Atopik ekzema nədir ? Əlamətlər, səbəblər və müasir müalicə yolları

Atopik ekzema xəstəliyi (atopik dermatit) xroniki, təkrarlanan və əsasən qaşınma ilə müşayiət olunan iltihabi dəri xəstəliyidir. Atopik ekzema ən çox uşaqlarda rast gəlinir, lakin böyüklərdə də davam edə və ya ilk dəfə ortaya çıxa bilər. Xəstəlik həyat keyfiyyətinə ciddi təsir göstərdiyi üçün erkən diaqnoz və düzgün müalicə çox önəmlidir. Atopik ekzema xroniki allergik dəri xəstəliyi hesab edilir. Pediatrik qruplarda daha çox görülür. Lakin, digər adı atopik dermatit olan bu xəstəlik hər yaşda görülə bilər. Dəridə qaşınma və qızartı şikayətləri ilə müraciət edirlər. Ağır formalarda dəridə qabıqlanma, axıntı və likenifikasiya adlandırdığımız dəridə qalınlaşma, başda kəpəklənmə görülə bilər. Dərinin allergik xəstəliyi sayılan atopik dermatit problemi özünü erkən uşaqlıq vaxtlarında göstərməyə başlayır. Ona görə bu xəstəlik uşaq dəri xəstəlikləri arasında baxılır.

 


Atopik ekzema nədir və necə yaranır?

Atopik ekzema nədir? Bu xəstəlik dəri baryerinin zəifləməsi və immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranır. Sağlam dəridə qoruyucu baryer mövcud olduğu halda, atopik ekzema zamanı dəri suyu tez itirir və allergenlər asanlıqla dəriyə nüfuz edir.

Əsas mexanizmlər:

  • Dəri baryerinin genetik zəifliyi (filaggrin çatışmazlığı)
  • İmmun sisteminin disbalansı
  • Allergik meyllilik (atopiya)

 


Atopik ekzema səbəbləri

Atopik ekzema səbəbləri genetik faktorlara bağlıdır. Adətən valideynlərin birində atopik vəziyyət aşkar edilir. Yəni, valideynlərdə allergik rinit, konyuktivit, astma ola bilər. Uşaqda atopik dermatit problemi varsa gələcəkdə onda da allergik rinit, konyuktivit və astmanın yaranma riski vardır. Bu baxımdan atopik dermatit xəstəliyi olan insanlar daima dermatoloq nəzarətində qalmalı və müalicələr almalıdırlar. Atopik ekzema səbəbləri polifaktorialdır və əksər hallarda bir neçə amil birlikdə rol oynayır:

  • Genetik meyllik (ailədə allergiya, astma, ekzema)
  • Quru dəri
  • Qida allergiyaları (uşaqlarda daha çox)
  • Toz gənələri, polen, heyvan tükü
  • Stress və emosional gərginlik
  • Dəriyə uyğun olmayan sabun və yuyucu vasitələr

 


Atopik ekzema əlamətləri

Atopik ekzema əlamətləri yaşa görə fərqlənə bilər, lakin əsas əlamət demək olar ki, həmişə qaşınmadır. İki aylığından etibarən uşaqların yanağında qızartı və qaşıntı şikayəti ilə başlayır. Daha sonra dərinin büküşlərində qaşıntı və qızartı şikayəti davam edir. Daha ağır formalarda istənilən nahiyyədə dəridə şiddətli qaşıntı verən qızartılar yarana bilər. Lakin unutmaq lazım deyil ki, yanaqlarda qızartı və bükənəklərdə qaşınma sadəcə atopik dermatit xəstəliyi ilə əlaqəli olmur. Başqa dəri xəstəlikləri də vardır ki, eyni klinik əlamətlə verə bilər. Dermatoloq Mehdi İskəndərli əlavə edir ki, diaqnozun dəqiqləşdirilməsi üçün mütləq əyani müayinələr və testlərə ehtiyac duyulur.

 

Ən çox rast gəlinən simptomlar:

  • Güclü qaşınma (xüsusilə gecələr)
  • Dəridə quruluq və qabıqlanma
  • Qızartılı və iltihablı səpgilər
  • Dərinin qalınlaşması (xroniki hallarda)
  • Bəzən sızıntılı və sulanan yaralar

 

Yaşa görə tipik sahələr

  • Körpələr: üz, yanaqlar, baş dərisi
  • Uşaqlar: dirsək və diz bükümləri
  • Böyüklər: boyun, əllər, üz və büküm sahələri

 

atopik ekzema xəstəliyi


 

Atopik ekzema növləri

Klinik gedişinə görə atopik ekzema şərti olaraq bölünür:

  • Kəskin atopik ekzema – qızartı, axıntı, güclü qaşınma
  • Xroniki atopik ekzema – qalınlaşmış, likenifikasiya olmuş dəri

 


Atopik ekzema diaqnozu necə qoyulur?

Atopik ekzema diaqnozu əsasən klinik əlamətlərə əsaslanır. Əlavə müayinələr yalnız şübhəli hallarda aparılır:

  • Dermatoloji müayinə
  • Allergiya testləri (dəstək məqsədilə)
  • İnfeksiya şübhəsi varsa əlavə analizlər

Biopsiya nadir hallarda, diferensial diaqnoz üçün istifadə olunur.

 

 


Atopik ekzema müalicəsi

Atopik ekzema müalicəsi individual yanaşma tələb edir və əsas məqsəd alovlanmaları azaltmaq və dəri baryerini bərpa etməkdir. Atopik dermatit xəstəliyinin müalicəsi vardır. Valideynlər və xəstələr ümidsiz olmamlıdırlar. Atopik ekzemanın müalicəsi dermatologiya uzmanı tərəfindən aparılsa da valideynlər də profilaktikada yaxından iştirak etməlidirlər. Atopik dermatitin müalicəsi üçün dəri həkimi adətən yerli və daxilə kortikosteroidlər, immunupressiv terapiyalar, topikal D vitamini analoqlarını, antibiotiklər, topikal immunomodulyatorlar, emollientlər, antihistaminiklər təyin edir. Müalicələr individualdır. Xəstənin yaşı, cinsi, ağırlığı və s. müalicə taktikasını təyin edir. Günəş şüası dəridə qaşıntı və qızartını azaldır. Ona görə atopik dermatit xəstələrinə günəşli sezonlarda mütəmadi qaydada günəş vannalarının qəbulu da məsləhət edilir.

 

Əsas müalicə prinsipləri:

  • Nəmləndiricilər (emoliyentlər) – gündəlik və davamlı istifadə
  • Topikal kortikosteroidlər – alovlanma dövründə
  • Kalsinevrin inhibitorları (takrolimus, pimekrolimus)
  • Antihistaminlər (qaşınmanın azalması üçün)
  • Orta və ağır hallarda sistem müalicə və bioloji preparatlar

 

Atopik ekzema xəstəliyi


 

Atopik ekzema zamanı gündəlik qulluq

Atopik dermatit xəstəliyi əsasən yaz və payız aylarında kəskinləşdiyi üçün valideynlər dermatoloqlara tez-tez randevular alırlar. Doğru dəri baxımı müalicənin yarısıdır:

  • Qısa, ilıq duş
  • Sabunsuz və ya hipoallergen məhsullar
  • Dərini sürtmədən qurulamaq
  • Nəmləndiricini duşdan dərhal sonra çəkmək
  • Təbii parçalardan geyim seçmək

 


Atopik ekzema təhlükəlidirmi?

Atopik ekzema həyat üçün təhlükəli xəstəlik deyil, lakin:

  • Xroniki gediş
  • Yuxu pozğunluğu
  • Psixoloji gərginlik
  • İkincili infeksiyalar

kimi problemlərə səbəb ola bilər. Düzgün nəzarət ilə bu risklər minimuma endirilir.

 

 


Tez-tez verilən suallar

Atopik ekzema yoluxucudurmu?

  • Xeyr, atopik ekzema yoluxucu deyil.

Atopik ekzema tam sağalır ?

  • Uşaqlarda yaş artdıqca əlamətlər azala bilər. Böyüklərdə isə xəstəlik nəzarət altında saxlanılır.

 


Nəticə

Yekun olaraq, atopik ekzema xəstəliyi xroniki və çoxfaktorlu dəri xəstəliyidir. Erkən diaqnoz, düzgün gündəlik qulluq və dermatoloq nəzarəti ilə xəstəliyin gedişi əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər. Atopik ekzema xəstəliyinin müalicəsi vardır. Valideynlər ümidsiz olmasın.

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir