Trixoloq kimdir ?

trixoloq

Trixoloq: kimdir, nə edir və hansı hallarda müraciət etmək lazımdır?

Trixoloq saç və baş dərisi problemlərinin qiymətləndirilməsi, səbəbin araşdırılması və uyğun müalicə planının qurulması ilə məşğul olan mütəxəssisdir. İnsanlar çox vaxt “saç tökülməsi üçün hansı həkimə gedim?”, “trixoloq nədir?”, “trixoloq kimdir?” kimi suallar verir. Əslində bu sahə saçın özü ilə yanaşı baş dərisinin sağlamlığını da əhatə edir.

Saç tökülməsi, kəpək, baş dərisində qaşınma, yağlanma, qabıqlanma, saçın seyrəlməsi, saç telinin kövrəkləşməsi və bəzi iltihabi hallar eyni səbəbdən yaranmır. Buna görə düzgün yanaşma hazır məhsul seçməkdən yox, problemin niyə yarandığını anlamaqdan başlayır. Məhz buna görə trixoloq həkim saç və baş dərisi problemlərində vacib rol oynayır.

 


Mündəricat

  1. Trixoloq nədir?
  2. Trixoloq kimdir?
  3. Trixoloq həkim nə edir?
  4. Trixoloq hansı problemlərə baxır?
  5. Saç tökülməsində trixoloqun rolu
  6. Baş dərisi xəstəlikləri və trixoloq
  7. Trixoloq müayinəsində necə diaqnostika aparılır?
  8. Trixologiyada müalicə necə seçilir?
  9. Nə zaman trixoloqa müraciət etmək lazımdır?
  10. Bakıda trixoloq seçərkən nələrə baxmaq lazımdır?
  11. Tez-tez verilən suallar

 


Trixoloq nədir?

Trixoloq nədir sualının qısa cavabı belədir: saç və baş dərisi problemlərinin diaqnostikası və idarə olunması ilə maraqlanan mütəxəssis. Lakin, trixoloq ixtisası saç xəstəlikləri ilə məşqul olan mütəxəssislərə verilən şərti ünvandır. Saç tökülməsi başda olmaqla digər saç problemləriylə əsasən ixtisaslaşmış dermatoloq həkimlər məşqul olurlar. “Trixologiya” sözü saç və tük elmi mənasında işlədilir. Praktik baxımdan bu sahə saç tökülməsi, baş dərisinin iltihabi və qabıqlanan problemləri, saç telinin struktur pozğunluqları və bəzi xroniki saç xəstəliklərini əhatə edir.

İnsanlar çox vaxt təkcə saç tökülməsi olanda trixoloq axtarır. Halbuki yağlı və ya quru kəpək, baş dərisində qaşınma, tez yağlanma, saçın nazikləşməsi, diffuz seyrəlmə, ocaqlı tökülmə, saçın qırılması və saç dibində həssaslıq kimi problemlər də trixoloq qiymətləndirməsi tələb edə bilər.

 

trixoloq

 


Trixoloq kimdir?

Trixoloq kimdir və “bu həkim mənə hansı problemdə kömək edə bilər?” sualı ilə tez-tez müraciətlər olunur. Trixoloq saç tökülməsinin növünü ayırd etməyə, baş dərisi problemlərinin səbəbini araşdırmağa və müalicənin istiqamətini təyin edən dermatoloqdur.  

Dermatoloqlar sadəcə saç xəstəlikləri ilə deyil, paralel şəkildə dəri, dırnaq, ağız boşluğunun xəstəlikləri, cinsi xəstəliklər ilə də məşquldurlar. Bu baxımdan bütün trixoloqlar ixtisaslaşmış həkim dermatoloq olmalıdır. Lakin, ölkəmizdə özünə trixoloq deyənlərin heç birisinin həkimlik diplomu yoxdur. 

Burada ən vacib məqam budur: saç tökülməsi bir diaqnoz deyil, bir simptomdur. Ona görə trixoloq yalnız “saç niyə tökülür?” sualına yox, həm də “hansı tip tökülmədir?”, “müvəqqətidir, yoxsa xronikidir?”, “baş dərisi də prosesə qoşulubmu?” kimi suallara cavab axtarır.

 


Trixoloq həkim nə edir?

Saçların tökülməsi və digər tük xəstəlikləri ilə əlaqəli problemlərin diaqnostikasını və müalicəsini yalnız ixtisaslaşmış dəri həkimləri icra edə bilərlər. Ümumiyyətlə saç xəstəliklərinin elmi araşdırması ilə məşqul olan sahəyə trixologiya deyirlər. Trixologiya ilə əsasən dermatoloq məşqul olur.

Trixologiya elmi alopesiya, hipertrixoz, saç gövdəsinin xəstəlikləri, kiprik tökülməsi, qaş tökülməsi, saqqal tökülməsi və s. problemləri öyrənir. Bu baxımdan trixoloq həkim ixtisası dermatologiya sahəsinin rəsmi qaydada təyin edilmiş alt ixtisası olmasa da şərti adı ilə dəri və zöhrəvi xəstəlikləri mütəxəssisi, yəni dermatoveneroloq həkimini özündə birləşdirir. Bir sözlə saç xəstəlikləri və saç tökülməsinin müalicəsi ilə bütün dermatoloqlar məşqul olur. 

 

Trixoloq həkim adətən aşağıdakı istiqamətlərdə işləyir:

 

  • saç tökülməsinin növünü müəyyənləşdirir;
  • baş dərisində yağlanma, kəpək, qaşınma və qabıqlanmanı qiymətləndirir;
  • saç telinin kövrəkləşməsi, incəlməsi və qırılması səbəblərini araşdırır;
  • hormonal, qidalanma və sistem səbəbləri nəzərə alır;
  • gərəkdikdə əlavə analiz və müayinələr tövsiyə edir;
  • müalicə və qulluq planı tərtib edir.

 

Trixoloq həkimlər hansı yanaşmadan istifadə edir?

Trixoloq həkimlər saç problemini yalnız kosmetik məsələ kimi yox, tibbi problem kimi qiymətləndirməlidir. Çünki eyni “saç tökülməsi” şikayətinin altında androgenetik alopesiya, telogen effluvium, alopesiya areata, seboreyalı dermatit, psoriaz, infeksiya, dəmir çatışmazlığı, qalxanabənzər vəz pozğunluğu və ya dərman təsiri dayana bilər.

 

başda keçəllik


Trixoloq hansı problemlərə baxır?

 

1. Saç tökülməsi

Ən çox müraciət səbəblərindən biridir. Saç tökülməsi diffuz, ocaqlı, irsi tipli, stressdən sonra yaranan və ya iltihabla əlaqəli ola bilər.

 

2. Baş dərisində kəpək və qabıqlanma

Saçlarda kəpəklənmə bəzən sadə seboreya ilə, bəzən isə seboreyalı dermatit, psoriaz və ya infeksiya ilə bağlı ola bilər.

 

3. Baş dərisində qaşınma və yağlanma

Tez yağlanan saçlar, qaşınma, qıcıqlanma və həssaslıq düzgün diaqnoz olmadan uzun müddət davam edə bilər.

 

4. Saç telinin nazilməsi və qırılması

Bu vəziyyət həmişə saç kökündən başlamır; bəzən istilik, kimyəvi prosedurlar, yanlış qulluq və ya struktur zədələnmə ön planda olur.

 

5. Ocaqlı və ya çapıqlı saç tökülməsi

Bəzi saç xəstəlikləri vaxtında tanınmadıqda qalıcı zədələnmə verə bilər. Ona görə erkən müraciət vacibdir.

 


Saç tökülməsində trixoloqun rolu

Saç tökülməsi hər gün müəyyən həddə qədər normal ola bilər. Ancaq tökülmə nəzərə çarpacaq dərəcədə artdıqda, saç aralananda, saç ayırımı enlənəndə, gicgahlar açıldıqda və ya ocaqlı boşluqlar yarandıqda səbəb araşdırılmalıdır.

 

Saç tökülməsinin ən vacib səbəbləri

  • irsi meyl və androgenetik alopesiya;
  • stres və xəstəlik sonrası telogen effluvium;
  • dəmir, sink, protein və bəzi qida çatışmazlıqları;
  • qalxanabənzər vəz problemləri;
  • bəzi dərmanların təsiri;
  • baş dərisinin iltihabi və ya infeksion xəstəlikləri;
  • saçı dartaraq yığan saç düzümü və yanlış qulluq vərdişləri.

 

Saç tökülməsində niyə erkən diaqnoz vacibdir?

Bəzi hallarda saç öz-özünə bərpa ola bilər, amma bəzi hallarda gecikmək daha çox seyrəlmə ilə nəticələnir. Xüsusilə çapıqlı saç tökülmələrində vaxtında müayinə gələcək saç itkisini azaltmaq üçün əhəmiyyətlidir.

 

uşaqlarda saç tökülməsi

 


Baş dərisi xəstəlikləri və trixoloq

Trixologiya yalnız saç sayını yox, baş dərisinin vəziyyətini də qiymətləndirir. Çünki baş dərisi sağlam deyilsə, saçın keyfiyyəti və artım dövrü də pozula bilər.

 

Baş dərisində ən çox rast gəlinən problemlər

  • kəpək və seboreya;
  • seboreyalı dermatit;
  • baş dərisi psoriazı;
  • göbələk və digər infeksiyalar;
  • iltihablı və həssas baş dərisi;
  • qaşınma və qabıqlanma ilə gedən hallar.

 

Baş dərisi sağlamlığı niyə önəmlidir?

Baş dərisində iltihab, infeksiya və ya güclü qabıqlanma olduqda saç tökülməsi arta, saç teli zəifləyə və bəzən müvəqqəti, bəzən isə daha ciddi itki yarana bilər.

 


Trixoloq müayinəsində necə diaqnostika aparılır?

Trixoloq və ya trixodermatoloq saç tökülməsinin səbəbi və tətikləyici faktorları təyin etmək üçün öncə kliniki, əyani müayinələr edir. Saçların dartma testi sadə üsuldur ki, tez-tez müraciət edilir. Dartma testi üçün və digər saç müayinələri üçün alopesiyadan əziyyət çəkənlərin ən azı üç gün başlarının yuyulmamasını tövsiyyə edilir. Ocaqlı saç tökülməsi olanlarda, xüsusən ocaqlı dazlıq, trixotillomaniya, tinea capitis və ya başın göbələk xəstəliyi olan trixofitoz zamanı əlavə olaraq trixoskopiya müayinəsi də aparılır. 

Düzgün müalicə düzgün diaqnozdan başlayır. Buna görə trixoloq müayinəsi yalnız “bir şampun yazmaq” deyil.

 

Müayinə zamanı nələr soruşula bilər?

  • tökülmənin nə vaxt başladığı;
  • birdən, yoxsa tədricən artdığı;
  • ailədə oxşar problemin olub-olmaması;
  • stres, doğuş, pəhriz, xəstəlik və ya əməliyyat tarixçəsi;
  • istifadə olunan dərmanlar;
  • saç boyası, düzləşdirici, fen və digər qulluq vərdişləri;
  • qaşınma, ağrı, yanma, qabıq və yağlanma kimi əlavə əlamətlər.

 

Hansı müayinə və analizlər lazım ola bilər?

  • baş dərisinin yaxından baxışı;
  • saç dartma testi;
  • trixoskopik qiymətləndirmə və ya dermatoskopik baxış;
  • qan analizləri;
  • bəzi hallarda baş dərisi biopsiyası;
  • lazım gələrsə digər ixtisaslarla birgə qiymətləndirmə.

 

Trixoskopiya ümumiyyətlə hər növ saç xəstəliklərinin müayinəsi zamanı istifadə edilir. Trixoskopiya əl aləti olan dermatoskop və ya trixoskop ilə aparılır. Uşaqlarda saç tökülməsi ən çox funqal patologiyalarla əlaqəli olduğu üçün müayinə üçün xəstədən göbələk testi də tələb edilə bilər.

Həkim trixoloq və ya dermatoloq saçların tökülməsinin səbəbi və provokasiyaedici faktorları təyin etmək üçün laborator, radioloji, patoloji analiz üçü dəri biopsiyası da tələb edə bilər. Diaqnostika aparıldıqdan sonra saç tökülməsinin müalicəsi müvafiq qaydada aparılır. Alopesiyaların müalicəsi adətən kompleks qaydada təşkil edilir. 

Trixoloq müayinəsinin məntiqi

Şikayət → saç və baş dərisinin qiymətləndirilməsi → səbəbin dəqiqləşdirilməsi → uyğun müalicə planı → izləmə və nəticənin yenidən dəyərləndirilməsi


Trixologiyada müalicə necə seçilir?

Müalicə diaqnozdan asılıdır. Saç tökülməsi olan hər kəsə eyni məhsul və ya eyni prosedur uyğun olmur.

 

Müalicə planına nələr daxil ola bilər?

  • evdə qulluq və düzgün saç baxımı;
  • səbəbə uyğun topikal və ya sistem müalicə;
  • bəzi hallarda minoksidil kimi preparatlar;
  • iltihab və avtoimmun proseslərdə spesifik yanaşma;
  • kəpək və seboreyada uyğun şampun və baş dərisi müalicəsi;
  • qida çatışmazlığı varsa onun düzəldilməsi;
  • uzunmüddətli izləmə.

 

Niyə özbaşına müalicə həmişə doğru deyil?

Saç tökülməsinin təbii yolla müalicəsinə güvənilməz və vaxt itirilməz. Çünki eyni şikayət altında fərqli xəstəliklər gizlənə bilər. Məsələn, irsi saç tökülməsi ilə göbələk infeksiyası, seboreyalı dermatit və ya qalxanabənzər vəzlə bağlı tökülmə eyni yanaşma ilə idarə olunmur.

 

qadınlarda saç tökülməsi


Nə zaman trixoloqa müraciət etmək lazımdır?

 

  • saç tökülməsi son aylarda nəzərə çarpacaq dərəcədə artıbsa;
  • saç ayırımı enlənibsə və ya saç seyrəlibsə;
  • ocaqlı boş sahələr yaranıbsa;
  • baş dərisində qaşınma, ağrı, qabıq və ya qızartı varsa;
  • kəpək uzun müddətdir keçmirsə;
  • saç sürətlə qırılır və nazikləşirsə;
  • saç problemi psixoloji narahatlıq yaradırsa;
  • evdə istifadə etdiyiniz məhsullar nəticə vermirsə.
  • uşaqlarda tala-tala tökülmə varsa

 


Bakıda trixoloq seçərkən nələrə baxmaq lazımdır?

İnsanlar tez-tez trixoloq baku, bakıda trixoloq, uzman trixoloq kimi axtarışlar edir. Bu niyyətə uyğun olaraq seçim zamanı aşağıdakı məqamlara baxmaq daha faydalıdır:

 

  • müayinə yalnız PRP və mezo məhsulu satışı kimi təqdim olunmamalıdır;
  • saç tökülməsinin səbəbini araşdıran sistemli yanaşma olmalıdır;
  • tibb univesiteti təhsili olan diplomlu dermatoloq olmalıdır
  • saç tökülməsi zamanı dermtoloqa müraciət trixoloqa müraciət deməkdir
  • ödənişsiz müayinə təklifi bir tələdir aldanmayın. 
  • baş dərisi ayrıca qiymətləndirilməlidir;
  • lazım olduqda analiz və əlavə müayinələr düşünülməlidir;
  • müalicə planı diaqnoza uyğun fərdiləşdirilməlidir;
  • nəticənin izlənməsi üçün təkrar dəyərləndirmə olmalıdır.

 

Yəni “yaxşı trixoloq” anlayışı yalnız reklamla yox, səbəbə yönəlmiş tibbi yanaşma ilə ölçülməlidir.

 

Tez-tez verilən suallar


Trixoloq nədir?

Trixoloq saç və baş dərisi problemlərinin qiymətləndirilməsi və idarə olunması ilə məşğul olan mütəxəssisdir.

 

Trixoloq kimdir?

Trixoloq saç tökülməsi, kəpək, baş dərisində qaşınma, yağlanma, qabıqlanma və bəzi digər saç-baş dərisi problemlərində səbəbi araşdıran və müalicə planı quran mütəxəssisdir.

 

Trixoloq həkim hansı problemlərə baxır?

Saç tökülməsi, androgenetik alopesiya, diffuz tökülmə, ocaqlı tökülmə, kəpək, seboreya, seboreyalı dermatit, baş dərisində qaşınma, saçın nazilməsi və qırılması kimi problemlərə baxa bilər.

 

Saç tökülməsi üçün trixoloqa nə zaman getmək lazımdır?

Saç tökülməsi artıbsa, saç aralanırsa, ocaqlı boşluqlar yaranıbsa və ya baş dərisi əlamətləri əlavə olunubsa, vaxt itirmədən diplomu dermatoloqa (araşdırın) müraciət etmək yaxşıdır.

 

Trixoloq müayinəsində analiz lazım olurmu?

Bəzən olur. Problemin tipindən asılı olaraq qan analizi, trixoskopik baxış və bəzi hallarda biopsiya lazım gələ bilər.

 

Trixoloq saç tökülməsini tam dayandıra bilərmi?

Bu, səbəbdən asılıdır. Bəzi növlər müvəqqəti olur və bərpa mümkündür, bəzilərində isə erkən müdaxilə prosesi ləngidə və nəticəni yaxşılaşdıra bilər.

 

Kəpək və baş dərisi qaşınması üçün də trixoloqa müraciət etmək olarmı?

Bəli. Kəpək və qaşınma sadə quruluqdan, seboreyalı dermatitdən, psoriazdan və ya digər problemlərdən qaynaqlana bilər.

 

Trixoloqla trixologiya arasında fərq nədir?

Trixologiya sahənin adıdır, trixoloq isə bu sahədə çalışan dermatoloq həkimdir.


Qeyd: Bu məqalə məlumat xarakterlidir. Saç və baş dərisi problemləri fərqli səbəblərlə yarana bilər; buna görə diaqnoz və müalicə fərdi qiymətləndirmə tələb edir.

   

trixoloq

trixoloq

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

2 Responses

  1. Salam məndə saçlarım 22-23 yaşdan hissə hissə ağararaq 30 yaşıma qədər tam ağarıb hal hazırda 35 yaşım var saçlarımda topa topa kəpəklər tökülür saçlarımda qaşınma olur qızartılar olur dayandığım yerdə kəpəklər tökülür kutkamın köynəyimin üstünə istənilən şampunla yuyuram nəticəsi yoxdur müalicə edə bilərsinizmi bu barədə nə məsləhət görərdiniz müayinəyə gəlməliyəmmi müayinə və müalicələr icbari sığortaya daxildirmi ünvanınız harda yerləşir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir