Atopik dermatit – səbəbləri, əlamətləri, müalicəsi və gündəlik qulluq

Atopik dermatit – səbəbləri, əlamətləri, müalicəsi və gündəlik qulluq

Atopik dermatit xroniki, təkrarlama meyilli, güclü qaşınma və dəri quruluğu ilə gedən iltihabi dəri xəstəliyidir. Xəstəlik çox vaxt körpəlik və uşaqlıq dövründə başlasa da, yeniyetməlikdə və böyüklərdə də davam edə və ya ilk dəfə yarana bilər. Xalq arasında bəzən atopik ekzema adı ilə də tanınır.

Bu yazıda atopik dermatit nədir, niyə yaranır, hansı nahiyələrdə görünür, atopik dermatit əlamətləri nələrdir, hansı hallarda analiz lazımdır, atopik dermatit müalicəsi necə aparılır və gündəlik qulluqda nələrə diqqət edilməlidir suallarına ətraflı cavab verilir.

 

qollarda qaşınma

 



Atopik dermatit nədir?

Atopik dermatit dərinin baryer funksiyasının zəifləməsi, immun sistemin həssas reaksiyası və genetik meylin birlikdə rol oynadığı xroniki iltihabi dəri xəstəliyidir. Ən tipik xüsusiyyətləri dəridə quruluq, güclü qaşınma, qızartı, qabıqlanma, çatlama və təkrarlayan alovlanmalardır.

Xəstəlik çox vaxt sakitləşmə və yenidən alovlanma dövrləri ilə gedir. Yəni bəzi günlər dəri nisbətən yaxşı görünə, sonra isə qıcıqlandırıcı amillərin təsiri ilə yenidən pisləşə bilər.

 


Atopik dermatitlə atopik ekzema eyni şeydirmi?

Bəli, praktikada çox vaxt eyni mənada işlədilir. Ekzema daha geniş anlayışdır və bir neçə fərqli dermatit tipini əhatə edir. Atopik dermatit isə ekzemanın ən çox rast gəlinən formalarından biridir. Buna görə insanlar çox zaman “atopik ekzema” da deyirlər.

 


Atopik ekzema kimlərdə görülür?

Xəstəlik ən çox uşaqlarda müşahidə olunur, lakin yalnız uşaqlara aid deyil. Körpəlikdə başlayan halların bir qismində illər keçdikcə yüngülləşmə olur, digər qismində isə yeniyetməlik və böyüklük dövründə davam edir. Bəzən xəstəlik ilk dəfə yetkin yaşda da ortaya çıxa bilər.

 

Aşağıdakı hallarda risk daha yüksək ola bilər:

 

  • Ailədə atopik ekzema xəstəliyi, allergik rinit və ya astma olması
  • Quru və həssas dəri tipi
  • Tez-tez qıcıqlandırıcılara məruz qalma
  • Allergik meyllilik

 

atopik dermatit

 


Atopik dermatit əlamətləri

Atopik dermatit əlamətləri xəstənin yaşına, dəri rənginə, xəstəliyin şiddətinə və aktivliyinə görə dəyişə bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

 

  • Güclü və təkrarlayan qaşınma
  • Dərinin quruluğu və kobudlaşması
  • Qızartı və ya dəri rənginin tündləşməsi / dəyişməsi
  • Qabıqlanma və soyulma
  • Qaşımağa bağlı qalınlaşma (likenifikasiya)
  • Çatlama və ağrı
  • Sızıntı, qabıq və ya sarımtıl örtük
  • Yuxunun pozulması, əsəbilik və narahatlıq

 

Qaşınma çox zaman xəstəliyin ən bezdirici hissəsidir. Xəstə qaşıdıqca dəri daha çox zədələnir, dəri baryeri daha da pozulur və bu da yeni qaşınma-daha çox zədələnmə dövrü yaradır.

 

Körpələrdə, uşaqlarda və böyüklərdə fərqlər


 

Körpələrdə atopik dermatit

Körpələrdə adətən yanaqlar, alın, baş dərisi, qolların və ayaqların açıq səthləri daha çox tutulur. Dəri çox quru, qızarmış və qaşınan ola bilər. Körpə əlləri ilə qaşıya bilməsə də, yastığa, yatağa və ya valideynin çiyninə sürtünə bilər.

 

Uşaqlarda atopik dermatit

Uşaqlarda çox vaxt dirsek içi, diz arxası, biləklər, boyun və bəzən gözətrafı dəri tutulur. Qaşınma, dərsə diqqətin azalması və gecə yuxusunun pozulması diqqət çəkə bilər.

 

Böyüklərdə atopik dermatit

Böyüklərdə əl dermatiti, boyun, göz qapaqları, üz, döş qəfəsi, dirsək-diz büküşləri və bəzən yayılmış quru, qalınlaşmış səpgilər şəklində görünə bilər. Uzunmüddətli qaşıma nəticəsində dəri daha qalın və tünd rəngli görünə bilər.

 

atopik ekzema

 

Atopik dermatit səbəbləri


Atopik dermatit səbəbləri tək bir amillə izah edilmir. Adətən bir neçə faktor birlikdə rol oynayır:

 

1. Genetik meyl

Ailədə atopik ekzema, astma, allergik rinit və ya ümumi allergik meyl varsa, risk artır. Bu, xəstəliyin tam mütləq keçəcəyi anlamına gəlmir, amma meyl yaradır.

 

2. Dəri baryerinin zəifləməsi

Sağlam dəri xarici qıcıqlandırıcıları, mikrobları və allergenləri müəyyən qədər uzaqda saxlayır. Atopik dermatitli xəstələrdə dəri baryeri zəiflədikdə su itkisi artır, dəri quruyur və qıcıqlandırıcılara daha həssas olur.

 

3. İmmun sistemin həssas reaksiyası

İmmun sistem bəzi insanlarda adi qıcıqlandırıcılara qarşı daha şiddətli iltihabi cavab verə bilər. Bu da qaşınma, qızartı və səpginin yaranmasına kömək edir.

 

4. Ətraf mühit faktorları

Quru hava, sərt sabunlar, çox isti su, sintetik və ya kobud parça, toz, tər, soyuq hava, emosional gərginlik və bəzi qıcıqlandırıcı kimyəvi maddələr xəstəliyin alovlanmasına səbəb ola bilər.

 


Atopik dermatiti artıran amillər

Aşağıdakı amillər bir çox xəstədə alovlanmanı artıra bilər:

 

  • Çox isti duş və ya hamam
  • Dərini qurudan sabun və köpüklü təmizləyicilər
  • Ətirli krem, losyon və kosmetik vasitələr
  • Toz, tüstü, toz gənələri
  • Yun və kobud parça
  • Həddindən artıq tərləmə
  • Çox soyuq və ya çox isti hava
  • Stress və yuxusuzluq
  • Dəri infeksiyaları

 

Hər xəstədə tətikləyicilər eyni olmur. Ona görə “hamıya eyni siyahı” yanaşması yerinə fərdi müşahidə daha faydalıdır.

 

uşaqlarda ekzema

 


Atopik dermatit yoluxucudurmu?

Xeyr, atopik dermatit yoluxucu deyil. Bir insandan digərinə təmasla keçmir. Eyni evdə yaşamaq, qucaqlaşmaq, eyni qabdan istifadə etmək və ya uşağın başqa uşaqlarla oynaması xəstəliyin ötürülməsinə səbəb olmur.

 


Diaqnoz necə qoyulur?

Atopik dermatit diaqnozu əksər hallarda klinik olaraq qoyulur. Yəni təcrübəli dermatoloq çox vaxt səpginin görnüşü, yerləşməsi, qaşınma tarixçəsi, yaş, alovlanma xarakteri və ailə anamnezi əsasında diaqnozu dəqiqləşdirə bilir.

Hər xəstəyə analiz lazım olmur. Analiz və ya əlavə müayinələr aşağıdakı hallarda düşünülə bilər:

 

  • Diaqnoz aydın deyilsə
  • Xəstəlik müalicəyə zəif cavab verirsə
  • Əlaqədar kontakt dermatit şübhəsi varsa
  • Tez-tez infeksiya qoşulursa
  • Qida allergiyası və ya başqa yanaşı xəstəlik üçün əsaslı klinik şübhə varsa

 

Yəni hər qaşınan və quru dərisi olan uşağa geniş allergiya paneli yazmaq düzgün yanaşma deyil. Müayinə və hekayə daha önəmlidir.

 

atopik dermatit

 


Atopik dermatit müalicəsi

Atopik dermatit müalicəsi yalnız bir kremdən ibarət deyil. Uğurlu yanaşma adətən dörd istiqaməti birləşdirir:

 

  1. Dəri baryerinin bərpası
  2. İltihabın azaldılması
  3. Qaşınmanın nəzarətə alınması
  4. Tətikləyicilərin minimuma endirilməsi

 

Müalicə planı xəstənin yaşına, tutulan nahiyələrə, şiddətinə, gecə qaşınmasına, infeksiya olub-olmamasına və daha əvvəl istifadə edilən vasitələrə görə dəyişir.

 

Atopik dermatit müalicəsində əsas prinsiplər

 

  • Gündəlik nəmləndirmə
  • Dərinin həddindən artıq qurudulmaması
  • Alovlanma zamanı uyğun iltihab əleyhinə yerli preparatlar
  • İnfeksiya varsa uyğun yanaşma
  • Gereksiz və ağırlaşdırıcı məhsullardan uzaq durmaq
  • Uzunmüddətli profilaktik dəri baxımı

 


Atopik dermatit üçün krem və yerli müalicə

Dermatoloqa getmək istəməyən xəstələr tərəfindən ən çox axtarılan suallardan biri “atopik dermatit krem” mövzusudur. Burada vacib məqam budur: hər krem hər nahiyə və hər yaş qrupu üçün uyğun deyil.

 

Nəmləndiricilər

Nəmləndirici müalicənin təməlidir. Məqsəd dəridə su itkisinin azalması və baryerin bərpasıdır. Xüsusilə duşdan sonra, dəri bir az nəm ikən istifadəsi faydalı olur.

 

İltihab əleyhinə kremlər və məlhəmlər

Alovlanma dövründə həkim tövsiyəsinə əsasən yerli iltihab əleyhinə preparatlar istifadə oluna bilər. Seçim tutulan nahiyəyə, yaşa və şiddətə görə dəyişir. Üz, gözətrafı, boyun və uşaqlarda istifadə planı daha ehtiyatlı qurulmalıdır.

 

Qaşınmaya yönəlik yanaşma

Qaşınma nəzarət altına alınmadan xəstəlik tam rahatlaşmır. Dırnaqların qısa saxlanılması, gecə qaşınmasını azaltmaq üçün rutin qurulması, dərinin sərin saxlanması və qıcıqlandırıcılardan qaçınmaq mühümdür.

 

Orta-ağır hallarda

Bəzi hallarda daha güclü yerli müalicələr, işıq müalicəsi və ya sistemik müalicə variantları düşünülə bilər. Bu mərhələ mütləq dermatoloq nəzarəti tələb edir.

 


Evdə qulluq və gündəlik rutin

Bir çox xəstədə düzgün ev rejimi müalicənin yarısı qədər önəmlidir.

 

Duş və yuyunma

  • Çox isti yox, ilıq su üstünlük təşkil etməlidir
  • Hamam müddəti həddindən artıq uzun olmamalıdır
  • Köpüklü, ətirli, sərt təmizləyicilərdən uzaq durmaq lazımdır
  • Hamamdan dərhal sonra nəmləndirici çəkilməlidir

 

Geyim seçimi

  • Yumşaq, nəfəs alan pambıq geyimlər daha uyğundur
  • Sintetik, kobud və bədəni sıxan geyimlər qıcıqlandıra bilər
  • Yun bəzi xəstələrdə qaşınmanı artıra bilər

 

Ev mühiti

  • Həddindən artıq quru hava dəri quruluğunu artıra bilər
  • Toz yığılmasını azaltmaq faydalı ola bilər
  • Ətirli otaq spreyləri və sərt təmizləyicilər minimuma endirilməlidir

 

Gündəlik vərdişlər

  • Qaşımamaq üçün uşaqlarda davranış yönləndirməsi vacibdir
  • Stress və yuxusuzluq alovlanmanı pisləşdirə bilər
  • Fərdi tetikleyiciləri qeyd etmək üçün sadə gündəlik tutmaq faydalıdır

 


Atopik dermatitdə nə yeməməli?

Atopik dermatit nə yeməməli sualı çox axtarılır, amma bu mövzuda həddən artıq ümumiləşdirmə səhvdir. Hər atopik dermatitli xəstədə qida səbəb olmur. Hər xəstəyə “südü, yumurtanı, gluteni, bütün əlavəli qidaları tam kəsin” demək elmi baxımdan düzgün yanaşma deyil.

Əgər konkret qidadan sonra təkrarlayan və aydın əlaqəli alovlanma müşahidə olunursa, bu məsələ həkimlə dəyərləndirilməlidir. Xüsusilə uşaqlarda özbaşına geniş qida məhdudiyyəti etmək qidalanma problemlərinə səbəb ola bilər.

 

Praktik yanaşma belədir:

  • Sübut olunmamış qida qadağalarından uzaq durun
  • Şübhəli qidaları həkimlə birlikdə dəyərləndirin
  • Qida ilə dəri alovlanması arasında real, təkrarlayan əlaqə olub-olmadığını izləyin

 

bədəndə qaşınma

 


Ağırlaşmalar və infeksiya əlamətləri

Atopik dermatitdə qaşımağa bağlı dəri zədələndikcə mikrob qoşulması asanlaşa bilər. Aşağıdakı əlamətlər infeksiyadan şübhələndirə bilər:

 

  • Sarımtıl qabıqlar
  • İrinli görünüş və ya sızıntı
  • Ağrı və şişkinlik
  • Qəfil pisləşmə
  • Qızdırma ilə birlikdə səpginin ağırlaşması

 

Bəzi hallarda virus mənşəli ağırlaşmalar da yarana bilər. Buna görə sürətlə pisləşən, ağrılı, qabarcıqlı və ya irinləyən səpgilər mütləq həkim tərəfindən qiymətləndirilməlidir.

 


Atopik dermatit nələrlə qarışa bilər?

Atopik dermatit hər quru və qaşınan səpgi demək deyil. Aşağıdakı xəstəliklərlə qarışa bilər:

 

  • Kontakt dermatit
  • Seboreyalı dermatit
  • Psoriaz
  • Göbələk infeksiyaları
  • İxtioz və digər genetik quru dəri xəstəlikləri
  • Bəzi immunoloji və metabolik xəstəliklər
  • Qotur xəstəliyi

 

Məhz buna görə uzunmüddətli, müalicəyə tabe olmayan və ya atipik görünüşlü səpgilərdə özbaşına diaqnoz qoymaq düzgün deyil.

 


Nə vaxt dermatoloqa müraciət etməli?

 

  • Qaşınma yuxunu və gündəlik həyatı pozursa
  • Dəri çatlayır, qanayır və ya irinləyirsə
  • Evdə görülən tədbirlərə baxmayaraq səpgilər keçmirsə
  • Uşaqda geniş yayılmış səpgilər varsa
  • Üz, gözətrafı və ya genital nahiyə tutulubsa
  • Tez-tez təkrarlayan alovlanmalar olursa
  • Diaqnozdan əmin deyilsinizsə

 

Tez-tez verilən suallar


 

Atopik dermatit tam sağalırmı?

Xəstəlik bəzilərində zamanla xeyli yüngülləşə, bəzilərində isə xroniki gediş göstərə bilər. Məqsəd alovlanmaları azaltmaq, qaşınmanı nəzarətdə saxlamaq və dərinin bariyerini qorumaqdır.

 

Atopik dermatit allergiyadır?

Tam olaraq yalnız “allergiya” kimi dəyərləndirilmir. Genetik meyl, dəri baryerinin zəifləməsi, immun həssaslıq və ətraf mühit faktorları birlikdə rol oynayır.

 

Atopik ekzema yoluxucu olurmu?

Xeyr, yoluxucu deyil və təmasla keçmir.

 

Atopik dermatit üçün hansı krem yaxşıdır?

Bu, xəstənin yaşına, tutulan nahiyəyə və xəstəliyin şiddətinə görə dəyişir. Yalnız internet məsləhəti ilə krem seçmək düzgün deyil.

 

Atopik dermatitdə steroid kremdən qorxmaq lazımdırmı?

Düzgün seçilmiş preparat, uyğun nahiyə və müddətlə istifadə edildikdə steroidli kremlər bir çox xəstədə effektiv müalicənin hissəsidir. Problem daha çox özbaşına, uzunmüddətli və nəzarətsiz istifadədə yaranır.

Atopik dermatit hansı yaşda başlayır?

Ən çox erkən uşaqlıqda başlayır, amma istənilən yaşda görünə bilər.

 

Atopik dermatitdə analiz vermək mütləqdirmi?

Xeyr. Əksər hallarda diaqnoz klinik qoyulur. Analiz yalnız seçilmiş hallarda lazım olur.

 


Nəticə: Atopik ekzema sadəcə “quru dəri” deyil. Dəri baryerinin pozulması, qaşınma, iltihab və təkrarlayan alovlanmalarla gedən xroniki bir xəstəlikdir. Doğru diaqnoz, gündəlik düzgün dəri baxımı, fərdi tetikleyicilərin tanınması və uyğun müalicə planı ilə xəstəliyin nəzarətdə saxlanması mümkündür. Daha ətraflı Cleveland Clinic məqaləsində

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir