Dəri tipləri – Öz dəri tipinizi necə müəyyən edə bilərsiz ?

dəri tipləri

Dəri tipləri: öz dəri tipinizi necə müəyyən etmək olar?

Dəri tipləri haqqında düzgün məlumat dəriyə qulluq vasitələrinin, nəmləndiricinin, təmizləyicinin və günəşdən qoruyucu kremin seçilməsinə kömək edir. Lakin “dəri tipi” ifadəsi iki fərqli anlayış üçün istifadə olunur. Birinci təsnifat dərinin yağlanma və nəmlik xüsusiyyətlərinə əsaslanır. İkinci təsnifat isə dərinin rəngi və günəş şüalarına verdiyi reaksiyanı qiymətləndirən Fitzpatrik dəri fototipləridir.

Yağlı, quru, normal və qarışıq dəri üz dərisinin piy ifrazı və nəmlik balansını göstərir. Fitzpatrik I–VI dəri tipləri isə dərinin günəşdə yanma və qaralma xüsusiyyətlərini təsvir edir. Bu iki təsnifat bir-birini əvəz etmir. Məsələn, bir insan həm yağlı dəriyə, həm də Fitzpatrik II fototipinə sahib ola bilər.

Həssas, sızanağa meyilli və yetkin dəri də gündəlik danışıqda ayrıca dəri tipi adlandırılır. Lakin bunlar çox vaxt əsas yağlanma tipindən əlavə mövcud olan xüsusiyyət və ya dəri vəziyyətidir. Həssas dəri eyni zamanda quru, yağlı və ya qarışıq ola bilər.

Qısa cavab: əsas dəri tipləri hansılardır?

Yağlanma və nəmlik səviyyəsinə görə üz dərisi əsasən normal, quru, yağlı və qarışıq dəri tiplərinə ayrılır. Həssas dəri isə bu tiplərdən hər biri ilə birlikdə mövcud ola bilən əlavə xüsusiyyətdir. Dərinin rəngi və günəşə reaksiyası Fitzpatrik şkalasına əsasən I-dən VI-ya qədər altı fototipə bölünür.


Dəri tipi nədir?

Dəri tipi dərinin piy ifrazı, nəmlik səviyyəsi, baryer funksiyası və xarici təsirlərə reaksiyası ilə əlaqəli ümumi xüsusiyyətlər toplusudur. Genetik meyillik mühüm rol oynasa da, yaş, hormonal dəyişikliklər, hava şəraiti, dərmanlar, dəri xəstəlikləri və istifadə olunan kosmetik vasitələr dərinin cari vəziyyətinə təsir göstərə bilər.

Üz dərisində piy vəziləri xüsusilə alın, burun və çənə nahiyəsində daha aktivdir. Bu sahə T-zona adlandırılır. Yanaqlarda piy ifrazı daha az ola bilər. Buna görə bəzi insanlarda üzün mərkəzi yağlı, yanaqları isə normal və ya quru görünür.

Dərinin yağlı görünməsi onun kifayət qədər nəmlənməsi demək deyil. Yağlı dəridə də su çatışmazlığı və baryer zəifliyi yarana bilər. Eyni zamanda quru dəri yalnız səthi yağın az olması ilə deyil, dəridən su itkisinin artması ilə də əlaqəli ola bilər.


Dəri tiplərinin iki fərqli təsnifatı

Dəri tipləri haqqında danışarkən hansı təsnifatın nəzərdə tutulduğunu müəyyən etmək vacibdir. Kosmetik qulluq üçün əsasən yağlanma və nəmlik səviyyəsi qiymətləndirilir. Günəşdən qorunma, piqmentasiya riski və bəzi dermatoloji prosedurlar üçün isə Fitzpatrik dəri fototipi nəzərə alınır.

TəsnifatNəyi qiymətləndirir?KateqoriyalarNə üçün istifadə olunur?
Yağlanma və nəmlik təsnifatıPiy ifrazını, quruluğu və üzün müxtəlif sahələrindəki fərqləriNormal, quru, yağlı və qarışıq dəriTəmizləyici, nəmləndirici və gündəlik qulluq vasitələrinin seçilməsi
Fitzpatrik fototip təsnifatıDərinin təbii rəngini, günəşdə yanma və qaralma xüsusiyyətləriniI, II, III, IV, V və VI fototiplərGünəş riskinin, piqmentasiya ehtimalının və bəzi prosedurların planlaşdırılması

Vacib fərq

“Açıq dəri” ilə “quru dəri” eyni anlayış deyil. Açıq və ya tünd rəng dərinin fototipini, quru və ya yağlı olması isə əsasən piy-nəmlik xüsusiyyətini göstərir.


Dəri tipini necə müəyyən etmək olar?

Dəri tipini təxmini qiymətləndirmək üçün üzü yumşaq təmizləyici ilə yumaq, dərini sürtmədən qurulamaq və bir müddət krem, serum və makiyaj tətbiq etmədən müşahidə etmək olar. Bu müddətdə dəridə dartılma, parıltı, qabıqlanma və T-zona ilə yanaqlar arasındakı fərqlər nəzərə alınır.

Bu üsul yalnız praktik müşahidədir və tibbi diaqnostik test hesab edilmir. Hava şəraiti, üzün əvvəlki günlərdə həddindən artıq yuyulması, pilinq, retinoidlər və sızanaq müalicələri nəticəni dəyişə bilər.

 

Üzü yuduqdan sonra dəri dartılırsa

Dəridə dartılma, kobudluq, qabıqlanma və rahatlıq üçün tez bir zamanda krem çəkmək ehtiyacı yaranırsa, quru və ya susuzlaşmış dəri ehtimalı vardır.

 

Bütün üzdə nəzərəçarpan parıltı yaranırsa

Alın, burun, çənə və yanaqlarda parıltı, geniş görünən məsamələr və tez-tez sızanaq yaranması yağlı dəri tipinə uyğun ola bilər.

 

Yalnız T-zona yağlanırsa

Alın, burun və çənə yağlı olduğu halda yanaqlar normal və ya quru qalırsa, bu görünüş qarışıq dəri tipi ilə uyğun gəlir.

 

Nə güclü quruluq, nə də artıq yağlanma varsa

Dəri gün ərzində rahatdırsa, parıltı məhduddursa, qabıqlanma və dartılma yoxdursa, normal dəri xüsusiyyətləri üstünlük təşkil edə bilər.


Normal dəri tipi nədir?

Normal dəri tipində piy ifrazı və nəmlik balansı nisbətən stabildir. Dəri nə həddindən artıq yağlı, nə də nəzərəçarpan dərəcədə qurudur. Məsamələr adətən çox geniş görünmür və dəridə davamlı dartılma hissi olmur.

 

Normal dərinin əlamətləri

  • Yumşaq və elastik dəri səthi
  • Məhdud parıltı
  • Az nəzərə çarpan məsamələr
  • Davamlı qabıqlanmanın olmaması
  • Məhsullara qarşı ümumən yaxşı tolerantlıq

 

Normal dəriyə necə qulluq edilməlidir?

Normal dəri də təmizləyici, nəmləndirici və günəşdən qoruyucuya ehtiyac duyur. Dərinin normal görünməsi sərt sabun, həddindən artıq pilinq və günəş şüalarından qorunmamaq üçün əsas vermir.


Quru dəri tipi nədir?

Quru dəri tipində dərinin səthində yağ azlığı, su itkisinin artması və baryer zəifliyi müşahidə oluna bilər. Dəri dartılan, kobud, mat və qabıqlanan görünə bilər. Bəzi insanlarda qaşınma, yanma və xırda çatlar da yaranır.

Quru dəri genetik xüsusiyyət ola bilər. Bununla yanaşı, soyuq hava, aşağı rütubət, isti duş, sərt sabun, tez-tez yuyunma, yaşlanma və bəzi dəri xəstəlikləri quruluğu artıra bilər.

 

Quru dərinin əlamətləri

  • Yuyunduqdan sonra dartılma
  • Qabıqlanma və kobudluq
  • Mat görünüş
  • Qaşınma və həssaslıq
  • Xırda çatlar
  • Makiyajın qeyri-bərabər görünməsi

 

Quru dəriyə qulluq

Quru dəri üçün yumşaq və ətirsiz təmizləyici seçilməlidir. Üzü çox isti su ilə yumaqdan və sərt skrablardan uzaq durmaq lazımdır. Nəmləndirici yuyunduqdan sonra dəri bir qədər nəmli ikən tətbiq edilə bilər.

Seramidlər, qliserin, hialuron turşusu və uyğun yumşaldıcı maddələr dəri baryerinin dəstəklənməsinə kömək edə bilər. Davamlı quruluq və qaşınma varsa, problem yalnız dəri tipi deyil, ekzema, kontakt dermatit və ya başqa xəstəliklə əlaqəli ola bilər.

Ətraflı məlumat üçün

quru dəri problemi

haqqında məqaləyə baxa bilərsiniz.


Yağlı dəri tipi nədir?

Yağlı dəri tipində piy vəziləri daha çox sebum istehsal edir. Üzdə parıltı, geniş görünən məsamələr, qara nöqtələr və sızanaqlara meyillilik yarana bilər. Yağlanma əsasən alın, burun və çənədə nəzərə çarpsa da, bəzi insanlarda yanaqlara da yayılır. Burun əməliyyatından sonra dəri yağlanması artır. 

Yağlı dəri çirkli dəri demək deyil. Üzü tez-tez və sərt vasitələrlə yumaq piy ifrazını tam dayandırmır. Əksinə, dəridə qıcıqlanma, quruluq və baryer zədələnməsi yarada bilər.

Yağlı dərinin əlamətləri

  • Üzün böyük hissəsində parıltı
  • Geniş görünən məsamələr
  • Qara və ağ nöqtələr
  • Sızanaqlara meyillilik
  • Makiyajın tez dağılması
  • Saç və baş dərisində də yağlanma

 

Yağlı dəriyə qulluq

Yağlı dəri yumşaq təmizləyici ilə gündə iki dəfəyə qədər yuyula bilər. “Oil-free” və “non-comedogenic” kimi işarələnmiş məhsullar məsamələrin tutulması riskini azaltmaq üçün üstün tutula bilər.

Yağlı dərinin də nəmləndiriciyə ehtiyacı vardır. Yüngül teksturalı gel və ya losyonlar uyğun ola bilər. Spirtli toniklər, sərt sabun və dərini yandıran qarışıqlar yağlanmanın tibbi müalicəsi hesab edilmir.

Davamlı yağlanma, komedon və iltihablı sızanaqlar olduqda

yağlı dəri problemi

haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.


Qarışıq dəri tipi nədir?

Qarışıq dəri tipində üzün müxtəlif hissələri fərqli xüsusiyyət göstərir. Ən tipik görünüş T-zonanın yağlı, yanaqların isə normal və ya quru olmasıdır. Burunda qara nöqtələr və geniş məsamələr olduğu halda yanaqlarda dartılma və qabıqlanma müşahidə edilə bilər.

 

Qarışıq dərinin əlamətləri

  • Alın, burun və çənədə parıltı
  • Yanaqlarda quruluq və ya normal görünüş
  • T-zonada geniş məsamələr
  • Üzün yalnız müəyyən hissələrində sızanaq
  • Mövsümə görə dəyişən yağlanma və quruluq

 

Qarışıq dəriyə necə qulluq edilməlidir?

Qarışıq dəriyə qulluq zamanı bütün üzə eyni güclü məhsulu tətbiq etmək lazım deyil. Yağlı sahələrdə yüngül məhsullar, quru yanaqlarda isə daha çox nəmləndirici xüsusiyyətə malik krem istifadə edilə bilər.

Güclü turşuların və pilinqlərin yalnız T-zonaya tətbiqi bəzi insanlarda daha uyğun ola bilər. Lakin həssaslıq, ekzema və rozasea varsa, aktiv maddələrin istifadəsi dermatoloqla müzakirə edilməlidir.


Həssas dəri ayrıca dəri tipidirmi?

Həssas dəri kosmetik məhsullar, hava dəyişiklikləri, isti su, günəş və digər qıcıqlandırıcılardan sonra asanlıqla yanma, göynəmə, qaşınma və qızartı yaradan dəri xüsusiyyətidir. Həssaslıq dərinin yağlı və ya quru olmasını göstərmir.

Bir insanın dərisi həm yağlı və həssas, həm quru və həssas, həm də qarışıq və həssas ola bilər. Buna görə həssas dəri əsas yağlanma təsnifatına əlavə xüsusiyyət kimi qiymətləndirilə bilər.

 

Həssas dərinin əlamətləri

  • Məhsul tətbiqindən sonra yanma və göynəmə
  • Tez yaranan qızartı
  • Ətirli məhsullara dözümsüzlük
  • İsti və soyuq havadan sonra qıcıqlanma
  • Qaşınma və qabıqlanma

 

Həssas dəriyə qulluq

Həssas dəri üçün sadə tərkibli, ətirsiz və yumşaq məhsullar seçilməlidir. Eyni vaxtda çoxsaylı serum və aktiv maddə başlamaq qıcıqlanmanın səbəbini müəyyən etməyi çətinləşdirir.

Yeni məhsul əvvəlcə kiçik sahədə sınaqdan keçirilə bilər. Davamlı qızartı və yanma həmişə sadə həssaslıq deyil. Rozasea, kontakt dermatit, atopik dermatit və digər dəri xəstəlikləri istisna edilməlidir.

 


Sızanağa meyilli dəri ayrıca dəri tipidirmi?

Sızanağa meyillilik daha çox dəri vəziyyəti və fərdi meyillilikdir. Sızanaq yağlı dəridə daha çox müşahidə olunsa da, quru və həssas dəridə də yarana bilər. Bəzi sızanaq müalicələri dərini qurudaraq əvvəlki yağlı görünüşü müvəqqəti dəyişdirə bilər.

Sızanağa meyilli dəridə “non-comedogenic” məhsullar seçmək, ağır yağlı kosmetikadan uzaq durmaq və səpgiləri sıxmamaq məqsədəuyğundur. İltihablı, ağrılı və iz qoyan sızanaqlar yalnız kosmetik qulluqla məhdudlaşdırılmamalıdır.


Fitzpatrik dəri tipləri hansılardır?

Fitzpatrik dəri tipləri dərinin təbii piqmentasiyası və ultrabənövşəyi şüalara verdiyi cavab əsasında I-dən VI-ya qədər təsnif edilir. Bu sistem dərinin günəşdə nə qədər asan yanması və nə dərəcədə qaralması haqqında təxmini məlumat verir.

Fitzpatrik təsnifatını yalnız insanın üz rənginə baxaraq müəyyən etmək həmişə düzgün deyil. Əsas suallar əvvəlki günəş təcrübəsində dərinin yanıb-yanmaması və nə qədər qaralması ilə bağlıdır.

Fitzpatrick tipiÜmumi dəri xüsusiyyətiGünəşdə yanmaQaralma
I dəri tipiÇox açıq piqmentasiyaDemək olar ki, həmişə yanırAdətən qaralmır
II dəri tipiAçıq piqmentasiyaAsanlıqla yanırAz və çətin qaralır
III dəri tipiAçıqdan orta rəngə qədərBəzən yüngül yanırTədricən qaralır
IV dəri tipiOrta və ya zeytuni piqmentasiyaNadir hallarda yanırAsanlıqla qaralır
V dəri tipiTünd piqmentasiyaÇox nadir hallarda yanırTez və nəzərəçarpan qaralır
VI dəri tipiÇox tünd piqmentasiyaDemək olar ki, heç vaxt yanmırTəbii olaraq güclü piqmentasiyalıdır

Fitzpatrik dəri tipləri nə üçün vacibdir?

Fitzpatrik fototipi günəş yanığı ehtimalının, günəş zədələnməsinin və bəzi prosedurlardan sonra piqmentasiya riskinin qiymətləndirilməsinə kömək edir. Lazer və işıq əsaslı prosedurlarda dərinin rəngi və əvvəlki piqmentasiya reaksiyaları nəzərə alınmalıdır.

Açıq dəri tiplərində günəş yanığı və ultrabənövşəyi zədələnmə daha tez görünə bilər. Tünd dəri tiplərində isə sızanaq, ekzema, travma və prosedurlardan sonra qəhvəyi ləkə qalma ehtimalı daha yüksək ola bilər.

Tünd dəri günəş zədələnməsindən tam qorunmur. Bütün dəri tiplərində günəşdən qorunma vacibdir və şübhəli xal və ya sağalmayan yara dermatoloq tərəfindən qiymətləndirilməlidir.

Fitzpatrik dəri tipləri və dermatoonkologiya

Dərinin pigmentlənmə dərəcəsinə görə altı tipi vardır. Dərisinin rəngi ən açıq olan şəxslər I dəri tipinə sahibdirlər. Dərisinin rəngi ən tünd olan şəxslər isə VI dəri tipinə sahibdirlər. Dəri tipi I olan şəxslərdə pigmentlənmə dərəcəsi zəyif olduğu üçün günəşin kanserogen ultrabənövşəyi şüalarından daha pis qorunurlar. Dəri tipi VI olan şəxslərdə dərinin pigmentlənmə dərəcəsi çox yüksək olduğu üçün günəşin kanserogen ultrabənövşəyi şüalarından daha mükəmməl qorunurlar. Deməli, dəri tipi I olanlar dəri xərçəngi əmələ gəlmə baxımından yüksək riskli şəxslərdir.

Bu baxımdan dəri tipi I olanlar günəş şüalarından qorunmaq üçün yüksək SPF günəş qoruyucu kremlərdən istifadə etməlidirlər. Azərbaycanda ən geniş yayılmış dəri tipi III və IV-dür. Hər bir insan öz dəri tipini bilməlidir və dəri xərçəngini başda melanoma, bazalioma (BCC), yastı hüceyrəli karsinoma (SCC) əngəlləmək üçün müvafiq dərəcədə günəşdən qoruyucu kremlərdən istifadə etməlidir. Açıq rəngli dəri tipinə sahib olanlar ən azı +50 SPF, tünd rəngli dəri tipinə sahib olan şəxslər isə ən azı +30 SPF günəş qoruyucu kremlərdən istifadə etmələləri məsləhət edilir.


Dəri tipinə uyğun gündəlik qulluq necə olmalıdır?

Gündəlik dəriyə qulluq çoxsaylı məhsuldan ibarət olmaq məcburiyyətində deyil. Əsas proqram adətən uyğun təmizləyici, nəmləndirici və geniş spektrli günəşdən qoruyucudan ibarətdir. Əlavə aktiv maddələr konkret problem olduqda seçilməlidir.

Dəri tipiTəmizləyiciNəmləndiriciƏsas diqqət
NormalYumşaq gündəlik təmizləyiciYüngül krem və ya losyonBaryerin və günəşdən qorunmanın saxlanması
QuruƏtirsiz, krem əsaslı yumşaq təmizləyiciDaha zəngin kremBaryerin bərpası və su itkisinin azaldılması
YağlıYumşaq gel və ya köpüklənən təmizləyiciYüngül, non-komedogen losyon və ya gelArtıq qıcıqlandırmadan yağlanmanın idarə edilməsi
QarışıqYumşaq və balanslaşdırılmış təmizləyiciSahələrə görə fərqli teksturaT-zona və yanaqların fərqli ehtiyacları
HəssasƏtirsiz və minimal tərkibli məhsulSakitləşdirici və baryer dəstəkləyən kremQıcıqlandırıcı maddələrin məhdudlaşdırılması

Dəri tipinə görə hansı SPF seçilməlidir?

Günəşdən qoruyucu məhsul bütün dəri tiplərində geniş spektrli qoruma təmin etməlidir. Ən az SPF 30 gündəlik qorunma üçün uyğun başlanğıc seçimdir. Açıq havada uzun müddət qalarkən məhsul kifayət qədər miqdarda tətbiq edilməli və yenilənməlidir.

Yağlı və sızanağa meyilli dəridə yüngül, non-komedogen maye və ya gel teksturalar daha rahat ola bilər. Quru dəri krem teksturalı məhsula, həssas dəri isə ətirsiz və yaxşı tolerantlı formulaya ehtiyac duya bilər.


Dəri tipi zamanla dəyişə bilərmi?

Dərinin genetik meyilliliyi davam etsə də, yağlanma və quruluq zamanla dəyişə bilər. Yeniyetməlikdə hormonal dəyişikliklər piy ifrazını artıra, yaş artdıqca isə dəri daha quru hala gələ bilər.

Soyuq hava, kondisioner, quru mühit, isti duş və sərt təmizləyicilər dərini müvəqqəti olaraq quruda bilər. İsti və rütubətli hava yağlanmanı daha nəzərəçarpan edə bilər.

İzotretinoin, retinoidlər, bəzi hormonal preparatlar və digər müalicələr də dərinin yağlanma və həssaslıq səviyyəsini dəyişdirə bilər. Buna görə illər əvvəl müəyyən etdiyiniz dəri tipi hazırkı dəri vəziyyətinizlə tam uyğun gəlməyə bilər.

Fitzpatrik fototipi isə gündəlik yağlanma tipindən daha sabit xüsusiyyətdir. Günəşdən sonra qaralma dərinin görünən rəngini dəyişdirsə də, insanın əsas günəş reaksiyası və fototip xüsusiyyətləri tamamilə başqa tipə çevrilmir.


Dəri tipinin müəyyən edilməsində ən çox edilən səhvlər

 

Susuzlaşmış dərini quru dəri tipi hesab etmək

Susuzlaşma dərinin su çatışmazlığıdır və yağlı dəridə də yarana bilər. Yağlı, lakin dartılan və qıcıqlanan dəri həm artıq piy ifrazına, həm də baryer zəifliyinə sahib ola bilər.

 

Sızanağı yalnız yağlı dəri ilə əlaqələndirmək

Sızanaq yağlı dəridə daha çox müşahidə olunsa da, quru və həssas dəridə də yarana bilər. Sızanağın müalicəsi yalnız dərini qurutmaqdan ibarət olmamalıdır.

 

Həssas dərini yalnız bir kosmetik tip saymaq

Davamlı qızartı, yanma və qaşınma rozasea, ekzema və kontakt allergiya kimi xəstəliklərin əlaməti ola bilər. Uzunmüddətli şikayətləri yalnız “həssas dəri” adı altında gizlətmək diaqnozu gecikdirə bilər.

 

Dərinin rəngi ilə yağlanmasını qarışdırmaq

Tünd və açıq dəri rəngi Fitzpatrik fototipi ilə, yağlı və quru dəri isə piy-nəmlik xüsusiyyətləri ilə əlaqəlidir. Açıq dəri yağlı, tünd dəri isə quru ola bilər.

 

Çox güclü təmizləyici istifadə etmək

Üzün yuyulduqdan sonra həddindən artıq dartılması təmizləyicinin “yaxşı işlədiyini” göstərmir. Bu hiss dəri baryerinin zədələnməsi və qıcıqlanma ilə əlaqəli ola bilər.


Dəri tipini müəyyən etmək üçün nə vaxt dermatoloqa müraciət edilməlidir?

Sadə dəri tipini çox vaxt gündəlik müşahidə ilə təxmin etmək mümkündür. Lakin yağlanma, quruluq, qızartı və səpgilər uzun müddət davam etdikdə əsas dəri xəstəliyi istisna edilməlidir.

 

Aşağıdakı hallarda dermatoloq müayinəsi məqsədəuyğundur:

  • Davamlı və güclü qaşınma
  • Qızartı, yanma və göynəmə
  • Qabıq, çat və sulanma
  • Ağrılı və iz qoyan sızanaqlar
  • Ani başlayan güclü yağlanma
  • Saçlarda və üzdə birlikdə yağlanma və qabıqlanma
  • Kosmetik vasitələrə təkrarlanan allergik reaksiya
  • Dəridə sağalmayan yara və ya dəyişən xal
  • Prosedurdan sonra davamlı piqmentasiya

Dərinizin vəziyyəti haqqında dəqiq qiymətləndirmə üçün

Bakıda dermatoloq müayinəsinə

gedə bilərsiniz.

 

Dəri tipləri haqqında tez-tez verilən suallar


 

Neçə dəri tipi vardır?

Yağlanma və nəmlik səviyyəsinə görə dörd əsas dəri tipi vardır: normal, quru, yağlı və qarışıq. Həssas dəri bunların hər biri ilə birlikdə mövcud ola bilən əlavə xüsusiyyətdir. Fitzpatrik təsnifatında isə altı dəri fototipi vardır.

 

Öz dəri tipimi necə müəyyən edə bilərəm?

Üzü yumşaq vasitə ilə yuduqdan sonra yağlanma, dartılma, qabıqlanma və T-zona ilə yanaqlar arasındakı fərqləri müşahidə edə bilərsiniz. Lakin aktiv dəri xəstəliyi və ya müalicə nəticəni dəyişə bilər.

 

Yağlı dəri eyni zamanda susuzlaşmış ola bilərmi?

Bəli. Yağ dəridəki sebumu, nəmlik isə su miqdarını ifadə edir. Buna görə yağlı dəri həddindən artıq təmizlənmə, hava şəraiti və qıcıqlandırıcı məhsullar səbəbindən susuzlaşa bilər.

 

Həssas dəri quru dəri deməkdirmi?

Xeyr. Həssas dəri quru, yağlı, normal və ya qarışıq ola bilər. Həssaslıq məhsullara və ətraf mühit təsirlərinə qarşı qızartı, yanma və qaşınma ilə özünü göstərə bilər.

 

Qarışıq dəri üçün iki fərqli krem istifadə etmək olarmı?

Bəli. T-zonada yüngül məhsul, quru yanaqlarda isə daha zəngin nəmləndirici istifadə etmək mümkün ola bilər. Məhsullar dərinin dözümlülüyünə uyğun seçilməlidir.

 

Fitzpatrick dəri tipi ilə dəri rəngi eyni anlayışdırmı?

Tam eyni deyil. Dərinin görünən rəngi təsnifata kömək etsə də, Fitzpatrik fototipi əsasən dərinin günəşdə yanma və qaralma reaksiyasına əsaslanır.

 

Tünd dəriyə günəşdən qoruyucu lazımdırmı?

Bəli. Tünd dəri ultrabənövşəyi şüalara qarşı müəyyən təbii qoruma təmin etsə də, günəş zədələnməsi, piqmentasiya və dəri xərçəngi riski tamamilə aradan qalxmır.

 

Dəri tipinə uyğun olmayan məhsul nə edə bilər?

Çox ağır məhsul məsamələrin tutulmasını, çox sərt məhsul isə quruluq, yanma və qıcıqlanmanı artıra bilər. Məhsul seçimi yalnız marketinqdə göstərilən dəri tipinə deyil, aktiv xəstəliklərə də uyğun olmalıdır.

 

Dəri tipi dəqiq testlə müəyyən edilirmi?

Gündəlik praktikada dəri tipi əsasən klinik görünüş, şikayətlər və istifadə olunan məhsullara reaksiya əsasında qiymətləndirilir. Xüsusi cihazlarla yağlanma və nəmlik ölçülə bilər, lakin əksər insanlarda bunlar zəruri deyil.


Nəticə: hansı dəri tipinə sahib olduğunuzu düzgün anlayın

Dəri tipləri yalnız yağlı və quru dəri anlayışından ibarət deyil. Üz dərisinin yağlanma xüsusiyyəti normal, quru, yağlı və qarışıq tiplərə bölünür. Həssaslıq və sızanağa meyillilik isə bu əsas tiplərlə birlikdə mövcud ola bilər.

Dərinin rəngi və günəşə reaksiyası ayrıca Fitzpatrik I–VI fototipləri ilə qiymətləndirilir. Dəriyə qulluq məhsulu seçərkən yağlanma tipi, günəşdən qorunma və dermatoloji prosedur planlaşdırılarkən isə fototip nəzərə alınmalıdır.

Dəridə davamlı quruluq, güclü yağlanma, qızartı, qaşınma və səpgilər varsa, bunu yalnız dəri tipi kimi qəbul etmək düzgün deyil. Belə hallarda əsas dəri xəstəliyinin müəyyən edilməsi üçün dermatoloq müayinəsi tələb oluna bilər.

Dəri tipinizi müəyyən etməkdə çətinlik çəkirsiniz?

Yağlanma, quruluq, həssaslıq və səpgilər davam edirsə, düzgün dəriyə qulluq proqramı seçməzdən əvvəl dermatoloji müayinədən keçin.


Dermatoloq müayinəsi haqqında məlumat alın

dəri tipləri

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir