Qırmızı qurd eşənəyi xəstəliyi dərini zədələyirmi ?

qırmızı qurd eşənəyi xəstəliyi

Qırmızı qurd eşənəyi xəstəliyi dərinin və orqanizmin avtoimmun, xroniki, sistem xəstəliyidir. Sistemli lupus eritemi də deyilir bu xəstəliyə. Lupusun ilkin əlamətləri dəridə qaşıntı, üzdə qızartı, eritem, çapıq, qabıq şəklində özünü biruzə verən səpgilərlə başlayır. Əsasən yanaqlarda qızarıqlıq və yanğı şəklində özünü göstərir. Lakin, ətrafların xarici səthlərində, barmaq ətrafında, dodaqlarda, qulaqlarda, skalp dediyimiz saçlı dəridə, əl və ayaq içərisində daha ağır formalarda isə bədənin ön və arxa hissəsində qaşıntlı qızartılar edə bilər. Bu xəstəliyin verdiyi dəri səpgilərinin formasına görə çoxlu forması vardır. Elə növləri vardır ki, üz dərisində çapıq və çopur izləri buraxaraq eybəcərliklər yaradır. Ona görə sonradan düzəlməyən bu eybəcərliklərin qarşısını almaq üçün vaxtında dermatoloq həkimə müraciət edilməli və müvafiq müalicələr başlanılmalıdır. Qırmızı qurd eşənəyi ağızda yara verən aftoz stomatit səbəbi ola bilər.

Lupus saç tökülməsi vəya alopesiya problemləri də yarada bilir. Bu xəstələrdə fotosensitivlik dediyimiz günəşə qarşı yüksək həssaslıq müşahidə olunur. Günəşin ultrabənövşəyi şüalarının təsirindən əsasən yanaqda “malar rash” dediyimiz “kəpənək eritemi” yaranır. Fəqət unutmaq lazım deyil ki, kəpənək eritemi verən çoxlu sayda dəri xəstəliyi vardır. Yəni, hər “malar rash” qırmızı qurd eşənəyi demək deyildir. Xəstəlik yay aylarında kəskinləşir, remissiyadan çıxır. Cünki, ultrabənövşəyi şüalar xəstəliyə mənfi təsir göstərir. Ümumiyyətlə dəri xəstəlikləri bir birinə çox bənzədiyi üçün dermatoloq üçün bəzən səpgiləri ayırd etmək çətin olur. Qırmızı qurd eşənəyi xəstəliyi də başqa dəri xəstəliklərinə çox bənzəyir. Yuxarıda sadalanan bölgələrdə meydana gələn eritem hər zaman lupus qızartıları ola bilməz. Ona görə dermatoloq xəstəliyi differensasiya etmək üçün xəstədən sitoloji, patoloji, laboratuar, immunofloresan, radioloji, bakterioloji və s. testlər istəyə bilər. Dəri biopsiyası xəstəliyin diaqnostikasında mühüm yerə malikdir. Sistemli lupus eritemi dəridə ilkin əlamətlərini versə də bu bir sistem xəstəliyidir.

Yəni, daxili orqan və sistemləri də zədələyə bilər, orqan çatışmazlığı yarada bilər. Qızartılarla bərabər xəstədə halsızlıq, inflammatuar artritin verdiyi oynaq ağrıları, əzələ ağrıları, qızdırma, limfa vəzlərin şişməsi də görülə bilər. Paralel şəkildə tənəffüs sistemi, ürək-damar sistemi, sidik-ifrazat sistemi, hematoloji, sinir sistemini də zədələyə bilər. Ona görə dermatoloq sistem problemlərini zamanında aşkar etmək naminə xəstəni xüsusi testlərdən keçirdə bilər və ehtiyac olduğu təqdirdə revmatoloq həkimlə bir yerdə xəstənin müştərək müalicəsinə başlaya bilər. Qırmızı qurd eşənəyi xəstəliyinin müalicə üsulları vardır. Pasientlər ümidsiz olmamlıdırlar. Xroniki, residiv verən, təkrarlayan xəstəlik olmasına rəğmən düzgün müalicə və profilaktika strategiyası tərtib edildiyi təqdirdə xəstəliyi uzun müddətli remissiya halına salmaq mümkündür. Qızartıları tam şəkildə, izsiz aradan qaldırmaq olur.

 

 
 
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər