Kürəkdə qaşınma – səbəbləri, diaqnostikası və müalicəsi

kürəkdə qaşınma

Kürəkdə qaşınma: səbəbləri, diaqnostikası və müalicəsi

Kürəkdə qaşınma çox rast gəlinən şikayətlərdən biridir. Bəzən sadə dəri quruluğu, tərləmə, paltarın sürtünməsi və ya allergik qıcıqlanma ilə bağlı olur. Bəzən isə ekzema, göbələk infeksiyası, qaşınma gənəsi, psoriaz, sinir mənşəli qaşınma və nadir hallarda daxili xəstəliklərin əlaməti ola bilər.

Kürək nahiyəsi insanın özü tərəfindən yaxşı görünmədiyi üçün xəstə çox vaxt yalnız qaşınmanı hiss edir, amma səpgi, ləkə, qabıqlanma və ya rəng dəyişikliyini gec fərq edir. Buna görə uzunmüddətli və təkrarlayan kürək qaşınmasında dermatoloji müayinə vacibdir.

Bakıda dermatoloq qəbulu üçün Dr. Mehdi İskəndərli ana səhifəsinə keçid edərək qəbul, xidmətlər və əlaqə məlumatları ilə tanış ola bilərsiniz.

 


Kürəkdə qaşınma nədir?

Qaşınma dəridə qaşıma ehtiyacı yaradan narahatedici hissdir. Kürəkdə qaşınma lokal, yəni yalnız kürək nahiyəsində ola bilər. Bəzən isə bütün bədən qaşınmasının bir hissəsi kimi ortaya çıxır.

Kürəkdə qaşınma iki əsas formada qiymətləndirilir:

 

FormaNə deməkdir?Əhəmiyyəti
Səpgili qaşınmaDəridə qızartı, qabıqlanma, sızanaqvari səpgi, yara, ləkə və ya qabarıqlıq görünür.Ekzema, kontakt dermatit, göbələk, psoriaz, qaşınma gənəsi kimi dəri xəstəlikləri düşünülür.
Səpgisiz qaşınmaDəri ilk baxışda normal görünür, amma qaşınma davam edir.Quru dəri, sinir mənşəli qaşınma, dərmanlar və ya sistemik səbəblər araşdırılmalıdır.

Kürəkdə qaşınmanın əsas səbəbləri

Kürəkdə qaşınmanın səbəbini tapmaq üçün qaşınmanın müddəti, yayılması, gecə artıb-artmaması, səpgi olub-olmaması, istifadə olunan dərmanlar və yanaşı xəstəliklər nəzərə alınmalıdır.

 

Dəri quruluğu

Kürəkdə qaşınmanın ən sadə və ən çox rast gəlinən səbəblərindən biri dəri quruluğudur. Xüsusilə isti su ilə tez-tez duş qəbul etmək, sərt sabunlar, quru hava, yaşın artması və atopik dəri quruluşu qaşınmanı gücləndirə bilər.

Dəri quruluğunda qaşınma adətən duşdan sonra, gecə yatanda və ya paltar dəyişərkən artır. Dəridə incə qabıqlanma, dartılma hissi və ağ rəngli quru xətlər görünə bilər.

 

Kontakt dermatit

Kontakt dermatit dərinin bir maddəyə qıcıqlanma və ya allergik reaksiya verməsidir. Kürək nahiyəsində kontakt dermatit aşağıdakı səbəblərlə bağlı ola bilər:

 

  • paltar yuyucu toz və yumşaldıcılar;
  • sintetik və dar geyimlər;
  • tərləmə və paltarın sürtünməsi;
  • ətirli duş gelləri və bədən kremləri;
  • saç boyası, şampun və saç baxım məhsullarının kürəyə axması;
  • idman geyimləri və elastik materiallar.

 

Kontakt dermatitdə qızartı, xırda səpgilər, yanma, qabıqlanma və qaşınma birlikdə ola bilər.

 

Atopik dermatit və ekzema

Atopik dermatit qaşınma ilə gedən xroniki iltihabi dəri xəstəliyidir. Böyüklərdə boyun, sinə, kürək, qol-büküşləri və əl nahiyəsində təkrarlayan quru, qaşıntılı, qızarmış sahələr yarada bilər.

Ekzema zamanı qaşınma çox vaxt dəridə görünən dəyişikliklərdən əvvəl başlayır. Qaşıma nəticəsində dəri qalınlaşa, tündləşə və daha da həssaslaşa bilər.

 

Göbələk infeksiyası

Kürək nahiyəsində göbələk infeksiyaları qaşınma və ləkələnmə ilə özünü göstərə bilər. Xüsusilə tərləyən, idman edən, dar sintetik geyim istifadə edən və ya isti-rütubətli mühitdə olan insanlarda daha çox rast gəlinir.

 

Göbələk infeksiyasında aşağıdakı əlamətlər ola bilər:

  • halqa şəklində qızartı;
  • qabıqlanan kənarlı ləkələr;
  • açıq və ya tünd rəngli ləkələr;
  • tərləmə ilə artan qaşınma;
  • yayılma meyli.

 

Tər, istilik və sürtünmə

Kürək nahiyəsi paltar, kreslo, avtomobil oturacağı və çanta ilə tez-tez təmasda olur. Tərləmə və sürtünmə dəri baryerini qıcıqlandıraraq qaşınma yarada bilər.

Bu hal xüsusilə yay aylarında, idman zamanı, sintetik paltar geyinərkən və uzun müddət oturaq vəziyyətdə qaldıqda artır.

 

Qaşınma gənəsi

Qaşınma gənəsi, yəni skabies, gecə artan qaşınmanın mühüm səbəblərindən biridir. Kürəkdə qaşınma ola bilər, amma daha tipik yerlər barmaq araları, biləklər, qarın, qoltuqaltı, süd vəzi ətrafı, bel və genital nahiyədir.

Əgər ailə üzvlərində də qaşınma varsa və qaşınma gecə daha güclüdürsə, skabies mütləq nəzərə alınmalıdır.

 

Psoriaz

Psoriaz kürəkdə qaşınan, qızarmış, qalın və gümüşü qabıqlı lövhələr yarada bilər. Bəzən saçlı dəri, dirsək, diz və dırnaqlar da prosesə qoşulur.

Psoriazda qaşınma müxtəlif dərəcədə ola bilər. Xəstələr bəzən yalnız qaşınmadan deyil, dəridə qabıq, çatlama və kosmetik narahatlıqdan da şikayət edirlər.

 

Seboreyalı dermatit

Seboreyalı dermatit əsasən saçlı dəri, üz, qulaq arxası, sinə və kürəyin yuxarı hissəsində yağlı qabıqlanma və qaşınma ilə gedə bilər. Kəpək, qaşınan baş dərisi və sinədə-qabaq nahiyədə qabıqlanma ilə birlikdə görülə bilər.

 

Bel və kürək sızanaqları

Kürəkdə sızanaq, follikulit və ya tük kökü iltihabı da qaşınma yarada bilər. Tərləmə, dar geyim, idman çantası, steroid istifadəsi, yağlı kremlər və bəzi dərmanlar kürək sızanaqlarını artıra bilər.

 

Kürəkdə qəhvəyi ləkə

Kürəkdə qəhvəyi ləkə qaşınmalı ola bilir. Dəridə bu cür ləkə birincili dəri xəstəliyi səbəbindən yarana bilər. Bəzən isə uzun qaşınma və sürtünmə nəticəsində də dəridə qəhvəyi ləkə meydana gələ bilər. Qəhvəyi ləkənin mənşəyini və qaşınma səbəbini təyin etmək üçün mütləq dermatoloq müayinə olmalıdır. 

 

Sinir mənşəli qaşınma 

Kürəkdə uzunmüddətli, lokal və bəzən səpgisiz qaşınmanın mühüm səbəblərindən biridir. Bu vəziyyətdə qaşınma çox vaxt kürəyin yuxarı-orta hissəsində, kürək sümüyü ilə onurğa arasında olur. Xəstə qaşınma ilə yanaşı yanma, sancma, keyimə, qarışqa gəzməsi hissi və ya dəridə həssaslıq azlığı təsvir edə bilər.

Uzun müddətli qaşıma nəticəsində həmin sahədə tündləşmə, qalınlaşma və xırda cızıq izləri əmələ gələ bilər. Əsas problem bəzən dərinin özü deyil, həmin nahiyəni innervasiya edən sinirlərin qıcıqlanmasıdır.

 


Səpgisiz kürək qaşınması nə deməkdir?

Əgər kürəkdə qaşınma var, amma dəridə aydın səpgi görünmürsə, bu, xəstəliyin olmadığı anlamına gəlmir. Bəzi hallarda dəri dəyişiklikləri çox incə olur və yalnız dermatoskopik və ya diqqətli klinik müayinə zamanı görünür.

 

Səpgisiz kürək qaşınmasında əsas ehtimallar bunlardır:

SəbəbTipik xüsusiyyət
Quru dəriDuşdan sonra və gecə artan qaşınma, incə qabıqlanma
Notalgia parestheticaKürək sümüyü yanında lokal, yanma və sancma ilə ola bilən qaşınma
Dərman mənşəli qaşınmaYeni dərman başladıqdan sonra yaranan yayılmış qaşınma
Sistemik xəstəliklərUzunmüddətli, səbəbsiz, yayılmış qaşınma; bəzən gecə artır
Psixogen və stresslə bağlı qaşınmaStress, yuxusuzluq və diqqət yönəlməsi ilə artan qaşınma

Gecə kürəkdə qaşınma nədən olur?

Gecə qaşınmanın artması dermatologiyada çox önəmli ipucudur. Gecə bədən temperaturu, dəri qan dövranı, tərləmə, yataqla təmas və diqqətin qaşınmaya yönəlməsi qaşınmanı daha hiss olunan edə bilər.

 

Gecə kürəkdə qaşınma aşağıdakı hallarda daha çox müşahidə olunur:

  • dəri quruluğu;
  • atopik dermatit və ekzema;
  • qaşınma gənəsi;
  • kontakt dermatit;
  • sinir mənşəli qaşınma;
  • qaraciyər və öd yolları xəstəlikləri;
  • böyrək çatışmazlığı;
  • qan xəstəlikləri və dəmir çatışmazlığı;
  • bəzi dərman reaksiyaları.

 

Əgər qaşınma yalnız kürəkdə deyil, bütün bədəndədirsə və 6 həftədən çox davam edirsə, sistemik səbəblər də araşdırılmalıdır.

 


Kürəkdə qaşınmanın diaqnostikası necə aparılır?

Diaqnostikada ilk mərhələ diqqətli dermatoloji müayinədir. Kürək nahiyəsində qızartı, qabıqlanma, ləkə, tük kökü iltihabı, göbələk əlaməti, psoriaz lövhəsi, qaşıma izləri və rəng dəyişiklikləri qiymətləndirilir.

 

Dermatoloq hansı sualları verə bilər?

  • Qaşınma nə vaxt başlayıb?
  • Qaşınma yalnız kürəkdədir, yoxsa bədənin başqa yerlərində də var?
  • Gecə artırmı?
  • Ailədə başqa qaşınan şəxs varmı?
  • Yeni dərman, qida əlavəsi və ya kosmetik məhsul istifadə olunubmu?
  • Duşdan sonra qaşınma artırmı?
  • Dəridə ləkə, qabıq, qızartı və ya səpgi olubmu?
  • Arıqlama, gecə tərləməsi, halsızlıq, sarılıq və ya sidik rəngində dəyişiklik varmı?

 

Lazım ola bilən müayinələr

 

Hər xəstəyə bütün analizlər lazım deyil. Müayinə nəticəsinə görə aşağıdakılar seçilə bilər:

  • göbələk üçün mikroskopik müayinə və ya analiz;
  • dermatoskopik qiymətləndirmə;
  • skabies şübhəsində dəri kazıntısı və ya dermatoskopiya;
  • ümumi qan analizi;
  • ferritin və dəmir göstəriciləri;
  • qaraciyər testləri: ALT, AST, ALP, GGT, bilirubin;
  • böyrək funksiyası: kreatinin, urea;
  • TSH və qalxanabənzər vəzi göstəriciləri;
  • qlükoza və ya HbA1c;
  • uzunmüddətli və şübhəli hallarda əlavə sistemik müayinələr.

 


Kürəkdə qaşınmanın müalicəsi

Müalicə səbəbdən asılıdır. Eyni krem hər qaşınmaya uyğun deyil. Məsələn, göbələk infeksiyasında yalnız steroid krem istifadə etmək xəstəliyi gizlədib pisləşdirə bilər. Skabiesdə isə təkcə nəmləndirici kifayət etmir.

 

Dəri quruluğunda müalicə

  • isti yox, ilıq duş qəbul etmək;
  • ətirsiz, yumşaq yuyucu vasitələrdən istifadə etmək;
  • duşdan sonra 3-5 dəqiqə ərzində nəmləndirici çəkmək;
  • krem və ya məlhəm tipli nəmləndiricilərə üstünlük vermək;
  • ətirli bədən spreyləri və spirtli məhsullardan uzaq durmaq.

 

Ekzema və kontakt dermatitdə müalicə

Ekzema və kontakt dermatitdə əsas məqsəd iltihabı azaltmaq, dərini bərpa etmək və qıcıqlandırıcı faktoru tapmaqdır. Müalicəyə nəmləndirici, qıcıqlandırıcı məhsullardan uzaqlaşma, uyğun gücdə topikal kortikosteroid və bəzi hallarda qeyri-steroid iltihabəleyhinə kremlər daxil ola bilər.

Boyun, üz və büküş nahiyələrində güclü steroidlər ehtiyatla istifadə edilməlidir. Kürək kimi qalın dəri sahələrində isə xəstəliyin ağırlığına görə daha fərqli yanaşma seçilə bilər.

 

Göbələk infeksiyasında müalicə

Göbələk infeksiyası təsdiqlənərsə, antifunqal kremlər, losyonlar və bəzən ağızdan dərmanlar istifadə olunur. Göbələyin müalicə müddəti göbələyin növündən, yayılma dərəcəsindən və əvvəlki müalicələrdən asılıdır.

Tərləmə, dar geyim və nəm mühit davam edərsə, göbələk təkrarlaya bilər.

 

Skabiesdə müalicə

Skabiesdə yalnız qaşınan şəxsin deyil, yaxın təmasda olan ailə üzvlərinin də eyni vaxtda müalicəsi vacibdir. Geyim, yataq dəsti və dəsmalların düzgün yuyulması da müalicənin bir hissəsidir.

Skabies müalicəsindən sonra qaşınma bir neçə həftə davam edə bilər. Bu, hər zaman müalicənin uğursuz olduğu anlamına gəlmir, amma davamlı yeni səpgilər varsa, təkrar qiymətləndirmə lazımdır.

 

Sinir mənşəli kürək qaşınmasında müalicə

Notalgia paresthetica kimi sinir mənşəli qaşınmada adi qaşınma kremləri bəzən zəif təsir edir. Müalicə fərdi seçilir və aşağıdakı üsullardan ibarət ola bilər:

 

  • mentol və soyuducu təsirli losyonlar;
  • yerli anestetik təsirli vasitələr;
  • kapsaisin tərkibli preparatlar;
  • nevropatik qaşınma üçün seçilən dərmanlar;
  • fizioterapiya və kürək-çiyin əzələləri üçün gərmə hərəkətləri;
  • boyun və döş onurğası problemlərinin qiymətləndirilməsi.

 

Bu tip qaşınmada xəstənin “dərimdə heç nə yoxdur, amma qaşınma keçmir” deməsi çox xarakterikdir.

 


Evdə nə etmək olar?

Kürəkdə qaşınma yüngüldürsə və ciddi əlamət yoxdursa, aşağıdakı tədbirlər kömək edə bilər:

 

  • isti duşu azaltmaq;
  • ətirsiz nəmləndirici istifadə etmək;
  • paltar yuyucu vasitəni dəyişmək;
  • sintetik və dar geyimdən uzaq durmaq;
  • tərlədikdən sonra duş almaq və dərini quru saxlamaq;
  • qaşımaq əvəzinə soyuq kompres tətbiq etmək;
  • dırnaqları qısa saxlamaq;
  • özbaşına güclü steroid krem istifadə etməmək.

 

Əgər qaşınma 2-3 həftədən çox davam edirsə, təkrarlanırsa və ya gecə yuxunu pozursa, səbəbi dəqiqləşdirmək lazımdır.

 


Hansı hallarda dermatoloq müraciət edilməlidir?

 

Aşağıdakı hallarda kürəkdə qaşınma sadə dəri quruluğu kimi qəbul edilməməlidir:

  • qaşınma 6 həftədən çox davam edirsə;
  • gecə yuxunu ciddi pozursa;
  • bütün bədən qaşınırsa;
  • dəridə sürətlə yayılan səpgi varsa;
  • ailə üzvlərində də gecə qaşınması varsa;
  • sarılıq, tünd sidik, açıq rəngli nəcis varsa;
  • arıqlama, qızdırma, gecə tərləməsi varsa;
  • limfa düyünləri böyüyübsə;
  • yeni dərmandan sonra qaşınma başlayıbsa;
  • qaşıma nəticəsində yara, irin, ağrı və qabıqlanma yaranıbsa.

 


Kürəkdə qaşınmanın qarşısını necə almaq olar?

 

Qarşısını almaq üçün dəri baryerini qorumaq əsasdır. Bunun üçün:

  • mütəmadi nəmləndirici istifadə edin;
  • isti su və sərt sabunları azaldın;
  • paltar yuyucu vasitəni ətirsiz seçin;
  • tərlədən və sıx geyimlərdən uzaq durun;
  • idmandan sonra dərini təmiz və quru saxlayın;
  • təkrarlayan qaşınmada səbəbi araşdırmadan uzun müddət kortizonlu krem istifadə etməyin;
  • göbələk və skabies kimi yoluxucu səbəbləri vaxtında müalicə edin.

 


Nəticə

Kürəkdə qaşınma sadə dəri quruluğundan başlayaraq ekzema, kontakt dermatit, göbələk, skabies, psoriaz, sızanaq, sinir mənşəli qaşınma və daxili xəstəliklərə qədər müxtəlif səbəblərlə bağlı ola bilər. Əsas məsələ qaşınmanın səpgili və ya səpgisiz olmasını, gecə artıb-artmamasını, nə qədər davam etdiyini və yanaşı əlamətləri düzgün qiymətləndirməkdir.

Davamlı, təkrarlayan və səbəbi bilinməyən kürək qaşınmasında dermatoloq müayinəsi həm düzgün diaqnoz, həm də lazımsız və yanlış müalicələrin qarşısını almaq üçün vacibdir.

Daha ətraflı məlumat və qəbul üçün Dr. Mehdi İskəndərli ilə əlaqə bölməsinə keçid edə bilərsiniz.

 

Tez-tez verilən suallar


Kürəkdə qaşınma ən çox nədən olur?

Ən çox səbəblər dəri quruluğu, tərləmə, paltar sürtünməsi, kontakt dermatit, ekzema, göbələk infeksiyası və sinir mənşəli qaşınmadır. Davamlı hallarda daxili xəstəliklər də nəzərə alınmalıdır.

 

Kürəkdə səpgisiz qaşınma təhlükəlidirmi?

Hər zaman təhlükəli deyil. Quru dəri və notalgia paresthetica kimi səbəblər səpgisiz qaşınma verə bilər. Amma qaşınma uzun çəkirsə, bütün bədənə yayılıbsa və ya gecə yuxunu pozursa, müayinə lazımdır.

 

Gecə kürək qaşınması skabies əlaməti ola bilərmi?

Bəli. Gecə artan qaşınma, ailədə başqa şəxslərdə qaşınma, barmaq araları, bilək, qarın, bel və genital nahiyədə səpgilər skabies ehtimalını artırır.

 

Kürəkdə qaşınma qaraciyər xəstəliyindən ola bilərmi?

Qaraciyər və öd yolları xəstəlikləri qaşınma yarada bilər. Bu zaman qaşınma çox vaxt təkcə kürəklə məhdudlaşmır, daha yayılmış olur. Sarılıq, tünd sidik, halsızlıq və digər əlamətlər varsa, analizlər lazımdır.

 

Kürəkdə qaşınma üçün hansı krem istifadə etmək olar?

Səbəb bilinmədən krem seçmək düzgün deyil. Quru dəridə nəmləndirici, ekzemada iltihabəleyhinə krem, göbələkdə antifungal müalicə, skabiesdə xüsusi antiparazitar müalicə tələb oluna bilər.

 

Kürəkdə bir nöqtədə qaşınma nə deməkdir?

Kürəkdə bir nöqtədə uzunmüddətli qaşınma sinir mənşəli qaşınma, xüsusilə notalgia paresthetica ilə bağlı ola bilər. Bu zaman qaşınma ilə yanaşı yanma, sancma və keyimə hissi də ola bilər.

 

Duşdan sonra kürək niyə qaşınır?

İsti su, sərt sabunlar və dərinin quruması duşdan sonra qaşınmanı artıra bilər. Bəzi insanlarda su ilə təmasdan sonra qaşınma daha geniş sistemik səbəblərlə də əlaqəli ola bilər.

 

Kürəkdə qaşınma göbələk ola bilərmi?

Bəli. Xüsusilə qabıqlanan, halqa şəklində və ya rəng dəyişən ləkələr varsa, göbələk infeksiyası düşünülməlidir. Dəqiq diaqnoz üçün dermatoloji müayinə və lazım gəldikdə göbələk analizi aparılır.

 

Kürəkdə qaşınma stressdən ola bilərmi?

Stress qaşınmanı artıra və qaşıma davranışını gücləndirə bilər. Amma stress diaqnozu qoymazdan əvvəl dəri xəstəlikləri, dərmanlar və sistemik səbəblər istisna edilməlidir.

 

Kürək qaşınması nə vaxt ciddi sayılır?

Qaşınma 6 həftədən çox davam edirsə, gecə yuxunu pozursa, bütün bədənə yayılıbsa, arıqlama, qızdırma, gecə tərləməsi, sarılıq və ya limfa düyünü böyüməsi varsa, ciddi qiymətləndirmə lazımdır.


Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir