Üzdə qızartı tək bir xəstəliyin əlaməti deyil. Üz dərisinin qızarması bəzən isti hava, emosional stress və fiziki aktivlik kimi müvəqqəti faktorlarla əlaqəli olsa da, davamlı və ya təkrarlanan qızartının arxasında rozasea, seboreik dermatit, kontakt dermatit, atopik dermatit, perioral dermatit və başqa dəri xəstəlikləri dayana bilər. Qızartının görünüşü və ona qoşulan əlamətlər səbəbin müəyyən edilməsində mühüm rol oynayır. Məsələn, üzdə qızartı və yanma rozasea və ya qıcıqlandırıcı kontakt dermatitdə görülə bilər. Üzdə qızartı və qaşınma ekzema və kontakt allergiyanı, üzdə qızartı və qabıqlanma isə seboreik dermatit, ekzema və bəzi göbələk xəstəliklərini düşündürə bilər.
Digər tərəfdən üzdə qəfil qızarma hər zaman dəri xəstəliyi demək deyil. İsti mühit, idman, emosiyalar, ədviyyatlı qidalar, isti içkilər, bəzi dərmanlar və digər faktorlar üz damarlarının müvəqqəti genişlənməsinə səbəb ola bilər.
Bu məqalənin məqsədi üzdə qızartı səbəblərini sistemli şəkildə izah etmək, yanaqlarda qızartı, yanma, qaşınma, qabıqlanma və üzdə qırmızı ləkələr kimi müxtəlif klinik görünüşləri bir-birindən fərqləndirmək və üz qızartısının müalicəsinin səbəbə görə necə dəyişdiyini göstərməkdir.
Qısa cavab
Üzdə qızartı ən çox rozasea, seboreik dermatit, kontakt və iritant dermatit, atopik dermatit və digər iltihabi dəri xəstəlikləri ilə əlaqəli ola bilər. Qızartının yalnız yanaqlarda olması, yanma, qaşınma, qabıqlanma, sızanağa bənzər səpgilər, görünən damarlar və ya günəşlə pisləşmə kimi əlamətlər diaqnozu istiqamətləndirir. Diaqnoz çox vaxt dermatoloji müayinə ilə qoyulur; lazım olduqda
dermatoskopiya, patch test, mikoloji müayinə və nadir hallarda biopsiya istifadə edilir. Müalicə isə qızartının səbəbinə görə seçilməlidir.
Üzdə qızartı nədir?
Üzdə qızartı və ya tibbi terminlə üz eriteması dərinin qan damarlarında qan axınının artması, damarların genişlənməsi və ya dəridə iltihab nəticəsində meydana gələn rəng dəyişikliyidir.
Bəzi insanlarda üzün qızarması yalnız bir neçə dəqiqə davam edir.
Buna flushing deyilir. Digərlərində isə qızartı saatlarla, günlərlə və hətta davamlı şəkildə qala bilər.
Bu iki vəziyyət eyni deyil. Məsələn, fiziki aktivlikdən sonra yaranan
qısamüddətli üz qızarması normal damar reaksiyası ola bilər. Lakin aylarla davam edən yanaq və burun qızartısı rozasea kimi xroniki dəri xəstəliyini düşündürə bilər.
Buna görə dermatoloq yalnız qızartının rənginə deyil, onun
müddətinə, yerləşməsinə, simmetriyasına və əlavə əlamətlərə
də diqqət yetirir.
Üzdə qızartı səbəbləri hansılardır?
Üzdə qızartı səbəbləri çoxdur. Düzgün diaqnoz üçün
qızartının klinik görünüşü və əlavə simptomlar birlikdə
qiymətləndirilməlidir.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Səbəb | Tipik görünüş | Əlavə əlamətlər | Əsas ipucu |
|---|---|---|---|
| Rozasea | Yanaq və burunda təkrarlanan və ya davamlı qızartı | Yanma, batma, damarlar, papula-pustulalar | İsti, günəş, stress və digər triggerlərlə pisləşə bilər |
| Seboreik dermatit | Qızartı və qabıqlanma | Yağlı və ya quru qabıqlar | Burun kənarları, qaşlar, saçlı dəri |
| Kontakt dermatit | Qızarmış ekzema sahələri | Qaşınma, yanma, şişkinlik | Yeni kosmetika və ya məhsulla əlaqə |
| Atopik dermatit | Quru və qızarmış dəri | Güclü qaşınma | Atopiya və xroniki-qayıdan gediş |
| Perioral dermatit | Ağız ətrafında xırda qırmızı papulalar | Yanma, dartınma, həssaslıq | Ağız, burun və göz ətrafı |
| Tinea faciei | Halqavari və ya asimmetrik qırmızı ləkə | Qabıq, qaşınma | Kənarda daha çox qabıqlanma ola bilər |
| Fotosensitiv dermatoz | Günəş görən sahələrdə qızartı | Yanma, qaşınma və ya səpgilər | Günəşlə əlaqəli pisləşmə |
| Kutan lupus | Müxtəlif formalı fotosensitiv eritema | Digər dəri və ya sistem əlamətləri ola bilər | Klinik mənzərə və günəşlə əlaqə |
Rozasea üzün qızarmasına necə səbəb olur?
Rozasea davamlı və ya təkrarlanan
üzdə qızartının ən mühüm dermatoloji səbəblərindən biridir.
Xəstəlik çox vaxt burnun və yanaqların mərkəzi hissəsində başlayır.
İlk mərhələdə xəstələr daha asan qızardıqlarını hiss edə bilərlər.
Zaman keçdikcə üzün qızarması daha uzun davam edə,
davamlı eritemaya çevrilə və dəridə incə genişlənmiş damarlar
görünməyə başlaya bilər.
Rozaseada aşağıdakı əlamətlər birlikdə görülə bilər:
- yanaqlarda qızartı;
- burun ətrafında qızartı;
- üzdə yanma və batma;
- dərinin həssaslaşması;
- görünən incə qan damarları;
- sızanağa bənzəyən papula və pustulalar;
- bəzən göz şikayətləri.
Rozaseanın növləri, səbəbləri və müalicəsi haqqında daha geniş məlumat üçün
rozasea xəstəliyi
məqaləsinə baxa bilərsiniz.
Seboreik dermatit üzdə qızartı və qabıqlanma yarada bilərmi?
Bəli. Seboreik dermatit üzdə qızartı və qabıqlanmanın
tez-tez rast gəlinən səbəblərindəndir.
Xəstəlik piy vəzilərinin çox olduğu sahələri sevir. Buna görə qızartı
ən çox:
- burunun yanlarında və burun-dodaq büküşlərində;
- qaşların arasında və içərisində;
- saç xəttində;
- qulaq arxasında;
- bəzən saqqal nahiyəsində
müşahidə edilir.
Dəridə incə ağ qabıq və ya daha yağlı-sarımtıl qabıqlanma ola bilər.
Eyni zamanda saçlı dəridə kəpək olması diaqnozu dəstəkləyən mühüm
klinik məlumatdır.
Seboreik dermatit xroniki və təkrarlanan gediş göstərə bilər.
Müalicəsi isə rozaseanın müalicəsindən fərqlənir.
Kosmetik allergiya və kontakt dermatit üzü qızarda bilərmi?
Bəli. Üz dərisi müxtəlif kosmetik və şəxsi qulluq məhsullarına
davamlı məruz qaldığı üçün kontakt dermatit üzdə qızartının
vacib səbəblərindəndir.
İki əsas mexanizm mövcuddur:
- İritant kontakt dermatit – maddə dərini birbaşa qıcıqlandırır.
- Allergik kontakt dermatit – immun sistem müəyyən maddəyə qarşı gecikmiş allergik reaksiya yaradır.
Kontakt dermatitdə üzdə qızartı və qaşınma, yanma,
quruluq, qabıqlanma və hətta göz qapaqlarında şişkinlik yarana bilər.
Mümkün səbəblər arasında kosmetika, ətirlər, saç boyaları, qoruyucu
maddələr, günəş kremləri, saç məhsulları və müxtəlif topikal
preparatlar yer ala bilər.
Vacib məqam
Xroniki və təkrarlanan üz dermatitində allergik kontakt dermatit
şübhəsi varsa patch test səbəb allergenin
müəyyənləşdirilməsində əsas müayinə üsuludur.
Atopik dermatit üz qızartısı yarada bilərmi?
Bəli. Atopik dermatit xüsusilə quru və həssas dərisi olan
insanlarda üzün qızarmasına səbəb ola bilər.
Atopik dermatitdə qızartı ilə yanaşı:
- güclü qaşınma;
- dəri quruluğu;
- qabıqlanma;
- çatlama;
- təkrarlanan ekzema ocaqları
müşahidə oluna bilər.
Atopik dermatitin səbəbləri və ümumi klinik xüsusiyyətləri haqqında
atopik dermatit
məqaləsinə baxa bilərsiniz.
Müalicə haqqında isə
atopik dermatit müalicəsi
səhifəsində daha geniş məlumat verilmişdir.
Perioral dermatit üzdə qırmızı səpgilər yarada bilərmi?
Perioral və ya periorifisial dermatit əsasən ağız,
burun və bəzən göz ətrafında xırda qırmızı papulalar şəklində görünən
iltihabi dəri xəstəliyidir.
Səpgilər sızanağa bənzəyə bilər, lakin klassik aknedə görülən
komedonlar perioral dermatit üçün tipik deyil.
Xəstələrdə:
- qızartı;
- xırda papulalar;
- yanma və dartınma;
- dəri həssaslığı;
- bəzən yüngül qabıqlanma
ola bilər.
Üzə uzun müddət və diaqnozsuz şəkildə güclü kortikosteroid krem
tətbiq etmək perioral dermatitin yaranmasına və ya pisləşməsinə
səbəb ola bilər.
Demodex üzdə qızartının səbəbi ola bilərmi?
Demodex gənələri sağlam insanların dərisində də
mövcud ola bilər. Buna görə dəridə Demodex aşkarlanması avtomatik olaraq
onun bütün üz qızartısının səbəbi olduğunu göstərmir.
Lakin Demodex sıxlığının artması bəzi rozasea fenotipləri və
demodikozla əlaqəli ola bilər.
Belə hallarda qızartı ilə yanaşı papula-pustulalar, yanma,
qaşınma və dəridə kobudluq yarana bilər.
Bu səbəbdən “üzüm qızarır, deməli gənədir” yanaşması düzgün deyil.
Demodex müayinəsi yalnız klinik şübhə olduqda diaqnostik qiymətləndirmənin
bir hissəsi kimi aparılmalıdır.
Üzdə göbələk qızartı və qabıqlanma yarada bilərmi?
Bəli. Dermatofit göbələklərinin üz dərisini tutmasına
tinea faciei deyilir.
Tinea faciei çox vaxt:
- asimmetrik;
- halqavari və ya yarımdairəvi;
- qızarmış;
- kənarları daha aktiv və qabıqlı
ləkə şəklində görünə bilər.
Steroid tərkibli kremlər diaqnozsuz istifadə edildikdə göbələyin
tipik görünüşünü dəyişdirə və tinea incognito deyilən
maskalanmış formaya səbəb ola bilər.
Göbələk ehtimalında dəridən qaşıntı nümunəsi götürülərək mikroskopik
və ya digər mikoloji müayinələr aparıla bilər.
Lupus yanaqlarda qızartı yarada bilərmi?
Bəzi autoimmun xəstəliklər də üzdə eritema yarada bilər.
Bunların ən mühümlərindən biri kutan lupus eritematozusdur.
Kəskin kutan lupusda klassik malar və ya “kəpənək” formalı eritema
yanaqları və burun körpüsünü tuta bilər. Digər lupus formalarında isə
üzdə qabıqlı, fotosensitiv və ya daha davamlı səpgilər görünə bilər.
Lupusla əlaqəli dəri dəyişiklikləri günəş işığı ilə pisləşə bilər və
bəzi xəstələrdə başqa sistem əlamətləri ilə birlikdə meydana çıxar.
Lupusun dəri əlamətləri və sistemik riskləri haqqında
lupus xəstəliyi
məqaləsinə baxa bilərsiniz.
Lakin hər iki yanağın qızarmasını avtomatik lupus hesab etmək düzgün deyil.
Rozasea və digər üz dermatozları daha çox rast gəlinir.
Üzdə qəfil qızarma nədən yaranır?
Üzdə qəfil qızarma və ya flushing dərinin səthi
damarlarının müvəqqəti genişlənməsi nəticəsində meydana gəlir.
Tez-tez rast gəlinən triggerlərə aşağıdakılar daxildir:
- isti hava və isti otaq;
- isti duş;
- fiziki aktivlik;
- emosional stress və həyəcan;
- ədviyyatlı qidalar;
- isti içkilər;
- alkoqol;
- günəş;
- soyuq və külək;
- bəzi dərmanlar.
Rozasealı insanlarda bu triggerlərin təsiri daha nəzərəçarpan ola bilər.
Lakin flushing yalnız rozaseaya spesifik deyil.
Qızarma ilə yanaşı ürəkdöyünmə, nəfəs darlığı, bayılma hissi,
ürtiker və ya digər sistem əlamətləri yaranarsa səbəbi yalnız dəri
xəstəliyi kimi qiymətləndirmək düzgün olmaz.
Yanaqlarda qızartı nədən yaranır?
Yanaqlarda qızartı xüsusilə rozaseada çox xarakterikdir.
Burun və yanaqların mərkəzi hissəsində təkrarlanan flushing zamanla
daha davamlı eritemaya çevrilə bilər.
Lakin yanaq qızartısının digər mümkün səbəbləri də vardır:
- kontakt və iritant dermatit;
- atopik dermatit;
- günəş yanığı və fotosensitivlik;
- kutan lupus;
- soyuq və külək;
- fizioloji flushing.
Yanaqlarda qızartı ilə birlikdə incə damarlar, yanma və sızanağa
bənzər səpgilər varsa rozasea ehtimalı artır.
Güclü qaşınma və qabıqlanma isə daha çox dermatit istiqamətində
düşünməyə əsas verir.
Üzdə qızartı və yanma hansı xəstəliklərdə olur?
Üzdə qızartı və yanma dəri baryerinin pozulduğunu və ya
neyrovaskulyar həssaslığın artdığını göstərə bilər.
Bu kombinasiya xüsusilə:
- rozasea;
- iritant kontakt dermatit;
- perioral dermatit;
- həddindən artıq eksfoliasiya;
- kimyəvi qıcıqlanma;
- günəş yanığı
zamanı yarana bilər.
Rozasealı bəzi pasiyentlər hətta su, nəmləndirici və günəş kremi
tətbiq etdikdə belə yanma və batma hiss etdiklərini bildirirlər.
Bu halda dəriyə yeni aktiv kosmetik maddələr əlavə etməkdənsə əvvəlcə
səbəbi müəyyən etmək və dəri baryerini qoruyan sadə qulluq rejiminə
keçmək daha məqsədəuyğundur.
Üzdə qızartı və qaşınma nədən yaranır?
Üzdə qızartı və qaşınma olduqda dermatitlər differensial
diaqnozda daha ön plana keçir.
Xüsusilə:
- allergik kontakt dermatit;
- iritant kontakt dermatit;
- atopik dermatit;
- seboreik dermatit;
- göbələk infeksiyası
nəzərə alınmalıdır.
Yeni krem, serum, makiyaj, günəş kremi, saç boyası və ya şampundan
sonra qaşınan üz qızartısı yaranıbsa həmin məhsulla əlaqə xüsusilə
sorğulanmalıdır.
Allergik kontakt dermatit bəzən məhsul illərlə problemsiz istifadə
edildikdən sonra da başlaya bilər. Buna görə “bu məhsulu əvvəllər də
istifadə etmişəm” allergiyanı tam istisna etmir.
Üzdə qızartı və qabıqlanma nə deməkdir?
Üzdə qızartı və qabıqlanma olduqda xəstəliyin yerləşdiyi
nahiyə diaqnoz üçün çox faydalıdır.
Burun kənarı, qaşlar və saç xəttində qızartı-qabıq kombinasiyası
seboreik dermatit üçün xarakterik ola bilər.
Güclü qaşınan, kosmetika tətbiqindən sonra yaranmış və sərhədləri
nisbətən aydın olan ekzema sahələri kontakt dermatiti düşündürə bilər.
Halqavari və kənarı daha qabıqlı asimmetrik ləkə isə tinea faciei
baxımından qiymətləndirilməlidir.
Rozaseada da dəridə quruluq və qabıqlanma ola bilər, buna görə yalnız
qabığa baxaraq diaqnoz qoymaq olmaz.
Üzdə qırmızı ləkələr hansı xəstəliklərdən ola bilər?
Üzdə qırmızı ləkələr ifadəsi pasiyentlər tərəfindən
müxtəlif dəri problemlərini təsvir etmək üçün istifadə edilir.
Ləkə dedikdə həm düz eritematoz sahə, həm papulalar, həm də qabıqlı
plaklar nəzərdə tutula bilər.
Buna görə dermatoloq aşağıdakılara diqqət edir:
- ləkə düzdür, yoxsa qabarıqdır;
- sərhədi aydındır, yoxsa qeyri-dəqiqdir;
- qabıq varmı;
- qaşınırmı;
- yanırmı;
- halqavari görünürmü;
- günəşlə artırmı;
- uzun müddət eyni yerdə qalırmı.
Bu xüsusiyyətlər rozasea, ekzema, göbələk, lupus və başqa xəstəlikləri
bir-birindən ayırmağa kömək edir.
Kosmetik vasitələr üzdə qızartı yarada bilərmi?
Bəli. Dəriyə qulluq məhsulları həm birbaşa qıcıqlandırıcı təsirlə,
həm də allergik kontakt dermatit vasitəsilə üz qızartısı yarada bilər.
Problemi başlatma ehtimalı olan məhsullara:
- turşulu pilinqlər;
- retinoidlər;
- spirt tərkibli məhsullar;
- ətirli kosmetik vasitələr;
- bəzi konservantlar;
- saç boyası;
- makiyaj vasitələri;
- birdən çox aktiv maddənin eyni vaxtda istifadəsi
daxil ola bilər.
Yeni məhsuldan sonra qızartı, yanma və qaşınma yaranıbsa məhsulu
dayandırmaq və dərinin vəziyyətini qiymətləndirmək məqsədəuyğundur.
Davamlı və təkrarlanan reaksiyada patch test lazım ola bilər.
Steroid kremlər üz qızartısını pisləşdirə bilərmi?
Bəli. Topikal kortikosteroidlər müəyyən dermatitlərin müalicəsində
çox faydalı dərmanlardır, lakin üz nahiyəsində diaqnozsuz və uzunmüddətli
istifadəsi problemlər yarada bilər.
Güclü steroidlərin düzgün olmayan istifadəsi:
- dərinin nazikləşməsinə;
- telangiektaziyalara;
- steroid rosaceasına;
- perioral dermatitin yaranmasına və ya pisləşməsinə;
- göbələk infeksiyasının maskalanmasına
səbəb ola bilər.
Bu səbəbdən aptekdən əldə edilən qarışıq kremlərlə üzdəki hər qızartını
özbaşına müalicə etmək düzgün yanaşma deyil.
Üzdə qızartının diaqnozu necə qoyulur?
Üz qızartısının diaqnostikasında ən vacib vasitə
düzgün anamnez və dermatoloji müayinədir.
Dermatoloq aşağıdakı sualları qiymətləndirə bilər:
- qızartı nə vaxt başlayıb;
- davamlıdır, yoxsa gəlib-gedir;
- isti, günəş, stress və yeməklərlə artırmı;
- yanma, qaşınma və qabıqlanma varmı;
- sızanağa bənzər səpgilər yaranırmı;
- yeni kosmetik vasitə istifadə olunubmu;
- steroid krem istifadə edilibmi;
- saçlı dəridə kəpək varmı;
- göz şikayətləri varmı;
- günəşlə pisləşən başqa səpgilər varmı.
Bu məlumatların çoxu laborator analizdən əvvəl diaqnozu əhəmiyyətli
dərəcədə daraltmağa kömək edir.
Üzdə qızartı üçün hansı analizlər lazım ola bilər?
Hər üz qızartısı olan pasiyentə eyni laborator analiz panelinin
verilməsi tələb olunmur.
Əlavə müayinələr klinik ehtimala görə seçilə bilər.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Müayinə | Nə zaman düşünülə bilər? |
|---|---|
| Dermatoskopiya | Damar quruluşunun və səpginin morfologiyasının qiymətləndirilməsi |
| Patch test | Allergik kontakt dermatit şübhəsi |
| Mikoloji müayinə | Tinea faciei və digər göbələk infeksiyası şübhəsi |
| Mikrobioloji müayinə | Seçilmiş infeksion proseslərdə |
| Qan analizləri | Sistemik və autoimmun xəstəlik şübhəsi olduqda klinik göstərişə görə |
| Dəri biopsiyası | Atipik və diaqnozu qeyri-müəyyən seçilmiş hallarda |
Yəni dəri biopsiyası hər üz qızartısında birinci seçim deyil.
Əksər rozasea və dermatit hallarında diaqnoz klinik müayinə əsasında
qoyula bilər.
Dəri biopsiyası haqqında daha geniş məlumat üçün
dəri biopsiyası
məqaləsinə baxa bilərsiniz.
Üz qızartısının müalicəsi necə aparılır?
Üz qızartısının müalicəsi onun səbəbi müəyyən edildikdən
sonra aparılmalıdır. Bütün üz qızartıları üçün universal krem yoxdur.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Səbəb | Müalicənin ümumi istiqaməti | Vacib qeyd |
|---|---|---|
| Rozasea | Trigger nəzarəti, dəriyə qulluq, topikal və lazım olduqda sistemik müalicə, seçilmiş hallarda damar lazeri/IPL | Fenotipə görə müalicə dəyişir |
| Seboreik dermatit | Antifungal və antiinflamatuar yanaşmalar | Xroniki olaraq təkrarlaya bilər |
| Kontakt dermatit | Səbəb maddənin uzaqlaşdırılması, baryer bərpası və uyğun antiinflamatuar terapiya | Allergik formada allergenin müəyyənləşdirilməsi vacibdir |
| Atopik dermatit | Nəmləndirmə və xəstəliyin ağırlığına uyğun antiinflamatuar terapiya | Dəri baryeri müalicənin əsas hissəsidir |
| Perioral dermatit | Triggerlərin dayandırılması və uyğun topikal/sistemik müalicə | Steroid krem problem yarada bilər |
| Tinea faciei | Antifungal terapiya | Diaqnozsuz steroid istifadəsindən çəkinmək lazımdır |
| Kutan lupus | Günəşdən qorunma və xəstəliyin formasına uyğun dermatoloji/sistemik terapiya | Sistemik qiymətləndirmə lazım ola bilər |
Qızaran və həssas üz dərisinə necə qulluq edilməlidir?
Qızaran və asan qıcıqlanan dəridə sadə və yumşaq dəriyə qulluq rejimi
bir çox xəstəlikdə müalicəyə kömək edə bilər.
- Üzü çox isti su ilə yumayın.
- Aqressiv sabun və skrablardan istifadə etməyin.
- Dərini dəsmalla güclü sürtməyin.
- Ətirsiz və həssas dəri üçün hazırlanmış məhsullara üstünlük verin.
- Dəri baryerini dəstəkləyən nəmləndiricidən istifadə edin.
- Günəşdən müntəzəm qorunun.
- Eyni vaxtda çoxsaylı aktiv kosmetik maddələr tətbiq etməyin.
Rozaseaya meyilli dəridə günəş, isti, soyuq, külək və bəzi dəriyə qulluq
məhsulları flare yarada bilər. Triggerlər hər pasiyentdə eyni olmur.
Bu səbəbdən xəstənin özündə qızartını artıran faktorları müəyyən etməsi
uzunmüddətli nəzarətdə faydalıdır.
Üzdə qızartı nə zaman daha ciddi qiymətləndirilməlidir?
Üzdə qızartının böyük hissəsi təcili vəziyyət deyil. Lakin bəzi
simptomlar daha sürətli tibbi qiymətləndirmə tələb edə bilər.
Həkim müayinəsini gecikdirməyin əgər:
- üzdə qəfil və sürətlə artan şişkinlik varsa;
- nəfəs almaqda çətinlik yaranırsa;
- qızartı yüksək hərarət və güclü ağrı ilə birlikdədirsə;
- bir tərəfli sürətlə yayılan isti və ağrılı sahə varsa;
- göz ağrısı və ya görmə dəyişiklikləri yaranıbsa;
- qabarcıq, nekroz və ya selikli qişa zədələnməsi varsa;
- yeni dərmandan sonra geniş səpgi başlayıbsa;
- qızartı ilə yanaşı sistemik əlamətlər meydana çıxıbsa.
Üzdə qızartı zamanı nə etmək olmaz?
Ən çox edilən səhvlərdən biri diaqnoz qoyulmadan müxtəlif kremləri
ard-arda sınaqdan keçirməkdir.
- Aptekdən təsadüfi steroid krem alıb uzun müddət istifadə etməyin.
- Qızartını avtomatik olaraq allergiya hesab etməyin.
- Hər üz qızartısını Demodex və ya göbələyə bağlamayın.
- Eyni anda bir neçə turşu, retinol və pilinq istifadə etməyin.
- Dərini skrabla sürtməyin.
- Sarımsaq, sirkə, spirt və digər qıcıqlandırıcı ev üsulları tətbiq etməyin.
- Diaqnozu dəqiqləşdirmədən uzun müddət antibiotik və antifungal istifadə etməyin.
Yanlış müalicə klinik görünüşü dəyişdirərək sonrakı diaqnostikanı
çətinləşdirə bilər.
Üzdə qızartı zamanı dermatoloji yanaşma necə olmalıdır?
Aşağıdakı diaqram mobil telefonda sağa-sola sürüşdürülür.
1. Qızartının tipi
Qəfildir, təkrarlanır, yoxsa daimidir?
2. Əlavə əlamətlər
Yanma, qaşınma, qabıq, papula, pustula və damarlar qiymətləndirilir.
3. Lokalizasiya
Yanaq, burun, qaş, ağız ətrafı və digər sahələr nəzərdən keçirilir.
4. Ehtimal olunan diaqnoz
Rozasea, dermatit, infeksiya və digər səbəblər fərqləndirilir.
5. Səbəbə uyğun müalicə
Ehtiyac varsa əlavə testlərdən sonra hədəflənmiş müalicə başlanır.
Üzdə qızartı haqqında tez-tez verilən suallar
Üzdə qızartı nədən yaranır?
Üzdə qızartının səbəbi rozasea, seboreik dermatit, kontakt dermatit,
atopik dermatit, perioral dermatit, infeksiya, fotosensitivlik və
digər çoxsaylı vəziyyətlər ola bilər.
Üzüm niyə tez-tez qızarır?
Təkrarlanan üz qızarması isti, emosional stress, idman, isti içkilər,
ədviyyatlı qida və digər flushing triggerləri ilə əlaqəli ola bilər.
Rozaseada bu meyillilik daha nəzərəçarpan ola bilər.
Yanaqlarda qızartı rozaseadırmı?
Rozasea yanaqlarda qızartının mühüm səbəblərindəndir, lakin hər yanaq
qızartısı rozasea deyil. Dermatitin müxtəlif formaları, günəşə reaksiya
və başqa xəstəliklər də oxşar görünə bilər.
Üzdə qızartı və yanma rozasea əlamətidirmi?
Ola bilər. Rozaseada yanma və batma tez-tez görülür. Lakin iritant
kontakt dermatit, perioral dermatit və kimyəvi qıcıqlanma da oxşar
şikayətlər yarada bilər.
Üzdə qızartı və qaşınma allergiyadırmı?
Allergik kontakt dermatit mümkün səbəblərdən biridir. Atopik dermatit,
seboreik dermatit və bəzi infeksiyalar da qızartı və qaşınma yarada
bilər.
Üzdə qızartı və qabıqlanma nədən yaranır?
Seboreik dermatit, kontakt dermatit, atopik dermatit və tinea faciei
əsas differensial diaqnozlar arasındadır. Qabığın yerləşməsi və
görünüşü diaqnoza kömək edir.
Üzdə qırmızı ləkələr təhlükəlidirmi?
Əksər hallarda səbəb xoşxassəli və müalicə edilə bilən dermatoloji
xəstəlikdir. Lakin uzunmüddətli, atipik və ya əlavə sistem əlamətləri
ilə gedən səpgilər müayinə edilməlidir.
Üzdə qəfil qızarma normaldırmı?
İsti, idman, həyəcan və emosiyalarla qısamüddətli flushing fizioloji
ola bilər. Tez-tez təkrarlanırsa və başqa əlamətlərlə birlikdədirsə
səbəbi araşdırmaq faydalıdır.
Günəş üzdə qızartını artıra bilərmi?
Bəli. Günəş rozaseanı alovlandıra, günəş yanığı yarada və müxtəlif
fotosensitiv dəri xəstəliklərini pisləşdirə bilər.
Üz qızartısı üçün hansı krem yaxşıdır?
Universal krem yoxdur. Rozasea, ekzema, seboreik dermatit və göbələk
infeksiyasının müalicələri fərqlidir. Əvvəlcə diaqnoz müəyyən edilməlidir.
Üzdə qızartıya steroid krem çəkmək olarmı?
Yalnız uyğun diaqnoz və həkim göstərişi ilə. Üzə güclü steroidlərin
uzun müddət istifadəsi steroid rosaceası, perioral dermatit,
telangiektaziya və dəri atrofiyası yarada bilər.
Demodex bütün üz qızartılarının səbəbidirmi?
Xeyr. Demodex sağlam dəridə də mövcud ola bilər. Onun aşkarlanması
təkbaşına üz qızartısının səbəbini sübut etmir.
Üz qızartısı allergiya testləri ilə müəyyən edilirmi?
Bütün üz qızartıları allergik deyil. Allergik kontakt dermatit
şübhəsində patch test faydalıdır. Rozasea üçün isə patch test
diaqnostik test deyil.
Üz qızartısı üçün biopsiya lazımdırmı?
Adətən yox. Əksər hallarda diaqnoz klinik müayinə əsasında qoyulur.
Biopsiya yalnız seçilmiş və diaqnozu aydın olmayan hallarda lazım ola bilər.
Rozaseada görünən damarları necə azaltmaq olar?
Damar lazerləri və intensiv impuls işıq kimi damar yönümlü prosedurlar
seçilmiş rozasea xəstələrində telangiektaziya və davamlı eritemanın
azaldılmasında istifadə edilə bilər.
Üz qızartısı tam keçə bilərmi?
Bu, səbəbdən asılıdır. Kontakt dermatit və infeksiya kimi bəzi
səbəblər tam aradan qalxa bilər. Rozasea isə xroniki xəstəlikdir,
lakin düzgün müalicə və trigger nəzarəti ilə əlamətlər əhəmiyyətli
dərəcədə azaldıla bilər.
Üzdə qızartı zamanı hansı həkimə müraciət edilməlidir?
Davamlı, təkrarlanan və ya səbəbi aydın olmayan üz qızartısı üçün
ilk növbədə dermatoloq tərəfindən qiymətləndirmə məqsədəuyğundur.
Sistemik səbəb şübhəsi yaranarsa əlavə mütəxəssis konsultasiyası
tələb oluna bilər.
Nəticə
Üzdə qızartı müxtəlif səbəblərdən yarana bilən ümumi
dermatoloji şikayətdir. Rozasea ən mühüm səbəblərdən biri olsa da,
seboreik dermatit, kontakt dermatit, atopik dermatit, perioral dermatit,
göbələk infeksiyası və fotosensitiv xəstəliklər də oxşar görünə bilər.
Üzdə qızartı və yanma, qaşınma, qabıqlanma, görünən
damarlar və səpgilərin lokalizasiyası düzgün diaqnoz üçün mühüm
kliniki ipuclarıdır.
Eyni zamanda üzdə qəfil qızarma ilə davamlı
yanaqlarda qızartı eyni şəkildə qiymətləndirilməməlidir.
Birincisi fizioloji flushing ola bildiyi halda, ikincisi xroniki
dermatoloji xəstəliyin əlaməti ola bilər.
Ən vacib prinsip üz qızartısının müalicəsinə diaqnoz
qoyulduqdan sonra başlamaqdır. Təsadüfi steroid, antibiotik və ya
antifungal kremlərlə özbaşına müalicə xəstəliyin görünüşünü dəyişdirə
və diaqnostikanı çətinləşdirə bilər.
Üzünüzdə davamlı və ya təkrarlanan qızartı varmı?
Yanaqlarda qızartı, yanma, qaşınma, qabıqlanma, görünən damarlar
və ya sızanağa bənzər səpgilər varsa dermatoloji müayinə diaqnozun
dəqiqləşdirilməsinə kömək edə bilər.














29 Responses
Məndə üzümdə qızarma olur,soyug olanda isti olanda,durdug yerdə,gəzəndə.Hərdən artir hətta çəhrayı rəng alır hərdən azalir.Əsasda yanagda və yanagdan biraz yuxarda.Hərdən özümdən asıllı olmyaraq əsəbləşirəm…
Nəyə görə belədi?
Salam Fərid bəy. Sualınıza görə təşəkükrlər. Üzdə qızartılara səbəb olan xəstəlik növü çoxdur. Əyani müayinələrdən sonra sizə diaqnoz qoyulmalıdır öncə. Diaqnoz qoyulmasa müalicələr səmərə verməz.
Müayinə üçün nə etməliyəm? Siznən necə əlaqə saxlaya bilərəm?
Müraciət üçün qeyd edilən vatsap nömrəsi ilə randevu almanız lazımdır.
Salam doktor. Gah Rozacea gah da kuperoz diaqnozu qoyulub. Üz kapilyarların lazerlə yandırılması üzümdə böyük yanıqlara səbəb olmuşdu. Hal hazırda metronidazol tərkibli kremlər Salantra və rozamed kimi kremler cəkirem. Bu arada autoimmun Seqren de 4 il əvvəl diaqnoz qoyulub. Karantinle bağlı Bakıya gələ bilmirem.
Bilmirdim klinikada siz de işləyirsiniz. Sual vermək istərdim hemen kremleri cekimmi və rayona səfəriniz gözlənilirmi? Təşəkkür edirəm.
Salam. Sualınıza görə təşəkkürlər. İnşallah yaxın zamanlarda səfər planlaşdırılır. Gəldiyimiz təqdirdə hər halda xəbərdar olacaqsınız. Kuperoz və ya rozasea müalicəsi aparılır tərəfimizdən. Hörmətlə
Salam. Məndə qida zəhərlənməsi oldu iyulda bütün bədənim üzüm səpdi. Sistem asıldı bədənim təmizləndi ama sinə hissəm üzüm hələdə qızarır. Əsəbləşəndə üzümə su vuranda günə çıxanda. Bir çox antihistamin qəbul elədim. Toksinlərdən bədənim təmizlənsin düyğ dəfələrlə klizma olundum venad
an tiosulfat vurdurdum bitmir. Dərdim nədi bilə bilmirəm
Salam Leyla xanım. Belə problemlərə səbəb olan çox xəstəlik var. Mütləq əyani şəraitdə müayinə edilməli və testlərdən keçməlisiz. Müraciət edin yardım edərik. Keçmiş olsun !
Uzum qizarir 10 ildi hekme getim dedim dedi keçecey ama keçmedi maraxlandim internetde razatsiya xesteliydi deri alti kaplarlar
Salam həkim mənim 2 ay olarki görürəm uzumdə dəri altindan yumru səpkilər səklində goruntulər var.Əlim ilə uzumə sigal çəkəndə yumsaq və sigallidir.Amma güzgüdə ozumə baxanda əlim ilə hiss etməsəm deyərəmki üzüm çoturlu görünür,sanki qizartilar düyür düyür görünür.Sizcə bunun səbəbi nədən ola bilər.Əvvəllər qəbizlik olanda da üzüm səpgili olurdu.
Salam. Üzdə bu cür səpgilər verən dəri xəstəliyi çoxdur. Diaqnozu dəqiqləşdirmək üçün əyani müyainə lazımdır. İstənilə halda çarəsi vardır bu cür problemlərin.
Salam doktor mende bele bır hal var her yuxudan oyananda alnımda qızartı olur yumru bır yerde yumurta boyda texmını sonra keçib gedır amma yene de bılmek ıstedım bu neyınse elametı ola bıler cunkı yaşlandıqca bu hal oldu yenı yenı 38 yaşım var bu arada
Salam. Adi ekzogen səbəblər bəzən bu cür problmelə yarada bilər. Diaqnoz qoyulmalıdır hər şeydən əvvəl. Səbəbi tapılmalıdır. Sonra müalicələr yaza bilərik. Müraciət edə bilərsiz köməklik edərik. Hörmətlə
Salam doktor.mende uzumde goz qapaqlarinda ve yanaq hissrlerdeqizarti qaşınma var.bu ne ile elaqelidi?cekilir geri qayidir
Salam. Çətin sualdır. Müayinə və anamnez toplamadan dəqiq cavab vermək olmaz. Səbəblər şəxslərə görə individualdır. Ola bilər adi ekzogen səbəb olsun, ola bilər ciddi endogen. Hər halda spf günəş kremləri vurun bir müddət. Düzəlməsə gərək müraciət edəsiniz ki, sizə yardım edə bilək. Hörmətlə
salam doktor,qizimin 17 yasi var,uzunde qizarti var 10 gun olar,apelsin yeyende topurlandi,amma indi azalib,ne etmek olar
Salam. Müayinə edib səbəbini bilmək lazımdır. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam doktor menim 42 yaşım var.Uzum çox təmiz olub hər zaman.2 həftədir səpgilər var üzümde.Deri hekimine getdim dedi qəbizlik var ona görə də bele seçkilər var.Bu gün de tamamilə qızartı olub sanki yanıb üzüm .Hekim maz ve dermanlar yazmışdı 2 gündü qəbul edirəm sanki dermanlardan sonra daha çox artır bu normaldı ya yox.
Salam. Üzdəki qızartı qəbizliklə demək olar ki, əlaqəli deyil. Başqa səbəblər araşdırılmalıdır. Müalicələr fayda verməsə müraciət edə bilərsiz. Yardım edərik sizə. Hörmətlə
Salam
Menim üzümdə Dəmirova bənzər bir sepki yarandı. Sepki ilk defe yarandığında kenarları qabiglanmis kimi iceris qırmızı kiçik sepkiler idi. Daire şəkilində. Üz nahiyəsində yəni. bir müddətdən sonra öz -ozune itdi. Sora o sepki üzümün başqa yerində yarandi narahat olmağa başladım və daha sonra üzümun bir çox yerlərinə yayılıb. İlk yarananda balaca bir nahiyede olur amma getdikcə böyüyür..çox xaiş edirəm mümkünsə cavab yazın ne edim ki keçsin?
Salam
Menim üzümdə Dəmirova bənzər bir sepki yarandı. Sepki ilk defe yarandığında kenarları qabiglanmis kimi iceris qırmızı kiçik sepkiler idi. Daire şəkilində. Üz nahiyəsində yəni. bir müddətdən sonra öz -ozune itdi. Sora o sepki üzümün başqa yerində yarandi narahat olmağa başladım və daha sonra üzümun bir çox yerlərinə yayılıb. İlk yarananda balaca bir nahiyede olur amma getdikcə böyüyür..çox xaiş edirəm mümkünsə cavab yazın ne edim ki keçsin?
Salam. Üzdə qızartı verən dəri xəstəliyi çoxdir. Müraciət edin səbəbini araşdıraq və səbəbə yönəlik müalicələr təyin edək. Hörmətlə
Salam
Mənim üzümdə 15 yaşdan belə sepkiler var idi hal-hazırda 18 yaşım var və hekime getdim bir neçə dərman və gel yazdı ornaklin b geli. Geli ilk gün vuranda elə bir təsiri olmadı üzüm qurudu qabığ verdi. İkinci gün vuranda üzüm yanmağa başladı məndə üzümü suyla yudum sonra üzüm dahada qızardı yanma hissi var idi həmdə şişdi sebebi ne ola bilər
Salam. Üzdə qızartı verən çoxsaylı daxili və xarici səbəblər. Səbəbi bilib problemin qarşısını almaq lazımdır. Cünki bu cür xəstəliklər proqressivdir və zamanla daha ciddi fəsadlar və qalıcı qızartı verə bilər. Hörmətlə
Salam hekim menim derimde qızartılar var. Yanağımda alınımın yanında. Hekime gedim 2 defe desi bunları ele kecey ama yene de getmedi. Derim qım qırmızı yanır hemde çoxlu ağıyır ele yanırki hemde ağıyır hekime 2 iki defe getdim. Yalandan ikisde iki derman yazdı. Desi keçecey ama kecmedi biri vitamin bide krem yazmışdı dedi vitamin çatışmır ondan derin qızarır. Hemde o kremi vurandan beri sepkilerde yarandı onlar bi şey tapa bilmədiler bari sen de nolar doktor 😥o boyda pul tökdüm sağalmadı😭
Salam. Ola bilər diaqnoz düzgün qoyulmayıb. Ya da ki, səbəbi araşdırılımayıb. Səbəbi bilnmədən üzdəki qızartıara dərmanlar çox təsirli ola bilməz. Müraciət edə bilərsiz yardım edərik sizə. Hörmətlə
Salam sabahiniz xeyir menim 37yawim var . Bir nece gundu hiss edremki uzum boynum qulagim qiziarir isdilikk kimi gelir kecir nedendi bu nedi ki bu 1ci defedi belebir weyle rasdwiram
Salam. Belə əlamətlər verən dəri xəstəliyi çoxdur. Təbii ki, damar rekasiyasına səbəb olan dəri xəstəlikləri ola bilər. Müayinə edib vaxtında qarşısını almaq lazımdır. Hörmətlə