Üzdəki sızanaqlar üçün dərman: nə olar, nə olmaz ?

üzdəki sızanaqlar üçün dərman

Üzdə sızanaqlar (akne) çox vaxt “tək bir krem”lə həll olunmur. Dərman seçimi səpgilərin növünə (qara və ağ nöqtələr, iltihablı papul və pustullar, ağrılı dərin düyünlər), dəri tipinə və ləkə, çapıq, rosasea kimi yanaşı problemlərə görə dəyişir. Müalicə aylarla davam edə bilər və ardıcıl qulluq tələb edir. Topikal retinoidlər, benzoil peroksid və azelain turşusu əsas müalicə variantlarındandır; seçilmiş hallarda topikal antibiotiklər benzoil peroksidlə birlikdə istifadə edilir. Ağır və ya davamlı aknedə oral preparatlar da lazım ola bilər. Sızanaq xəstəliyinin ümumi səbəbləri ayrıca məqalədə izah olunur. Bu yazıda məqsədimiz sızanaq üçün krem, maz, gel və tablet seçiminin sübuta əsaslanan prinsiplərini və həkimə müraciət hallarını aydınlaşdırmaqdır.

Qısa cavab:

Üzdəki sızanaqlar üçün hamıya uyğun vahid dərman yoxdur. Komedonal aknedə topikal retinoidlər, iltihablı səpgilərdə benzoil peroksid və uyğun kombinasiyalar, bəzi hallarda azelain turşusu istifadə olunur. Antibiotiklər özbaşına və təkbaşına tətbiq edilməməlidir. Dərin, ağrılı və çapıq riski olan aknedə dermatoloq müayinəsi və bəzən sistemik müalicə tələb olunur.

Qeyd: Aşağıdakı məlumatlar ümumi maarifləndirmə üçündür. Xüsusilə oral preparatlar (tablet/kapsul) və bəzi güclü kremlər yalnız dermatoloq nəzarəti ilə istifadə edilməlidir.

üzdəki sızanaqlar üçün dərman


Üzdəki sızanaqların növləri (səpgilərin növləri)

Düzgün müalicə üçün əvvəlcə sızanağın tipini ayırd etmək lazımdır:

  • Komedonal akne: qara nöqtələr, ağ nöqtələr və ya dəri altı səpgilər

  • İltihablı akne: qızarmış papul/püstul (üzdə qırmızı səpkilər)

  • Ağrılı sızanaqlar / nodul-kistik akne: dərinin dərinində ağrılı düyünlər, iz riski yüksək

  • Akne deyil, oxşar səpgilər: folikulit, perioral dermatit, rosasea, allergik səpgilər və s. (bu halda “akne dərmanı” vəziyyəti pisləşdirə bilər)


Üzdəki sızanaqlar üçün dərman seçimi: əsas prinsip

Ən uğurlu yanaşma adətən 3 hissədən ibarətdir:

  1. Düzgün dəri qulluğu (təmizləmə–nəmləndirmə–SPF)

  2. Düzgün aktiv maddə (sızanaq üçün maz/gel/krem seçimi)

  3. Zərurət varsa sistemik müalicə (tablet və ya həkim prosedurları)


Nə olar? – Effektiv sübutlu variantlar

Sızanaq üçün maz və gel seçimi

Sızanaq üçün maz, gel və krem seçimi aknenin növünə uyğun aparılır. “Aptekdə ən yaxşı maz” anlayışı bütün pasiyentlər üçün keçərli deyil. Aşağıdakı cədvəldə əsas aktiv maddələr müqayisə edilir. [1] [2]

Aktiv maddəİstifadə sahəsiVacib məqam
Benzoil peroksidİltihablı və qarışıq akneQuruluq və qıcıqlanma mümkündür; antibiotiklə kombinasiya rezistentliyi azaltmağa kömək edir.
Adapalen və digər retinoidlərKomedonal və qarışıq akne; saxlayıcı terapiyaTədrici başlamaq lazım ola bilər; hamiləlikdə istifadə edilməməlidir.
Azelain turşusuYüngül akne, postinflamator ləkələrAlternativ və ya əlavə müalicə; fərdi dözümlülük nəzərə alınır.
Salisil turşusuKomedon və yağlı dəriyə köməkçi yanaşmaSübut səviyyəsi digər əsas vasitələrdən zəifdir; qıcıqlandıra bilər.
Topikal klindamisinİltihablı akne, seçilmiş kombinasiyalardaTəkbaşına və uzun müddət istifadə tövsiyə olunmur; benzoil peroksidlə kombinə edilir.

Aşağıdakı aktiv maddələr akne müalicəsində ən çox istifadə edilən və sübutlu təsiri olan seçimlərdir:

Benzoil peroksid (BPO)

  • İltihablı sızanaqlarda, yeni səpgilərin qarşısının alınmasında faydalıdır

  • Antibiotik rezistentliyi riskini azaltmağa kömək edir

  • Qıcıqlanma və quruluq verə bilər (düzgün tətbiq və nəmləndirici vacibdir)

Retinoidlər (adapalen/tretinoin və s.)

  • Qara nöqtə–ağ nöqtə (komedon) və tekstura problemlərində ən güclü qrup

  • “Üzdəki sızanaqların təmizlənməsi” mövzusunda ən təsirli uzunmüddətli yanaşmadır

  • İlk həftələrdə qıcıqlanma/pisə doğru gedirmiş kimi görünmə ola bilər (mütləq düzgün rejim)

Azelain turşusu

  • Həssas dəridə daha dözümlü ola bilər

  • Sızanaqla yanaşı qızartı və postinflamator qəhvəyi ləkələrdə faydalıdır

Salisil turşusu

  • Daha çox komedonlarda, yağlı dəridə kömək edə bilər

  • Həddindən artıq istifadə baryeri poza və səpgini artıra bilər

Topikal antibiotiklər (məs. klindamisin) — yalnız düzgün kombinasiyada

  • Tək başına uzun müddət istifadə düzgün deyil (rezistentlik riski)

  • Adətən dermatoloq benzoil peroksid ilə birlikdə qısa kurslarda seçir

Praktik məntiq: Əgər “üzdəki sızanaqlar üçün dərman” axtarırsınızsa, çox vaxt başlanğıc düzgün plan retinoid ± BPO və ya azelaik turşusu ola bilər. Hansının sizə uyğun olduğunu dəri tipiniz və səpgilərin tipini görərək seçmək daha təhlükəsizdir.

üzdəki sızanaqlar üçün dərman

Üzdəki sızanaqların təmizlənməsi: düzgün qulluq (dərman qədər vacibdir)

Təmizləyici

  • Yumşaq, qıcıqlandırmayan gel (gündə 1–2 dəfə)

  • “Skrab”, sərt fırça, tez-tez pilinq çox vaxt səpgini artırır

Nəmləndirici

  • “Non-komedogenik” və yüngül teksturalar

  • Qıcıqlanma varsa aktiv maddənin tətbiq tezliyi, nəmləndirici və digər qulluq üsulları yenidən qiymətləndirilir; güclü reaksiya zamanı preparatı müvəqqəti dayandırmaq lazım gələ bilər.

SPF (Günəş qorunması)

  • Akne ləkələri və iz riski üçün əsasdır

  • Günəşdən qorunma, xüsusilə aknedən sonra yaranan tünd ləkələrin qarşısını almaq və dərini qorumaq üçün məsləhətdir.

Sızanaqların evdə müalicəsi: nə real kömək edir?

Yüngül aknedə uyğun dəri qulluğu və sübuta əsaslanan topikal vasitələr effektiv ola bilər. Aşağıdakı addımlar müalicəyə kömək edən dəstək tədbirləridir:

  • Şirin/qlisemik yükü yüksək qidaların azaldılması bəzi insanlarda fayda verə bilər

  • Yastıq üzü, telefon ekranı, makiyaj fırçaları, tərləmə sonrası yuma kimi gigiyenik addımlar kömək edir

  • Sızanağı sıxmaq iz riskini ciddi artırır


Nə olmaz? – Vaxt itkisi və riskli yanaşmalar

“Diş pastası”, limon, spirt, sarımsaq, sərt skrablar

  • Dərini yandırır, baryeri pozur, qızartını və ləkəni artırır

  • “Bir gecəyə qurudur” kimi görünə bilər, amma uzun müddətdə daha pis nəticə verir

Kortikosteroid kremlər (hormonal)

  • Üzdə qısa müddətdə “sakitləşdirir” kimi görünsə də, sonra:

    • steroid aknesi,

    • perioral dermatit,

    • damarların görünməsi, incəlmə, qızartı
      kimi problemlər yarada bilər.

Həkimsiz antibiotik və “təsadüfi” tablet istifadəsi

  • İstifadə yanlış seçiləndə həm effektsiz olur, həm də müqavimət və yan təsir riski artır.

üzdəki səpgilər üçün maz


Üzdəki sızanaqlar üçün dərman nə vaxt dermatoloqla seçilməlidir?

Aşağıdakı hallarda özünüz “maz dəyişərək” vaxt itirməyin — dermatoloqa müraciət edin:

Ağrılı sızanaqlar (dərin düyünlər) və iz riski

  • Ağrılı, dərinin dərinində şişkin səpgilər

  • Köhnə sızanaq izləri artırsa

8–12 həftə düzgün rutin + aktiv maddəyə baxmayaraq yaxşılaşmırsa

  • Akne müalicəsi vaxt tələb edir, amma sistemli yanaşma ilə də dəyişmirsə, müalicə səviyyəsi yenilənməlidir.

Sızanaqlar sürətlə yayılırsa və ya “birdən” başlayıbsa

  • Xüsusilə yetkin yaşda qəfil ağırlaşma hormonal və ya digər səbəblər tələb edə bilər.

Hamiləlik, südvermə, xroniki xəstəliklər

  • Bəzi aktiv maddələr və xüsusilə tablet müalicələri ciddi məhdudiyyətlər daşıyır.

Psixoloji təsir güclüdürsə

  • Özünəinam, sosial həyat, stress artımı — bu da müalicə planında nəzərə alınmalıdır.

çənə altı səpgilərin müalicəsi


Üzdəki sızanaqlar üçün tablet (oral müalicə): niyə həkimsiz olmaz?

Bir çox pasiyent “üzdəki sızanaqlar üçün dərman” deyəndə tablet axtarır. Burada əsas risklər:

Oral antibiotiklər (məs. doksisiklin və s.)

  • Yan təsirlər, fotosensitivlik, mədə-bağırsaq problemləri

  • Müqavimət riski

  • Müddət və seçim həkim planı ilə olmalıdır

Hormonal müalicələr (seçilmiş pasiyentlərdə)

  • Hər kəsə uyğun deyil; endokrin/hormonal qiymətləndirmə lazım ola bilər

İzotretinoin (Roaccutane, aknetrent və s.)

Oral izotretinoin (Roaccutane və digər ticarət adları) ağır, çapıq riski olan və ya standart müalicəyə cavab verməyən aknede yüksək effektivliyə malik preparatdır. Piy vəzilərinin fəaliyyətini azalda, iltihablı səpgiləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra və uzunmüddətli remissiya yarada bilər. Lakin bütün pasiyentlərdə birdəfəlik sağalma zəmanəti yoxdur; müalicədən sonra relaps mümkündür. Roaccutane dərmanı və izotretinoin haqqında ətraflı məlumatı ayrıca yazımızda tapa bilərsiniz. Dermatoloq müalicənin göstərişlərini, mümkün yan təsirləri və laborator nəzarəti fərdi qaydada qiymətləndirir.

  • Çox effektiv ola bilər, amma:

    • ciddi yan təsirlər və laborator nəzarət tələb edir

    • hamiləlikdə qəti qadağandır

    • doz, müddət, müşahidə həkim nəzarəti ilə olmalıdır

Bu post Roaccutane barədə də məlumat verə bilər, amma “tableti özüm başlayım” yanaşması təhlükəlidir. Bizim məqaləmizin məqsədi pasienti qorxutmaq yox, düzgün həkim nəzarətinin niyə vacib olduğunu izah etməkdir.

akne müalicəsi


Üz səpgiləri üçün nə etməli?

Əgər əsasən qara/ağ nöqtələrdirsə:

  • Komedon yönümlü plan (retinoid əsaslı) daha məntiqlidir

Əgər daha çox qızarmış iltihablı səpgilərdirsə:

  • BPO, azelaik turşusu və düzgün kombinasiya daha ön plana çıxır

Əgər “ağrılı sızanaqlar” və iz riski varsa:

  • Evdə maz dəyişməklə vaxt itirmək olmaz; dermatoloq qiymətləndirməsi lazımdır


Üzdəki sızanaqlar üçün dərman haqqında tez-tez verilən suallar (TVS)

Aptekdən sızanaq üçün hansı maz alınmalıdır?

Əvvəlcə sızanaqların tipi müəyyən edilməlidir. Yüngül komedonal və iltihablı aknedə benzoil peroksid və bəzi topikal retinoidlər kimi aktiv maddələr yararlı ola bilər; lakin ölkəyə görə resept qaydaları fərqlənir. Antibiotik tərkibli mazı təkbaşına seçmək və uzun müddət istifadə etmək düzgün deyil. Hamiləlik, güclü qıcıqlanma və çapıq riski varsa, seçimi dermatoloq etməlidir.

Üzdəki sızanaqlar üçün ən yaxşı dərman hansıdır?

“Ən yaxşı” hamı üçün eyni deyil. Sızanağın növünə görə aktiv maddə seçilir. Komedonlarda retinoidlər, iltihablı səpgilərdə BPO/azelaik turşusu daha uyğun ola bilər.

Sızanaq üçün krem neçə həftəyə təsir edir?

İlk yaxşılaşma bir neçə həftəyə görünə bilər. Effekt adətən 6–8 həftədə qiymətləndirilməyə başlayır, birinci müalicə kursuna isə çox vaxt 12-ci həftədə yenidən baxılır. Erkən qıcıqlanma fərdi dəyişir.

Sızanaqların evdə müalicəsi mümkündür?

Yüngül hallarda rutin və düzgün aktiv maddələrlə mümkündür. Ağrılı və iz qoyan sızanaqlarda mütləq dermatoloq nəzarəti lazımdır.

Üzdə qırmızı səpgilər həmişə sızanaqdır?

Xeyr. Rosasea, perioral dermatit, allergik reaksiyalar sızanağı təqlid edə bilər. Bu halda “sızanaq üçün dərman” vəziyyəti pisləşdirə bilər.

Üzdəki sızanaqların təmizlənməsi üçün skrab istifadə edim?

Çox vaxt yox. Sərt skrab baryeri pozur, qızartını və səpgini artıra bilər.

Onlayn müayinə ilə akne müalicəsi mümkündürmü?

Bəzi hallarda onlayn dermatoloq müayinəsi ilə ilkin qiymətləndirmə və müalicənin izlənməsi mümkündür. Diaqnoz qeyri-müəyyəndirsə, dərin düyünlər və ya çapıq riski varsa, əyani müayinə tələb oluna bilər.


Nəticə və düzgün addım

Əgər siz “üzdəki sızanaqlar üçün dərman” axtarırsınızsa, ən yaxşı nəticə adətən:

  • düzgün üz dərisi qulluğu +

  • sübuta dayalı aktiv maddə +

  • zərurət varsa dermatoloq nəzarətli tablet/prosedur
    kombinasiyası ilə alınır.

Ağrılı sızanaqlar, iz riski, sürətli yayılma və ya 8–12 həftə nəticəsizlik varsa, mütləq uzman dermatoloqa müraciət edin.

sızanaq izlərinin müalicəsi


Elmi mənbələr

  1. American Academy of Dermatology (2024) — Guidelines of care for the management of acne vulgaris
  2. NICE NG198 — Acne vulgaris: management
  3. American Academy of Dermatology — Isotretinoin: Overview
  4. American Academy of Dermatology — Acne medications during pregnancy
 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

53 Responses

    1. Salam Raksana xanım. Sızanaq sadə məsələ deyil ki, siz özünüz nəsə edə biləsiniz. Sızanaqların 1001 forması vardır və hər bir formanın özünəməxsus müalicəsi vardır. Yaxşı olardı ki, müraciət edəsiniz biz sizə özümüz yardım edərik.

  1. Roakkutan sonsuzluq yarada bilermi.2il evvel qebul edilib.hekim teyin edib . Mualiceden 1 il sonra akne qayidib.yeniden qebul etmek olarmi

  2. Salam doktor allergik dermatitdən əziyyət çəkirəm üzümdə mövcuddur. Nə məsləhət görürsünüz? Ömürlükdür bu?

  3. Salam men 18 yasim var uzumde akne var coxdur sine ve bel nahimyemde ne ediremse kecmir coox hessas ve alergik derim var ne ede bilerem

  4. Salam mənin 17 yaşım var və bədənimdə üzümdə sızanaqlar var həkimə müraciyət etdim işə yaramadı sizcə bunu alsam yarayar? Əgər məsləhət bilsəz həkimə müraciət t edəcəm

  5. Salam.bel nayihesinde çox sayda sızanaq ve lekeler var xeste 28yaşında kişidi sigaret çekir ruaccutane ve bu tip derman müalicesinden sonra tekrar sizanaq çıxma ehtimali ne qederdi?

  6. Hekim salam menede hekim bu dermandan yazb ama yaxnlarda toyum olacag hekimde dediki 1il muddetinde usag olmamalidi 1il gözlemeliyem?ya necese ay?birdeki sonra fesadlari olmaz?

  7. Salam Hekim.Menim 20 yaşim var.Sivilcelerim olduğu üçün hekime getdim.Müeyyen analizlər verdim.Herşey normasında çıxmışdı.Roaccutane dermanını yazdı hekim.Gündə 40mg istifadə edirəm.Hazırda 2 ay 14 gündür içirəm.Sivilcələrimdə azalma var.Amma indi analiz verdim və ûrəkdəki xolestrol miqdarım çox yüksək çıxdı hekimde mene bunu aşagı salmaq üçün dərman yazdi.Bir neçe gündür qebul edirem və mədən sağ terefdə yuxarı hissədə şişlik var.Men ne ede bilerem.Qorxuram.Sizden de meslehe almaq istədim.

    1. İsosupra dərmanını dermatoloqum menede yazıb 1 ay 13 gündü atıram heleki vau deyilecek geder dəyişiklik yoxdu üzümdə siz nə vaxtdan gəbul edirsiz dərmanı üzünüzdə bir dəyişiklik oldu?

  8. Təşəkkürlər cavaba görə.sonuncu sualı vermək isdiyrem.Bqrup vitamin qəbul etmiwem 1000 dozalı.1 həftə sonra üzüm səpdi.3 ildi akne xəstəliyi davam edir.B vitamini əgər 2 il qaraciyərde depoda qalırsa bunu necə bədəndən xaric edə bilərik artıq dozanı?birdəki müalicə olunsam əgər B vitamin dozası artığı bədənimdə qalıbsa müalicənin nə dərəcədə effektivi olar???cavabınız çox önəmlidir.tesekurrler

    1. Sızanaqların B vitamini ilə əlaqəsi yoxdur. Sızanaqlar başqa səbəbdən artmışdır. B vitamini mübadiləsinə qarışmaq lazım deyil. O özü özünü tənzimləyəcək. Sızanaqlar davam edirsə sadəcə adekvat müalicələr almalısız. Müraciət edə bilərsiz yardım edərik. Hörmətlə

  9. Salam Doktor. Mənim 20 yasım var. Bu gunə kimi muxtəlif həkimlərin yanında olmuşam. Dermatoveneroloq ,kosmetoloq və s. Alt,Ast,Lamblia analizləri vermişəm. Hamisi neqativdir. Sadəcə gənə analizində həkim dedi ki azca gənə aşkar olunub. Boltuşka,alunit kimi vasitələr yazıb. İstifadə edirəm 1 aydı amma heç bir təsiri yoxdu. Mən Roakutan istifadə etsəm xeyri olar? Yəni roakutan gənənin mualicəsində istifadə edilə bilərmi?

  10. salam ,mende bogazda mikrob ve garaciyerde gurd cixmisdi analizde,yeni bele halda roaccutane istifade etsem xeyirini gorerem ?
    geyd edim ki illerdir uzum pis gundedi ((
    muailce almisam ama xeyri yoxdu hec neyin ,ve sonda onuda deyim 6 aylig evliyem
    dermani istifade edsem nece ay hamileliy olmaz ?

    1. Salam. Bu cür təfsilatlı olan sulların cavabını ancaq əyani müayinə və testlərdən sonra cavab vermək olar. Bu dərman qəbulunun bir çox şərtləri vardır. Əgər testlərdən və yoxlamalardan yaxşı çıxsanız əlbəttə müalicəya başlamaq olar. Dərman kəsiləndən ən azı 3 ay hamiləlikdən qorunmaq lazımdır. Hörmətlə

  11. Salam həkim😊 mənim 20 yaşım var. AkneVulgarisdi problemim. Mən roaccutane’ı əczaçılarda tapa bilmədim. Yerinə AkneTrent tövsiyə etdilər, olarmı? Bir də günlük doza nəyə görə müəyyən olunur. Mən 68 kiloyam, analiz verdim və tək problemim də sizanaqlardır. Gündə 1 kapsul bəs edər?

    1. Salam. Odla oynamayın. Azərbaycan bu dərmandan düzgün olmayan istifadəsinə bağlı yaranan kəskin qaraciyər çatışmazlığı ucbatından ölən xəstələrin sayına görə birinci yerdə gedir. Səbəbi isə bu dərmanın özbaşına istifadəsidir. Hal hazırda Gəncədə reanimasiyada yatan bir pasient var ki, bu dərmanı özbaşına qəbul etdiyi üçün qaraciyər sirrozu yaranmışdır. Transplantasiya ediləcək. Hörmətlə

  12. Salam,doktor,yagli derim olduguna gore hekim isomer 20mg kapsul 1packa yazib,derimde ,sacimda quruluq var,daha sacim yaglanmir, bu dermanin faydasi muveqqetidi yoxsa daimi olacaq ?
    Bu da roacuttane dermanindan sayilir,?hamilelikcun 3ay gozlemeliyem,xahis edirem cavabiniz cox onemlidir

  13. Salam mene dermatoloqum isasupra 16mg yazib,men bunu icen zaman uzumde olan qizarti. akne lekelerine qarsi krem istifade ede bilerem hekimin mesleheti ile,uzum orta sepkilidir mualice almisdim tam bitmisdi ama yeniden uz qulugumu pia etdigime gore artdi sepkilerim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir