Sızanaq nədir? Akne səbəbləri, növləri və müalicəsi
Sızanaq, tibbi adı ilə akne, akne vulqaris və ya vulqar akne, tük follikulu və piy vəzilərinin xroniki iltihabi xəstəliyidir. Bu problem ən çox üzdə görünsə də, baş dərisi, sinə, kürək, çiyinlər və bədənin digər nahiyələrində də yarana bilər. Pasiyentlər bu vəziyyəti “adi çivzə”, “akne xəstəliyi”, “üzdə səpgilər”, “dərialtı düyünlər”, “irinli akne” və ya “bədəndə səpgilər” “dəri altı səpgilər” kimi də axtarırlar.
Akne yalnız estetik narahatlıq deyil. Müalicə gecikdikdə dəridə qalıcı ləkələr, çopurlar, çapıqlar və psixoloji narahatlıq yarada bilər. Buna görə krem, maz, sabun, maska və ya akne bandı seçməzdən əvvəl səpgilərin növü, ağırlığı və yaranma səbəbi düzgün qiymətləndirilməlidir.
Bu məqalədə aknenin yaranma səbəbləri, klinik formaları, patogenezi, hormonal faktorlar, qurd-parazit və Demodex ilə bağlı yanlış inanclar, ləkə və çapıq riski, Roaccutane və izotretinoin müalicəsi, eləcə də düzgün dəriyə qulluq prinsipləri geniş izah olunur.
Mündəricat
- Üzdəki səpgilərin əsas səbəbi nə ola bilər?
- Gənclik aknesi hansı yaşda başlayır?
- Akne dərinin hansı nahiyələrində yaranır?
- Üz, sinə, baş dərisi və bədəndə akneiform səpgilər
- Komedon, papula, pustula və kistik formalar
- Müalicə gecikərsə nə baş verə bilər?
- Yaranma səbəbləri
- Patogenez: dörd əsas mexanizm
- Qurd, parazit və bağırsaq müalicələri doğrudurmu?
- Demodex və “gənə xəstəliyi” məsələsi
- Krem, maz və sabun seçimi
- Akne bandı və ləkə maskaları
- Dərman seçimi necə aparılır?
- Müalicə prinsipləri
- Roaccutane və izotretinoin
- Ləkə və çapıq müalicəsi
- Müalicədə edilən xətalar
- Pasiyentlər üçün tövsiyələr
- Tez-tez verilən suallar
Üzdəki səpgilərin səbəbi nədir ?
Üzdə səpgi verən çoxsaylı dəri xəstəlikləri vardır. Ancaq elmi adı acne vulgaris olan adi çivzə problemi əsasən üz dərisində meydana gəlir. Üzdə yaranan səpgilər, çopurlar və irinli elementlərin əksər hallarda səbəbi vulqar akne olur.
Lakin üz dərisində bu xəstəliklə bənzərlik göstərən başqa patologiyalar da vardır. Rozasea, follikulit, perioral dermatit, dərman səpgiləri, Demodex ilə əlaqəli bəzi dermatozlar və göbələk mənşəli follikulit bəzən adi çivzə ilə qarışa bilər. Buna görə diaqnozun dəqiqləşdirilməsində dermatoloq rəyi vacibdir.
Gənclik aknesi hansı yaşda başlayır?
Vulqar akne üz dərisinin xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik əsasən yeniyetmələrdə və gənclərdə yaranır. Həddibüluğ yaşına girən şəxslərdə özünü göstərməyə başlayır.
Bununla belə, problem yalnız yeniyetməlik dövrünə aid deyil. Neonatal dövrdən tutmuş yetkin və ahıl yaşlara qədər müxtəlif yaş qruplarında akne və ya ona bənzər səpgilər yarana bilər. Böyüklərdə davam edən və ya yeni başlayan üz səpgiləri daha diqqətli qiymətləndirilməlidir.
Akne dərinin hansı nahiyələrində yaranır?
Acne vulgaris əsasən üz dərisində çıxır. Əlavə olaraq saçlı dəri, kürək, çiyinlər, yan nahiyələr və sinədə də ortaya çıxa bilər. Bunun səbəbi həmin nahiyələrdə piy vəzilərinin daha aktiv olmasıdır.
Üz, sinə, baş dərisi və bədəndə akneiform səpgilər
Üz nahiyəsində sızanaq
Üzdə akne ən çox alın, burun, yanaq, çənə və alt çənə xəttində yaranır. Alın nahiyəsində səpgilər bəzən yağlı saç məhsulları, baş geyimləri, tərləmə və komedogen kosmetik vasitələrlə əlaqəli ola bilər. Çənə və alt çənə xəttində təkrarlayan iltihabi elementlər isə bəzi qadınlarda hormonal faktorlarla bağlı ola bilər.
Sinə və döş nahiyəsində sızanaq
Sinə və döş nahiyəsində akneiform səpgilər tərləmə, dar geyim, sürtünmə, idmandan sonra dərinin uzun müddət nəm qalması, yağlı bədən kremləri və akne meyli ilə əlaqəli ola bilər. Bu nahiyədə follikulit də oxşar görünüş verə bilər.
Baş dərisində sızanaq
Başda səpgi dedikdə çox vaxt saçlı dəridə follikulit, seboreya, yağlanma, qıcıqlandırıcı saç məhsulları və ya akneiform elementlər nəzərdə tutulur. Saçlı dəridə ağrılı, irinli və təkrarlayan səpgilər varsa, yalnız şampun dəyişməklə kifayətlənmək düzgün deyil.
Bədəndə sızanaq səpgiləri
Kürək, çiyin, sinə, boyun və yan nahiyələrdə akneiform elementlər daha çox görünə bilər. Bu sahələrdə piy vəziləri aktiv olduğu üçün iltihabi səpgilərə meyl yüksəkdir. Tərləmə, sintetik geyim, sürtünmə və gec duş qəbul etmək problemi artıra bilər.
Komedon, papula, pustula və kistik formalar
Üzdəki çivzələrin müxtəlif klinik variantları vardır. Qara nöqtələr və ağ nöqtələr dediyimiz komedonal akne müalicəyə çətin tabe ola bilər. Papulo-pustulyar akne və nodular forma zamanı səpgilər irinli, qırmızı və ağrılı olur. Kistik akne isə dərinin daha dərin qatlarında meydana gəlir və böyük şişkinliklər yarada bilər.
| Klinik forma | Necə görünür? | Klinik əhəmiyyəti |
|---|---|---|
| Qara nöqtə | Açıq komedon | Məsamə tıxanır, üst hissə oksidləşərək qaralır |
| Ağ nöqtə | Qapalı komedon | Məsamə bağlıdır, iltihab zəif ola bilər |
| Papula | Qızarmış xırda qabarcıq | İltihab başlanğıcını göstərir |
| Pustula | İrinli element | İltihab daha aktivdir |
| Düyün/kista | Dərin, ağrılı dərialtı düyün | Çapıq riski yüksəkdir, dermatoloq müayinəsi lazımdır |
Sızanaq müalicə gecikərsə nə baş verə bilər?
Adi çivzə diaqnozu qoyulmuş gənc xəstələr erkən müalicəyə başlamalıdırlar. Əks halda üzdə düzəlməyən çapıqlar və çopurlar yarana bilər. Bu isə xəstələrdə ciddi psixoloji problemlər və komplekslər yarada bilər.
Akne xüsusilə gənclərdə psixoloji yük yaradır. Ona görə valideynlər övladlarında uzunmüddətli və ya ağırlaşan üz səpgiləri gördüyü zaman vaxtında dermatoloq həkimə müraciət etməlidirlər.
Sızanaqların yaranma səbəbləri
Bu xəstəliyin yaranmasında androgen hormonlarının genetik fonda təsiri böyük rol oynayır. Xüsusilə qadınlarda hormonal sızanaqlar endokrin pozuntular vəziyyəti ağırlaşdıra bilər. Belə hallarda androgenlər hiperseborreya, yəni dəri və saç yağlanmasının artmasına səbəb olur.
Yağlanma dəridə akne ilə əlaqəli bakteriyaların çoxalması üçün uyğun şərait yaradır. Bu isə iltihabi reaksiyalara səbəb olaraq üzdə səpgilər törədir. Tük follikullarının hiperkeratozu və yağ ifrazatı ilə tıxanması xüsusilə komedonal formanın yaranmasına səbəb olur.
Sızanaq patogenezi: dörd əsas mexanizm
Akne xəstəliyinin yaranması və inkişafında zəncirvari dörd ana mexanizm mövcuddur.
- Hiperseborreya: yağ vəzilərinin həddindən artıq ifrazı.
- Bakteriyalar: hiperseborreya yağ vəzilərində akne ilə əlaqəli bakteriyaların kolonizasiyasını və çoxalmasını asanlaşdırır.
- Hiperkeratoz: tük follikulunun dəriyə açılan hissəsinin divarlarının qalınlaşmasıdır. Bu mexanizm açıq və qapalı komedonlar, yəni ağ nöqtələr və qara nöqtələr şəklində görünə bilər.
- İltihab: yuxarıdakı mexanizmlər nəticədə dəridə iltihabi reaksiyalar başlayır və akne səpgiləri yaranır.
Qurd, parazit və bağırsaq müalicələri doğrudurmu?
Akne xəstəliyinin yaranmasında bağırsağın disbakteriozu, parazitar infeksiyalar, qurd invaziyaları, qaraciyər və böyrək patologiyaları əsas səbəb kimi rol oynamır. Bu istiqamətdə aparılan prosedurlar və müalicələr çox vaxt səmərəsiz və ziyanlı olur.
Qurd invaziyaları dəridə bəzi xəstəliklərə səbəb ola bilər. Lakin bütün dəri xəstələrində, o cümlədən vulqar akne xəstələrində bu cür müayinələr və müalicələr aparmaq xətalıdır. Bağırsaq florası ilə əlaqəli elmi araşdırmalar hələ yekun və universal müalicə qaydası yaratmadığı üçün bu istiqamətdə özbaşına müalicələr aparılması düzgün deyil.
Demodex və “gənə xəstəliyi” məsələsi
Bu da başqa bir tibbi xurafatdır. Bir çox mərkəzlərdə elmi adı Demodex folliculorum olan parazitə “gənə xəstəliyi” adı verilir və akne ilə səhv salınaraq gərəksiz müalicələr təyin edilir.
Bəli, demodeks hər bir insanın dərisində yaşaya bilən kommensal parazitdir. Onun üz dərisində törədə biləcəyi bəzi dəri xəstəlikləri vardır. Lakin adi çivzənin yaranmasında əsas səbəb kimi rol oynamır. Bu istiqamətdə aparılan lazımsız testlər və müalicələr çox vaxt zaman itkisi yaradır.
Akne ilə Demodex problemi niyə qarışdırılır?
Əvvəla qeyd etmək lazımdır ki, “gənə xəstəliyi” adında ayrıca elmi nozologiya yoxdur. Elmi adı Demodeks follikulorum olan və zooloji olaraq gənələr qrupuna daxil edilən bu canlı üz dərisində yerləşən kommensal mikroorqanizm kimi çox insanda mövcuddur.
Dərisində heç bir səpgisi olmayan insanda belə Demodeks ola bilər. Bağırsağın normal florasına daxil olan bakteriyaları tamamilə məhv etmək mümkün olmadığı kimi, dərinin normal florasına daxil olan Demodeksi də tamamilə təmizləmək məqsədəuyğun yanaşma deyil.
Gənə adı ilə aparılan müalicələr nə qədər doğrudur?
Gənə xəstəliyi adı şərtidir. Bu ad altında klinikaya müraciət edənlərin böyük bir qismi əslində aknedən əziyyət çəkənlərdir. Ölkəmizdə bir çox mərkəzlərdə gənə diaqnozu ilə əslində acne vulgaris pasiyentləri müalicə edilir.
Həqiqət isə ondan ibarətdir ki, Demodeks paraziti çivzələrin əsas yaranma səbəbi deyildir. Demodeks bəzi hallarda akne ilə əlaqəsi olmayan, lakin klinik bənzərlik göstərən başqa dəri xəstəliklərinin səbəbi ola bilər. Ona görə gənə əleyhinə verilən dərmanlar standart akne terapiyası üçün faydalı olmaya bilər.
Antiparazitar müalicələr, mədə-bağırsaq sisteminin endoskopiyası, bağırsaq yumaları və uzun-uzadı terapevtik check-up-lar vulqar akne problemi üçün adətən səmərəli yanaşma deyil. Bu, maliyyət itkisi və xəstəliyin dərinləşməsi ilə nəticələnə bilər.
Krem, maz və sabun seçimi
Akne üçün krem
Krem seçimi səpgilərin növünə görə dəyişir. Komedonal formada retinoid tərkibli preparatlar, iltihablı elementlərdə benzoil peroksid, azelain turşusu və ya kombinə dermatoloji vasitələr istifadə oluna bilər. Lakin hər krem hər pasiyent üçün uyğun deyil. Dərinin həssaslığı, hamiləlik, laktasiya, yaş və xəstəliyin ağırlığı nəzərə alınmalıdır.
Maz və məlhəmlər
Pasiyentlər tez-tez çivzələr və ləkələr üçün maz axtarırlar. Lakin bəzi mazlar yağlı əsaslı olduğu üçün məsamələri tıxaya və problemi artıra bilər. Ona görə akneyə meylli dəridə yağlı, komedogen və təsadüfi məlhəmlərdən uzaq durmaq daha doğrudur.
Təmizləyici sabun və gellər
Bu tip dəri üçün sabun seçərkən çox qurudan, spirtli, sərt və qıcıqlandırıcı məhsullardan uzaq durmaq lazımdır. Dəri yağlı olsa belə, baryer zədələnə bilər. Gündə 1–2 dəfə yumşaq təmizləyici ilə yumaq çox vaxt kifayətdir.
Levomekol istifadə edilə bilər?
Xəstələr özbaşına “levomekol ilə sızanaq” müalicəsi aparır. Lakin Levomekol klassik akne müalicəsinin əsas preparatı deyil. İrinli görünən hər səpgi antibiotik məlhəm tələb etmir. Yanlış antibiotik istifadəsi qıcıqlanma, kontakt dermatit və antibiotik rezistentliyi yarada bilər. Ağrılı və təkrarlayan irinli elementlər dermatoloq tərəfindən qiymətləndirilməlidir.
Akne bandı və ləkə maskaları
Hidrokolloid bandlar
Akne bandı bəzi səthi, irinli və açılmaq üzrə olan elementlərdə mayeni çəkməyə və pasiyentin səpgini sıxmasının qarşısını almağa kömək edə bilər. Lakin bu vasitə qara nöqtə, ağ nöqtə, dərialtı düyün, hormonal akne və ağır formaları müalicə etmir.
Ləkələr üçün maskalar
Ləkə maskaları bəzi hallarda dərini müvəqqəti sakitləşdirə bilər. Lakin qəhvəyi ləkələr, qırmızı izlər və akne çapıqları üçün maskalar əsas müalicə hesab olunmur. Bu hallarda günəş qoruyucu, azelain turşusu, retinoidlər, kimyəvi pilinq, lazer və digər kosmetoloji üsullar lazım ola bilər.
Dərman seçimi necə aparılır?
Akne əleyhinə dərman seçimi xəstəliyin yüngül, orta və ya ağır olmasına görə dəyişir. Bütün səpgilər eyni dərmanla müalicə olunmur. Müalicə planı klinik forma, yayılma, çapıq riski, pasiyentin yaşı, cinsi, hamiləlik ehtimalı və əvvəlki terapiyalara cavabına görə qurulmalıdır.
| Ağırlıq dərəcəsi | Tipik görünüş | Müalicə yanaşması |
|---|---|---|
| Yüngül forma | Qara nöqtə, ağ nöqtə, az sayda papula | Topikal retinoid, benzoil peroksid, azelain turşusu, düzgün dəri qulluğu |
| Orta forma | Çoxsaylı iltihablı elementlər, pustulalar | Kombinə topikal müalicə, seçilmiş hallarda oral antibiotik |
| Ağır forma | Düyün, kista, ağrılı dərialtı elementlər, çapıq riski | Dermatoloq nəzarəti, oral izotretinoin və ya digər sistem müalicələri |
Müalicə prinsipləri
Akne müalicəsi uzun müddət tələb edir. Akne xəstələri tərəfindən mütəmadi qaydada dəriyə qulluq aparılmalıdır. Profilaktika və baxım müalicənin mühüm hissəsidir.
Terapiyada yerli antibakterial kremlər, keratolitik losionlar, retinoid kremlər və seçilmiş hallarda hormonal müalicələr istifadə edilə bilər. Daha şiddətli formalarda daxilə antibiotiklər, hormonal preparatlar və ya oral izotretinoin təyin oluna bilər. Akne diaqnozu qoyulan pasiyentlər ümidsiz olmamalıdırlar. Bu, müalicə olunan dəri xəstəliyidir.
Roaccutane və izotretinoin
Uzun zamandır mütərəqqi səhiyyə sisteminə sahib ölkələrdə aknenin müalicəsi müasir üsullarla aparılır. Retinoid qrupu içərisində olan oral izotretinoin molekulu, soydaşlarımız tərəfindən daha çox Roaccutane dərmanı kimi tanınan terapevtik maddə, ağır və davamlı formalarda uğurla istifadə edilir.
Oral izotretinoin yağlı dəri problemini azalda bilər. Paralel şəkildə yağlı saçlar problemi də aradan qalxa bilər. Üzdəki irinli çivzələr azalır və bəzi xəstələrdə uzunmüddətli remissiya əldə etmək mümkün olur. Bu dərman haqqında daha ətraflı məlumat üçün Roaccutane haqqında məqaləyə baxa bilərsiniz.
Oral izotretinoin nə qədər ziyanlıdır?
Hər bir dərmanda olduğu kimi oral izotretinoinin yan təsirləri var. Ona görə bu dərman yalnız peşəkar dermatoloq tərəfindən təyin edildikdən sonra qəbul edilməlidir.
Oral izotretinoin qaraciyər göstəricilərinə və qanda lipid səviyyəsinə təsir edə bilər. Bundan başqa döldə ciddi qüsurlar yarada biləcəyi üçün hamilə qadınlara və hamiləlik planlaşdıranlara əks göstərişdir. Roaccutane qəbul edildiyi müddətdə qan donoru olmaq olmaz. Dodaqlarda quruluq çox rast gəlinən yan təsirdir. Bundan əlavə nadir yan təsirlər də ola bilər.
Bu dərman adətən aylarla davam edən müalicə planı şəklində dermatoloq nəzarəti ilə təyin edilir. Pasiyentlərdən səbr və müntəzəm həkim kontrolları tələb olunur.
Ləkə və çapıq müalicəsi
Akne sonrası iki əsas problem qala bilər: ləkə və çapıq. Ləkə adətən rəng dəyişikliyidir və zamanla açıla bilər. Çapıq isə dərinin struktur zədələnməsidir və daha ciddi dermatoloji prosedurlar tələb edə bilər.
Ləkələr üçün krem
Krem seçilərkən ləkənin qırmızı, qəhvəyi və ya qarışıq olması nəzərə alınmalıdır. Günəş qoruyucu istifadə edilmədən ləkə müalicəsinin effekti zəif ola bilər. Azelain turşusu, retinoidlər və digər dermatoloji tərkiblər seçilmiş pasiyentlərdə istifadə oluna bilər.
Mazlar və təsadüfi məhsullar
Ləkələr üçün maz axtarışı çox olsa da, hər maz rəng dəyişikliyini aparmır. Bəzi yağlı məhsullar yeni komedonlar yarada bilər. Ləkə və çapıq müalicəsi üçün dermatoloq tərəfindən dərinin vəziyyətinə uyğun plan qurulmalıdır.
Çapıqlar
Akne çapıqlarında sızanaqların dərman müalicəsi bitəndən sonra kimyəvi pilinq, mikroneedling, fraksional lazer, subsision, dolğu və digər kosmetoloji prosedurlar istifadə oluna bilər. Hansı metodun seçilməsi çapığın tipindən, dərinliyindən və dərinin vəziyyətindən asılıdır.
Müalicədə edilən xətalar
Bu xəstəliyin müalicəsində çoxsaylı xətalar mövcuddur. Məsələn, lazer, plazmoferez, bağırsaqların yuyulması, ozonoterapiya, hicama və s. kimi sübutu olmayan üsullara müraciət etmək problemin proqressivləşməsinə və dərinləşməsinə səbəb ola bilər. Dermatoloq seçimi zamanı xəstə sızanaq müalicəsində edilən səhvlər barəsində məlumatlı olmalıdır.
Odur ki, çivzələrdən əziyyət çəkən xəstələr müalicəsini sübuta əsaslanan təbabət üzərindən apara bilən dermatoloq həkimlərə həvalə etməlidirlər.
Pasiyentlər üçün tövsiyələr
Akne bir dəri xəstəliyidir. Valideynlər yeniyetmə övladlarını gecikdirmədən dermatoloq həkimə müayinə etdirməlidir. Bəzi pasiyentlər yanlış olaraq müalicə üçün qastroenteroloq, endokrinoloq, ginekoloq və s. kimi qeyri-ixtisas həkimlərinə müraciət edirlər. Uzun-uzadı check-up-lardan keçirlər, sonda isə effektiv dermatoloji müalicə aparılmır və zaman itkisinə bağlı xəstəlik dərinləşərək düzəlməyən çopurlar yaradır.
Ümumiyyətlə bilmək lazımdır ki, dəri, saç, dırnaq və ağız boşluğu problemləri zamanı dəri həkiminə müraciət edilməlidir. Bundan başqa acne vulgaris müalicəsi zamanı özfəaliyyət və ev şəraitində təsadüfi müalicələr tövsiyə edilmir. Səpgiləri sıxmaq, basmaq və qoparmaq problemi dərinləşdirir.
Pasiyentlər ümidsiz olmamalıdırlar. Bu xəstəliyin müalicəsi vardır. Hətta təcrübəli dermatoloqa müraciət etsəniz, uzunmüddətli və ya tam nəzarət əldə etmək mümkündür.

Tez-tez verilən suallar
Sızanaq nədir?
Sızanaq tük follikulu və piy vəzilərinin xroniki iltihabi xəstəliyidir. Qara nöqtə, ağ nöqtə, irinli element, dərialtı düyün və kistik akne şəklində görünə bilər.
Akne və adi çivzə eyni şeydir?
Bəli. Akne bu problemin tibbi adıdır. Acne vulgaris və ya vulqar akne isə ən çox rast gəlinən formanın elmi adıdır.
Krem necə seçilməlidir?
Krem klinik formaya görə seçilməlidir. Komedonal, iltihablı, dərialtı və çapıq qoyan formaların müalicəsi fərqli ola bilər.
Sabun kifayətdirmi?
Xeyr. Sabun yalnız təmizləyici vasitədir. Əsas müalicə üçün çox vaxt xüsusi dermatoloji preparatlar və düzgün plan tələb olunur.
Akne bandı problemi aradan qaldırır?
Band bəzi səthi irinli elementlərdə kömək edə bilər, lakin qara nöqtə, ağ nöqtə, dərialtı düyün, hormonal akne və ağır formaları müalicə etmir.
Levomekol uyğundur?
Levomekol klassik akne müalicəsinin əsas dərmanı deyil. İrinli görünən hər səpgi antibiotik məlhəm tələb etmir. Yanlış istifadə qıcıqlanma və rezistentlik riski yarada bilər.
Roaccutane nə zaman istifadə olunur?
Roaccutane və ya oral izotretinoin ağır, düyünlü-kistoz, çapıq qoyan və digər müalicələrə cavab verməyən akne formalarında dermatoloq nəzarəti ilə istifadə oluna bilər.
Sızanaq səpgilərini sıxmaq olar?
Xeyr. Sıxmaq iltihabı dərinləşdirə, ləkə və çapıq riskini artıra bilər.









29 Responses
Salam doktor, bağışlayın kureyimde qara noqteler var..kut halda yigismis sekildedir.eveller az idi ..indi daha da artib…bunu mualicesi varmi?ne etmeliyem bunun ucun..pis gorunur..(sizanaqlari hec demirem artiq oyresmisem.evliyem,30 yasim var hele de el cekmirler menden)cavab verseniz şad olaram.evelceden minnətdaram
Salam Günel xanım. Qara nöqtələr də sızanağın bir növüdür. Sızanağın çıxmasının səbəbini təyin etmək lazımdır hər şeydən əvvəl. Sadəcə kremlər sürtməklə bu məsələ düzəlməz. Həkim müayinəsi və müvafiq müaliəcələr lazımdır sizə. Müraciət edin yardım edərik sizə. Özünüz bir şey etməyin. Ünvan: HB Güven Klinikası. Atatürk prospekti ilə Əcəmi Naxcivani küçəsinin kəsişməsi. Ayna Sultanova heykəlinin arxası. Bazar günü xaric hər gün 10:00-15:00 arası xəstə qəbul edilir. ☎️: (051) 444 66 44, ?: https://mehdiiskandarli.com Gəlmədən əvvəl yuxarıda qeyd edilən nömrə ilə iş vaxtlarında, vatsapla isə istənilən vaxt əlaqə saxlayaraq randevu almanız xahiş olunur ??☘️
Salam doktor.Artıq 2 aya yaxındır ki sinə və çiyin nahiyəmdə qirmizi səpgilər yaranır.Bir çox maz istifadə etdim amma təsiri yoxdur. 41 yaşım var, əvvəllər belə bir problemim olmayıb.Sizcə dermatoloqamı yaxınlaşmalıyam, yoxsa genekokoqamı? Çünki bildiyim qədəri ilə səpgilər hormon pozgunluğu olanda da yaranır
Salam Arzu xanım. Sızanaq dəri xəstəliyidir. Təbii ki, sızanağın diaqnostikası və müalicəsiylə dermatoloq məşqul olur. Ona görə dermatoloq həkimə müraciət etmək lazımdır. Hormonal pozuntu ilə əlaqə hər zaman olmur. Dermatoloq şüphə edərsə lazımı testlərdən sizi keçirdə bilər. Hörmətlə
Salam doktor mənim oğlumun üzündə sızanaq var bu nədən əmələ gəlir 13 yaşı var?
Salam. Sızanaqlar ərgənlik zamanının xəstəliyidir. Yaranma səbəbi müxtəlifdir. Səbəbi xəstədən xəstəyə dəyişir. Sızanaq xəstələri vaxtında müalicələr almalıdır ki, üzdə çoprular yaranmasın. Hörmətlə
Salam həkim, bağışlayın narahat edirəm. Vərəm zamanı yaranan səpgilər haqqında soruşmaq istəyirdim. Həkimin dediyinə görə dərman orqanizmə düşməyib və allergiya yaradıb. Lakin biz neçə müddətdir ki allergiyanı bitirmək üçün mübarizə aparırıq. Səpgi üz daha çox boyun nahiyəsində, (vərəm boyun limfasındadır)qollar, sinə və yanlarda mövcuddur. Qan dəyişmə etdik lakin bir kömək olmadı. Sizdən çox xahiş edirəm mənə bir məsləhət görəsiniz, indidən çox çox sağolun.
Salam. Vərəmin müalicəsi ölkəmizdə vərəm dispanserlərində aparılır. Siz bu sualları müalicə həkiminizə yönləndirin. Səpgilər allerqik mənşəlidirsə allerqoloq da məsələyə müdaxilə etməlidir. Hörmətlə
Salam Doktor. Artık illərdirki mənim üzüm səpkilidir heç hekime müraciət etməmişəm. Evvel tek tek çıxırdı artıq dəri altı (xırda) sızanaqlar da var. Ümumiyətlə gözənəkli bir üzüm var. Təbii üsullara çox əl atmışam. Amma müvəqqəti cuzi xeyri olub. Sızanaqlarım çox sıx çıxmır ara ara çıxır elə olur azalır elə olur birdən çıxır. Həmdə Sızanaqlarım qaşınır. Mənə zəhmət olmasa bir şey məsləhət görərdiniz
Salam. Sızanaqların müalicəsində türkəçarələr istifadə edilməməlidir. Ev şəraitində istifadə edilən metodlara baş vurulmamlıdır. Sızanaqlar ancaq dermatoloq tərəfindən müalicə edilə bilər. Şikayətlərinizi davam edirsə müraciət etmənizi tövsiyyə edirik. Hörmətlə
Salam hekim.Menim burnumun yuxari sag hissesiyle gozumun uc hissesi arasinda yumru formada et xalina benzer birsey yaranib.daha once burnumun yuxari sag hissesinde ag rengli xirda sizanaga benzer birsey variydi, el deymirdim.indi hal-hazirda 2 heftedirki o yavas-yavas boyudu xirda sis formasinda yumsaq birsey var.Ne ede bilerem? Visnevskiy maz ve ya yod surtdum xeyri yoxdur kecmir.Zehmet olmasa komek edin.
Salam. Belə əlamətlər verən 1001 dəri törəməsi mövcuddur. Diaqnozun dəqiqləşdirilməsi, səbəbinin təyini və müvafiq müalicələr üçün əyani müayinələr lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam hekim menim çənə və alın nahiyemde iri ucu irinli qırmızı şişkin həmdə ağrılı sızanaqlar çıxır buna aid nese maz ya derman vasitəsi deyərdizdə zəhmət olmasa təkcə alın və çənəmdə olur
Salam. Müayinədə olmadan heç kimdən dərman qəbulunu tövsiyyə etmirik. Fəsadı ola bilər. Həm də sızanaq və üzdə yaranan digər səpgilər tək bir mazla düzəlməz əgər səbəbi tapılmayıbsa. Hörmətlə
Salam doktor 31 yawim var aybawiya yaxin sizanaglar yoxa cixir aybawi olur bitir uzde ve sinede qirmizi xirda sizanaglar cixir.. derim sacim oldug a yaglidir uzumu axwamlar salisil spirtle silirem ama her gun yenileri cixir.. roacctune bele icmiwem .. qurddan mualice olmuwam ama yene cixir
Salam. Ola bilər ekzogen və endogen səbəblər araşdırılmadan müalicələr aparılıb. Ona görə müalicə effekt verməyib. Müraciət edə bilərsiz səbəbləri araşdırıb sonra fərqli müalicə təyin edərik. Hörmətlə
Salam doktor aknedə səpkilər çoxalır sonra birdən gedir yoxsa necə?
Salam. Bu sualın birmənalı cavabı yoxdur. Müalicənin növündən asılıdır. Elə müalicələr var artırı əvvəlcə, eləsi var artırmır. Hörmətlə
Salam həkim hər vaxtınız xeyir.mənim çənəmdə sızanaqlar çıxır irinli və ağrılı. İllərdir elədir bitmir. Biri batır biri çıxır həmişə çənəmdə olur. Başqa üzümün heç yerində çıxmır. Çənədə çıxmağının səbəbi nədi? Zəhmət olmasa deyərdiniz🙏
Salam. Çənə ətrafında sızanaqlar çox səbəbdən yarana bilər. Stresdən tutmuş qidalara qədər bir çox faktorlar rol oynaya bilər. Hər xəstədə bir necə səbəb üstünlük təşkil edə bilər. Şirin qidalardan uzaq durun. Düzəlmə olmasa müraciət edə bilərsiz daxilə və xaricə tətbiq edilən müalicələr ilə sızanaqları aradan qaldırarıq. Hörmətlə
Salam doktor,Menim qizimin uzu 14 yasindan sepmeye basladi ve hal-hazirda 23 yasi var 9 ildir sizanaq xesteliyinden eziyyet cekir. Dermotoloq qebulunda olduq mualice apardiq ama tam olaraq temizlenmedi hekim demisdir ki,hormonlardandir. Hormonal problemler ucun nece mualice apara bilerik?Yeni mualice usullarini basa sala bilersinizmi?Hormonlar ucun ginekologa muraciet etmek lazimdir?
Salam hekim uzumde sacimda yaglilig var derialti agrili qirmizi sepkiler emele gelir uzumu qirixram biraz azalir ancaq tuk coxaldigca qasinma ve qizarti yene qayidir 13 cu hekim yanina getmisem artiq😞
Salam. Dəri yağlanması və sızanaqların həlli vardır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam hekim menim 29 yawim var qawintiyla bir yerde sepkiler cixir piriwike oxsuyur butun belimi sinemi birde ayaglarimda var sinemdede ag deri altinda pirisik kimi sepkiler olurdu hemiwe ag rengde bilmirem neyleyim gedib analiz verdim geneden gene cixmadi amma cimib gedmiwdim bilirmirem duz gosterib ya yox dermatoluqfa dedi sinirsel ola biler sanki iyne batir cixir yeri qawinir sepir.
Salam. Ola bilər sizdə gənə yox adi sızanaq xəstəliyidir. Müraciət edə bilərsiz müalicələr təyin edə bilərik. Hörmətlə
Salam.Mənim alnımda 10 ildən çoxdur ki, piy prişiki var.1 dənədir, irinli deyil.Hərdən qabarır.Sıxırdım.İçindən nazik sap kimi piy çıxırdı.İndi qapalı olub.Qabaranda basıram, içəri batır.Bir müddət sonra yenə qabarır.60 yaşım var.
Salam. Ola bilər sizdəki sızanaq yox dəri törəməsidir. Mütləq müayinə edib mənşəyini təyin etmək lazımdır. Ondan sonra çarəsinə baxmaq olar. Hörmətlə
Salam menim üzümdə sepgiler var derimin altindan çıxır çıxmamışdan qabada dərim yanır uzum qizarir sonra iri iri sepgiler cixir nece ede bilerem ne etdimse keçmədi 1 defe dermatoloqa getdim onlada mualice etdim keçmədi
Salam. Cünki diaqnoz qoyulmayıb və səbəbi tapılmayıb. Bizim klinikada diaqnozsuz və səbəbsiz müalicələr aparılmır. Müraciət edə bilərsiz yardım edərik sizə ki problemi kökündən həll edək. Hörmətlə