Akne müalicəsində səhvlər: Lazer, qurd, gənə müalicələri
Akne müalicəsində səhvlər xəstəliyin uzanmasına, şiddətlənməsinə və qalıcı izlərin yaranmasına səbəb ola bilər. Sızanaq (çivzə) müalicəsi ətrafında yayılan miflər, kommersiya yönümlü yanaşmalar və elmi əsası olmayan metodlar pasiyentləri düzgün müalicədən uzaqlaşdırır. Akne xəstəliyinin səbəbləri və sübutlu müalicə prinsipləri ayrıca izah edilmişdir – sızanaq xəstəliyi haqqında hər şey
Bu yazının məqsədi isə aknenin müalicəsində nəyi etməmək lazım olduğunu aydın şəkildə göstərməkdir.
Mündəricat
- Aktiv aknedə lazer müalicəsi
- “Bir lazer hamını sağaldır” mifinin yanlışı
- “Qurd / toksin / disbakterioz” izahı niyə doğru deyil?
- Demodeks = hər aknenin səbəbi? (yanlış yanaşma)
- Dərmanlardan qorxmaq və ya özbaşına istifadə etmək
- Kosmetik prosedurları müalicə ilə qarışdırmaq
- Akne müalicəsində alternativ təbabət
- Tez-tez verilən suallar (FAQ)
1. Aktiv akne mərhələsində lazer müalicəsi
Akne müalicəsində ən ciddi səhvlərdən biri aktiv iltihabi akne mərhələsində lazer prosedurlarına başlamaqdır. Bir çox pasiyentlərə yanlış olaraq lazerin sızanaqları “yandıraraq” sağaldacağı deyilə bilər. Halbuki aktiv papula, pustula, düyün və kistalar zamanı lazer:
- iltihabı azaldmaq əvəzinə dərinləşdirə bilər
- postinflamatuar hiperpigmentasiya riskini artırır
- atrofik və ya hipertrofik izlərin yaranmasına zəmin yarada bilər
Lazer və digər enerji əsaslı prosedurlar əsasən aktiv akne nəzarət altına alındıqdan sonra – yəni izlər, qızartı və tekstura problemləri mərhələsində düşünülə bilər. Aktiv xəstəlik dövründə lazer müalicəsi elmi baxımdan əsaslandırılmış standart yanaşma deyil.
2. “Bir lazer bütün sızanaqları sağaldır” mifinin yayılması
Akne çoxfaktorlu xəstəlikdir: hormonal təsirlər, sebum artımı, follikul tıxanıqlığı və iltihab birlikdə rol oynayır. Heç bir lazer texnologiyası bu mexanizmlərin hamısını təkbaşına aradan qaldıra bilməz. Akne müalicəsində səhvlər arasında lazeri “tam müalicə” kimi təqdim etməkdir. Bu pasienti yanlış gözləntilərə salır və vaxt itkisinə səbəb olur.
3. Sızanağın səbəbini “qurd, toksin, disbakterioz” ilə izah etmək
Akne xəstəliyi və ya elmı adı “acne vulgaris” olan üz dərisində sızaqlar ilə özünü göstərən dəri xəstəliyinin müalicəsində bir çox mərkəzlərdə yanlış praktikalar tətbiq edilir. Sübuta dayanmış təbabətə istinad edilməyən üsul və medodlara başvurulur. Belə ki, sızanaq xəstəliyinin mədə-bağırsaq sisteminin qurd dediyimiz parazitar infeksiyaları ilə əlaqəsi sübut edilməmişdir və ümumdünya səhiyyə təşkilatı protokollarında bu cür testlər və müalicələr tövsiyyə edilmir. Qurd deyilən parazitar invaziyalar dəridə bəzi dəri xəstəliklərini törədə bilər. Lakin, bütün dəri xəstələrini o cümlədən vulqar akne xəstəliyi yəni, adi sızanaq xəstələrinə bu cür müayinələr və müalicələr aparmaq xətalıdır. Akneni bağırsaq qurdu, “qan çirklənməsi” və ya qeyri-müəyyən toksinlərlə əlaqələndirmək akne müalicəsində klassik yanlış yanaşmalardandır.
Bu tip izahlar:
- elmi sübuta əsaslanmır
- pasiyenti lazımsız analizlərə yönəldir
- effektiv dermatoloji müalicəni gecikdirir
Bağırsağın disbakteriozu və ya florası ilə əlaqəli elmi araşdırmalar yekunlaşmadığı üçün bu istiqamətdə də müalicələrin aparılması yolverilməzdir. Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, sızanaq xəstəliyinin diaqnostikası üçün bəzən xəstələr mədə-bağırsaq sisteminin uzun uzadı çekapların etdirirlər. Bu isə xəstəliyin dərinləşməsi baxımından zaman itkisi deməkdir. Bağırsaq mikrobiomu ilə dəri arasında əlaqə araşdırılsa da, bu, hər sızanaq xəstəsinin antiparazitar və ya probiotik müalicə almalı olduğu anlamına gəlmir.
4. Demodeksin aknenin səbəbi kimi qəbul edilməsi
Sızanaq xəstəliyi bir çox mərkəzlərdə elmi adı “demodeks follikulorum” olan gənə xəstəliyi ilə səhv salaraq, gərəksiz müalicələr təyin edirlər. Bəli demodeks və ya gənə hər bir insanın dərisində yaşayan kommensal parazitdir. Onu dəridə o cümlədən üz dərisində törətdiyi bir çox dəri xəstəliyi vardır. Lakin, sızanaq xəstəliyinin yaranması və meydana gəlməsində heç bir rola malik deyildir. Bu istiqamətdə aparılan testlər və müalicələr zaman itkisidir, xeyirdən çox ziyanı vardır. Akne xəstəliyinin müalicəsi və profilaktikası yalnız ümumdünya səhiyyə təşkilatının protokollarına və sübuta dayanmış elmi araşdırmaları nəticəsinə istinad edilərək müayinə və müalicələr aparıla bilər. Digər üsul və metodların elmi cəhətdən isbatı yoxdursa bu cür praktikalardan uzaq durulmalıdır.
Demodeks gənəsi sağlam insan dərisində də rast gəlinə bilər. Onun tapılması avtomatik olaraq aknenin əsas səbəbi demək deyil. Demodeks daha çox rozasea və bəzi xüsusi dermatoloji vəziyyətlərdə klinik əhəmiyyət daşıyır. Aknenin bütün formalarını demodekslə əlaqələndirmək müalicəni yanlış istiqamətə aparır.
5. Dərmanlardan qorxmaq və ya özbaşına istifadə etmək
Akne müalicəsində tez-tez rast gəlinən başqa bir səhv: ya dərmanlardan əsassız qorxmaq, ya da onları özbaşına istifadə etməkdir.
Xüsusilə:
- antibiotiklərin yarımçıq saxlanması
- topikal retinoidlərin ilk qıcıqlanmada dayandırılması
- izotretinoinin həkim nəzarəti olmadan tələb edilməsi
Bu yanaşmalar müalicənin effektivliyini azaldır və ağırlaşma riskini artırır.
6. Kosmetik prosedurların müalicə ilə qarışdırılması
Kimyəvi pilinq, təmizləmə, maska və kosmetik prosedurlar akne müalicəsini əvəz etmir. Bu prosedurlar yalnız düzgün seçilmiş dermatoloji müalicəyə köməkçi ola bilər. Kosmetik yanaşmaları əsas müalicə kimi görmək akne nəzarətini çətinləşdirir.
7. Akne müalicəsində alternativ təbabət
Bundan əlavə sızanaq müalicəsində bağırsaqların yuyulması, plazmoferez, ozonoterapiya, hicama və s. kimi sübutu olmayan üsul və metodlara müraciətlər isə xəstəliyin ancaq proqressivləşməsinə və dərinləşməsinə xidmət edir. Xəstəliyin dərinləşməsi isə üz dərisində sızanaq izləri və çopurlar deməkdir. Odur ki, çivzələrdən əziyyət çəkən xəstələr müalicəsini sübuta dayanmış təbabət üzərindən apara bilən dermatoloq həkimə həvalə etməlidirlər.
Tez-tez verilən suallar (FAQ)
Akne müalicəsində ən çox edilən səhv nədir?
Ən çox səhv pasiyentin müalicəni “tək səbəb” üzərindən qurması və elmi əsası olmayan yanaşmalara inanmasıdır. Bu, effektli mərhələli müalicəni gecikdirir və iz riskini artırır.
Aktiv sızanaq mərhələsində lazer etmək olarmı?
Adətən məqsədəuyğun deyil. Aktiv iltihabi elementlər (papula, pustula, düyün, kista) zamanı lazer prosedurları qıcıqlanma, ləkə və ağırlaşma riskini artıra bilər. Lazer daha çox aktiv xəstəlik nəzarətə alındıqdan sonra (iz, qızartı, tekstura mərhələsi) düşünülür.
“Bir lazer bütün akneni sağaldır” iddiası doğrudur?
Xeyr. Akne çoxfaktorlu xəstəlikdir və tək bir prosedurun bütün mexanizmləri aradan qaldırması real deyil. Lazer bəzən köməkçi rol oynaya bilər, amma “tam müalicə” kimi təqdim edilməsi yanlışdır.
Aknenin səbəbi qurddur və ya “qan çirklənməsidir”?
Klassik akne üçün bu izahlar elmi əsaslı rutin yanaşma deyil. Belə iddialar çox vaxt lazımsız müayinələrə və müalicənin gecikməsinə səbəb olur.
Demodeks varsa, mütləq akne ondan yaranır?
Xeyr. Demodeks sağlam insanlarda da rast gəlinə bilər. Onun tapılması hər zaman aknenin əsas səbəbi demək deyil. Klinik tablo və dermatoloqun qiymətləndirməsi əsasdır.
Akne müalicəsində dərmanları nə üçün özbaşına başlamaq təhlükəlidir?
Çünki yanlış preparat, yanlış doz və natamam kurs müalicənin effektini azaldır, bəzən də ağırlaşma və yan təsir riskini artırır. Xüsusilə antibiotiklər və izotretinoin kimi dərmanlar mütləq həkim nəzarəti tələb edir.
Kosmetik prosedurlar (təmizləmə, maska, pilinq) müalicəni əvəz edə bilər?
Yox. Onlar yalnız köməkçi ola bilər. Əsas müalicə mexanizmə uyğun planlanmalıdır; əks halda prosedurlar qıcıqlanma və alovlanma riski yarada bilər.
Sızanaqları sıxmaq niyə tövsiyə edilmir?
Sıxmaq iltihabı dərinləşdirə və postinflamatuar ləkə/çopur riskini artıra bilər. Xüsusilə düyünlü-kistik aknede bu risk daha yüksəkdir.
Bu yazı müalicə planını əvəz edir?
Xeyr. Bu məqalə yanlış praktikaları göstərir. Aknenin sübutlu müalicə prinsipləri üçün əsas bələdçi yazıya keçmək daha doğrudur.
Nəticə: yanlış yanaşma iz riskini artırır
Akne müalicəsində səhvlər adətən yanlış məlumat, kommersiya yönümlü və elmi əsası olmayan yanaşmalardan qaynaqlanır. Aktiv akne mərhələsində lazer kimi prosedurların tətbiqi xüsusilə risklidir. Düzgün müalicə mərhələli, individual və dermatoloq nəzarətində aparılmalıdır. Əsas müalicə prinsipləri üçün tövsiyə olunan yazı:
sızanaq xəstəliyi haqqında hər şey.






