirsə kortizon vəziyyəti pisləşdirə bilər; səbəb qoturluqdırsa yalnız qaşınan sahəni krem çəkmək kifayət etməyə bilər.
Hamilələrdə ayaqda qaşınma
Hamilələrdə ayaqda qaşınma bəzən dəri quruluğu, tərləmə, ayaqların şişməsi və allergik reaksiyalarla bağlı olur. Lakin hamiləliyin ikinci yarısında və xüsusilə son trimestrdə ayaqda qırmızı səpgilər olmadan sadəcə ovuc və dabanlarda güclü qaşınma varsa, hamiləlik xolestazı ehtimalı nəzərə alınmalıdır.
Hamiləlikdə təhlükəli ola bilən əlamətlər
- Qaşınmanın əsasən ovuc və dabanlarda olması
- Gecə güclənən qaşınma
- Səpgi olmadan güclü qaşınma
- Sarılıq, tünd sidik, açıq rəngli nəcis
- Ürəkbulanma, halsızlıq və sağ qabırğaaltı nahiyədə narahatlıq
Belə hallarda dermatoloq qaraciyər fermentləri və öd turşuları kimi analizlərin istəyə bilər. Hamiləlikdə özbaşına antihistamin, bitki tərkibli preparat və ya maz istifadəsi məsləhət deyil.
Ayaqda qaşınma üçün maz və kremlər
“Ayaqda qaşınma üçün maz” axtarışınə əsasən həkimə getmək istəməyən və müalicəsini gecikdirənlər tərəfindən apteklərdə aparılır. Qeyd edək ki, universal maz yoxdur. Doğru seçim qaşınmanın səbəbindən asılıdır. Eyni maz bir xəstədə faydalı, başqa xəstədə zərərli ola bilər.
Səbəbə görə yanaşma
- Dəri quruluğu: ətirsiz nəmləndirici və baryer bərpaedici kremlər.
- Göbələk şübhəsi: antifunqal krem; lazım gəlsə laborator təsdiq.
- Ekzema: nəmləndirici, qıcıqlandırıcılardan uzaqlaşma, həkim məsləhəti ilə iltihabəleyhinə müalicə.
- Allergik kontakt dermatit: allergen maddənin dayandırılması və dermatoloq təyinatı.
- Qoturluq: reseptli antiparazitar müalicə və təmaslıların yanaşması.
- Bakterial infeksiya: özbaşına maz yox, dermatoloq baxışı lazımdır.
Ayaqda göbələk ehtimalı varsa, özbaşına kortizonlu qarışıq maz istifadə etmək infeksiyanı gizlədə və yayılmasını artıra bilər. İrin, ağrı, sürətlə yayılan qızartı və şişkinlik varsa, evdə mazla gözləmək düzgün deyil.
Diaqnostika və analizlər
Ayaqda qaşınmanın diaqnozu çox vaxt baxış və anamnezlə başlayır. Dermatoloq qaşınmanın yerini, müddətini, gecə artıb-artmadığını, ailədə oxşar şikayətin olub-olmadığını, istifadə olunan dərmanları, ayaqqabı və corab vərdişlərini, yanaşı xəstəlikləri soruşur.
Lazım ola bilən müayinələr
- Dərinin dermatoskopik və klinik qiymətləndirilməsi
- Göbələk üçün dəri qaşıntısı və mikoloji müayinə
- Qoturluq şübhəsində dermatoskopiya və uyğun müayinə
- Laborator analizlər
- Dəri biopsiyası və ya səhvə dəri əkilməsi deyilir
- Hamiləlikdə öd turşuları və qaraciyər testləri
- Allergik kontakt dermatitdə yama testi
Ayaqda qaşınma zamanı evdə nə etmək olar?
Əgər qaşınma yüngüldürsə, yara, irin, sürətlə yayılan qızartı və ümumi əlamətlər yoxdursa, bəzi sadə tədbirlər kömək edə bilər.
Praktik tövsiyələr
- Ayaqları çox isti su ilə yumayın.
- Ətirli sabun, sərt skrab və spirtli məhsullardan uzaq durun.
- Yuyunduqdan sonra ayaqları, xüsusən barmaq aralarını yaxşı qurulayın.
- Pambıq və ya nəfəs alan corab seçin.
- Dar, hava keçirməyən ayaqqabıları uzun müddət geyinməyin.
- İdman zalı, hovuz və hamam kimi yerlərdə şəxsi başmaqdan istifadə edin.
- Quru dəri üçün ətirsiz nəmləndirici krem istifadə edin.
- Qaşımaqdan mümkün qədər çəkinin; dırnaqları qısa saxlayın.
- Yeni ayaqqabı, corab, krem və yuyucu tozdan sonra qaşınma başlayıbsa, həmin məhsulu dayandırın.
Sirkə, soda, spirt və digər xalq üsulları bəzi hallarda dərini daha da qıcıqlandıra bilər. Xüsusilə çat, yara, ekzema, uşaq dərisi və hamiləlik zamanı belə üsullardan ehtiyatlı olmaq lazımdır.
Nə vaxt dermatoloqa müraciət etmək lazımdır?
Ayaqlardada qaşınma əsasən dəri xəstəliklərinə bağlı yaranır. Bəzən sadə səbəbdən yaransa da diaqnostika və müalicə gecikdirilməməlidir. Vaxtında dermatoloqa müraciət edilməlidiri.
Dermatoloqa müraciət üçün əsas səbəblər
- Qaşınma 2 həftədən çox davam edirsə
- Gecə yuxunu pozacaq qədər güclüdürsə
- Əldə və ayaqda birlikdə qaşınma varsa
- Barmaq aralarında çat, ağarma, soyulma və pis qoxu varsa
- Ayaqda qabar, qızartı, yara, irin və ağrı varsa
- Hamiləlikdə ovuc və dabanlarda güclü qaşınma başlayıbsa
- Ailə üzvlərində də qaşınma varsa
- Uşaqda qaşınma yuxunu pozursa və səpgilər yayılırsa
Tez-tez verilən suallar
Ayaqda qaşınma ən çox nədən olur?
Ən çox səbəblər ayaq göbələyi, dəri quruluğu, ekzema, pullu dəmrov, kontakt dermatit, tərləmə, qoturluq və allergik reaksiyalardır. Qaşınma uzun çəkirsə və ya qızartı, qabar, çat, yara ilə birlikdədirsə, səbəb dəqiqləşdirilməlidir.
Ayaqda qaşınma üçün hansı maz yaxşıdır?
Universal maz yoxdur. Göbələkdə antifunqal krem, quruluqda nəmləndirici, ekzemada həkim təyinatı ilə iltihabəleyhinə müalicə lazım ola bilər. Səbəb bilinmədən kortizonlu və qarışıq mazlardan istifadə etmək düzgün deyil.
Ayaqda qaşınma və qızartı nə deməkdir?
Ayaqda qaşıntı və qızartı ekzema, allergik kontakt dermatit, göbələk, qoturluq, həşərat dişləməsi və bəzən infeksiya ilə bağlı ola bilər.
Ayaqa qızartı ağrılı, isti, şişkin və sürətlə yayılırsa, dəri həkiminə müraciət edilməlidir.
Ayaqda qabar və qaşınma təhlükəlidirmi?
Hər zaman təhlükəli deyil, amma qabarların tipi önəmlidir. Sulu qabarlar ekzema və allergiyada, irinli qabarlar infeksiyada, gecə qaşınan xırda səpgilər isə qoturluqda görülə bilər.
Əldə və ayaqda qaşınma hansı xəstəliklərdə olur?
Əldə və ayaqda qaşınma qoturluq, dishidrotik ekzema, kontakt dermatit, psoriaz, qaraciyər-öd yolları problemləri və hamiləlik xolestazı ilə əlaqəli ola bilər.
Uşaqlarda ayaqda qaşınma nə zaman ciddi sayılır?
Qaşınma gecə yuxunu pozursa, ailədə başqa şəxslərdə də qaşınma varsa, dəridə yara, irin, qızdırma, yayılmış səpgi və ya ağrı varsa dermatoloq tərəfindən mütləq qiymətləndirilməlidir.
Hamiləlikdə ayaqda qaşınma normaldırmı?
Bəzən dəri quruluğu və şişkinliklə bağlı ola bilər. Amma ovuc və dabanlarda güclü, gecə artan qaşınma, qabıqlı qızartılar varsa dəri həkiminə müraciət edilməlidir.















