Dermatoloq həkim kimdir?
Dermatoloq həkim kimdir (dermatologist) sualı dəri xəstəliklərindən əziyyət çəkənlərin tez-tez soruşduğu sualdır və bu sualı bu məqalədə dermatoloq Dr. Mehdi İskəndərli cavablandırır. Dermatoloq dəri, saç, dırnaq, ağız boşluğu və cinsi yolla keçən zöhrəvi xəstəlikləri müalicə edən mütəxəssisdir.
Dermatoloq və dermatoveneroloq fərqi nədir?
Tibbi terminologiyada ölkəmizdə bu ixtisas sahəsi çox vaxt dermatoveneroloq adı ilə keçir. Dermatoveneroloq dermatoloq və veneroloq sözlərinin birləşməsindən yaranmışdır. Mənası isə dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi deməkdir. Dermatoloq və veneroloq sözlərində “dermato-” dəri və “venero-” zöhrəvi mənasına gəlir. Danışıq dilində isə praktik olaraq daha çox “dermatoloq” ifadəsi istifadə olunur nəinki dermatoveneroloq. Hər iki termin eyni ixtisas həkimini ifadə edə bilər.
Dermatoveneroloq yalnız dəri və zöhrəvi xəstəliklərə baxır?
Xeyr, fəaliyyət sahəsi daha genişdir. Dermatoloqlar əsasən aşağıdakı sahələr üzrə qiymətləndirmə və müalicə aparırlar:
- Dəri xəstəlikləri: səpgilər, ekzema, psoriaz, infeksiyalar, allergik reaksiyalar və s.
- Saç və saçlı dərinin problemləri: saç tökülməsi, saçlı dəridə iltihab, kəpək və s.
- Dırnaq xəstəlikləri: rəng və forma dəyişiklikləri, göbələk şübhəsi və s.
- Selikli qişa lezyonları: ağız boşluğu daxilində yaralar və digər dəyişikliklər (seçilmiş hallarda).
- Cinsi yolla keçən infeksiyalar: ehtiyac olduqda müayinə və testlərlə qiymətləndirmə.
Lakin, əslində dermatoveneroloqlar cinsi yolla keçən veneroloji xəstəliklər və dəri xəstəliklərinin müalicəsi ilə yanaşı ağız boşluğunun xəstəlikləri, dırnaq və saç xəstəliklərinin müalicəsi ilə də məşğuldur. Fəqət terminin qısalığı və lokanikliyi baxımından adı keçən ixtisas həkimlərinə daha çox dermatoloq olaraq müraciət olunur.
Saç, dırnaq və uşaq dəri xəstəlikləri ilə kim məşğul olur?
Ölkəmizdə saç tökülməsi problemi geniş yayılmışdır. Saç və saç dibi xəstəlikləri ilə məşğul olan dermatoloqlara trixoloq adı verilsə də rəsmiyyətdə bu cür ixtisas sahəsi yoxdur. Trixoloq adı şərtidir. Trixologiya sahəsi ilə məşğul olan bütün həkimlər dermatoveneroloqlardır. Pediatrik dermatologiya və ya uşaq dəri xəstəlikləri ilə də dəri həkimi məşğul olur. Bundan başqa dəri xərçəngi başda olmaqla dəri törəmələri və şişlərini öyrənən və tətbiq edən dermatoonkologiya sahəsi ilə də dermatoloqlar məşğul olur.
Dermatoloq ixtisası necə əldə olunur?
Dermatoloq həkim dermatologiya ixtisasını əldə etmək üçün altı illik tibb universitetini bitirdikdən sonra dörd il rezidentura təhsilini əldə etməlidir. Rezidenturanı dörd il boyunca Türkiyədə keçən həkimlərə dermatologiya uzmanı da deyilir. Vətəndaşlarımız tərəfindən isə “uzman dermatoloq” ifadəsi daha çox istifadə edilir. Göründüyü kimi eyni ixtisasla bağlı çoxlu terminlər istifadə edilir. Fəqət bütün terminlər eyni ixtisas həkiminə aparır.
Dermatoloq qəbulunda nələr edilir?
Dermatoloq qəbulunda ilkin addım xəstənin şikayətinin və xəstəlik tarixinin (anamnezin) toplanmasıdır. Sonra klinik müayinə aparılır və ehtiyac olarsa diaqnozu dəqiqləşdirmək üçün əlavə müayinələr tövsiyə oluna bilər.
- Klinik baxış: dəri lezyonlarının qiymətləndirilməsi
- Dermatoskopiya: seçilmiş hallarda dəri törəmələrinin dəyərləndirilməsi
- Laborator testlər: ehtiyac olduqda (qan/sidik və s.)
- Mikrobioloji müayinələr: bakterial/göbələk şübhəsi olduqda
- Biopsiya: yalnız göstəriş olduqda (pasiyentlərin “dəri əkilməsi” dediyi prosedurla qarışdırıla bilər)
Dermatoloq həkimlər hər şeydən əvvəl cinsi xəstəliklər, ağızda yara verən xəstəliklər, dırnaq xəstəlikləri, saç xəstəlikləri və dəri xəstəlikləri olan pasiyentləri qəbul edir və onlardan ətraflı xəstəlik tarixi dediyimiz anamnezi toplayır. Anamnez toplamaq üçün mütləq xəstə həkimlə üz-üzə olmalıdır. Anamnezin işığında dermatoloq xəstəni kliniki müayinə edir və ilkin diaqnozu qoyur.
Pasiyentlər tərəfindən yanlış olaraq dəri əkilməsi adlandırılan dəri biopsiyası testinə də müraciət edilir. Diaqnozu dəqiqləşdirmək üçün xəstədən ehtiyac olduğu təqdirdə qan, sidik, bakterial, funqal, mikobakterial, radioloji testlər istənilə bilər. Cinsi xəstəliklər isə ehtiyac olduğu təqdirdə uretral sürüntü testi ilə tədqiq edilir.
Nə vaxt dermatoloqa müraciət etməli?
- Uzun sürən və ya təkrarlayan səpgilər
- Şiddətli qaşınma, dəridə çatlar və iltihab əlamətləri
- Yeni yaranan, böyüyən və ya rəngi dəyişən dəri törəmələri
- Saç tökülməsi və saçlı dəridə davamlı problem
- Dırnaq rəng/forma dəyişiklikləri
- Ağız daxilində uzun çəkən yaralar
- Cinsi yolla keçən infeksiyadan şübhə
Qeyd: Qəbul və əlaqə məlumatları ana səhifədə göstərilib




