Xal müayinəsi dəridəki xalların, qara ləkələrin, piqmentli törəmələrin və sonradan yaranan dəri dəyişikliklərinin dermatoloq tərəfindən qiymətləndirilməsidir. Bu müayinənin əsas məqsədi zərərsiz xalları təhlükəli xallardan ayırmaq, melanoma və digər dəri xərçəngi riskini erkən mərhələdə aşkar etməkdir.
Xal bədəndə illərdir dəyişmədən qala bilər və zərərsiz ola bilər. Lakin bəzi xallar böyüyür, rəngi dəyişir, qanayır, qaşınır, qabıqlanır və ya digər xallardan fərqli görünür. Belə hallarda “xalı lazerlə yox etdirmək”, “qara xalı təmizləmək” və ya “xalı qoparmaq” kimi addımlardan əvvəl mütləq dermatoskopik müayinə aparılmalıdır.
Dermatoskopiya xüsusi böyüdücü optik cihazla xalların strukturunu, piqment paylanmasını, damar naxışlarını və sərhədlərini daha detallı görməyə imkan verir. Bu üsul həkimə hansı xalların izlənməli, hansı xalların biopsiya və ya cərrahi çıxarılma ilə qiymətləndirilməli olduğunu müəyyən etməyə kömək edir.
Bu yazıda xal yoxlanması, dermatoskopiya, təhlükəli xal əlamətləri, sonradan yaranan xallar, qara xallar, xal götürülməsi, lazerlə xal yox edilməsi və hansı hallarda dermatoloqa müraciət etmək lazım olduğu izah olunur.
Qısa cavab
Xal böyüyürsə, rəngi dəyişirsə, kənarları qeyri-bərabərdirsə, qanayırsa, qaşınırsa, qabıqlanırsa, sonradan yaranıbsa və ya digər xallardan fərqli görünürsə, dermatoloq tərəfindən dermatoskopiya ilə yoxlanmalıdır. Xalın lazerlə, yandırma ilə və ya kosmetik üsulla götürülməsindən əvvəl onun təhlükəli olub-olmadığı qiymətləndirilməlidir.
Təcili diqqət tələb edən xal əlamətləri
Xalda ani böyümə, asimmetriya, kənarların kələ-kötür olması, bir neçə rəngin qarışması, qara-mavi sahələr, qanama, yara, qabıqlanma, ağrı, qaşınma, dırnaqda qara xətt və ya uşaqlıqdan olan böyük xalda dəyişiklik varsa, müayinə gecikdirilməməlidir.
Xal müayinəsi nədir?
Xal müayinəsi bədəndəki xalların, piqmentli ləkələrin, qara-qəhvəyi törəmələrin və şübhəli dəri dəyişikliklərinin dermatoloq tərəfindən qiymətləndirilməsidir. Müayinə zamanı yalnız bir xal yox, çox vaxt bütün dəri səthi, riskli nahiyələr, əl-ayaq altı, dırnaqlar və bəzən saçlı dəri də nəzərdən keçirilir.
Xalın təhlükəli olub-olmadığı yalnız gözlə baxmaqla hər zaman dəqiq bilinmir. Ona görə dermatoskopiya müayinənin əsas hissəsidir. Dermatoskop xalı böyüdərək onun iç quruluşunu, piqment paylanmasını, damarlarını və sərhədlərini daha aydın göstərir.
Bu müayinə xüsusilə melanoma, bazal hüceyrəli karsinoma, yastı hüceyrəli karsinoma, atipik nevus və zərərsiz dəri törəmələrinin ayırd edilməsində vacibdir.
Dəri xərçəngi haqqında daha geniş məlumat üçün
dəri xərçəngi
məqaləsinə baxa bilərsiniz.
Dermatoskopiya nədir?
Dermatoskopiya dərinin xüsusi optik cihaz olan dermatoskop vasitəsilə böyüdülərək qiymətləndirilməsidir. Bu prosedur bəzən dermoskopiya, dermatoskopik müayinə, dermoskopik müayinə və ya xalın dermatoskopiyası kimi də adlandırılır.
Dermatoskop adi gözlə görünməyən bəzi strukturları daha aydın göstərir: piqment şəbəkəsi, qeyri-bərabər rəng paylanması, damar naxışları, asimmetriya, atipik nöqtələr və melanoma üçün şübhəli ola bilən digər əlamətlər.
Müayinə ağrısızdır, kəsik və iynə tələb etmir. Dermatoloq xalı cihazla böyüdərək qiymətləndirir və nəticəyə görə müşahidə, fotoizləm, biopsiya və ya cərrahi çıxarılma qərarı verə bilər.

Qadın baldırındakı xalı müayinə etdirdi və melanoma xərçəngi aşkarlandı
Hansı xallar təhlükəlidir?
Xəstələr tez-tez “hansı xallar təhlükəlidir?” sualını verir. Təhlükəli xal adətən dəyişən, böyüyən, rəngi və forması pozulan, qanayan, qaşınan və ya digər xallardan fərqli görünən xaldır.
Bəzi melanomalar əvvəldən mövcud olan xalın üzərində inkişaf edə bilər, bəziləri isə dəridə yeni ləkə kimi yarana bilər. Buna görə yalnız köhnə xallar deyil, sonradan yaranan xallar da diqqətlə izlənməlidir.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Əlamət | Nəyi düşündürə bilər? | Nə etmək lazımdır? |
|---|---|---|
| Xal böyüyür | Aktiv dəyişiklik, atipik nevus və ya melanoma riski | Dermatoskopiya və lazım olduqda fotoizləm |
| Rəngi dəyişir | Qeyri-bərabər piqmentasiya, qara-mavi sahələr, melanoma ehtimalı | Gecikmədən dermatoloqa müraciət |
| Qanama və yara var | Travma, iltihab və ya dəri xərçəngi ehtimalı | Özbaşına yandırmaq və qoparmaq olmaz |
| Qaşınma və ağrı var | Qıcıqlanma, travma və ya dəyişən törəmə | Dəyişiklik davam edirsə müayinə |
| Digər xallardan fərqlidir | “Çirkin ördək” əlaməti, yəni fərqli görünən xal | Dermatoskopik qiymətləndirmə |
Təhlükəli xal əlamətləri: ABCDE qaydası
ABCDE qaydası melanomaya şübhə yarada bilən dəyişiklikləri yadda saxlamaq üçün istifadə olunur. Bu qayda diaqnoz qoymur, amma hansı xalların dermatoloq tərəfindən yoxlanmalı olduğunu göstərir.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| ABCDE | Mənası | Pasiyent nəyi görür? |
|---|---|---|
| A — Asimmetriya | Xalın iki yarısı bir-birinə oxşamır | Bir tərəfi başqa, digər tərəfi başqa görünür |
| B — Border | Kənarlar qeyri-bərabərdir | Kələ-kötür, yayılmış və qeyri-dəqiq sərhəd |
| C — Color | Rənglər müxtəlifdir | Qara, qəhvəyi, boz, qırmızı, ağ və mavi çalarlar qarışır |
| D — Diameter | Diametr böyüyə bilər | 6 mm-dən böyük və ya getdikcə böyüyən xal |
| E — Evolution | Zamanla dəyişiklik | Böyümə, rəng dəyişməsi, qanama, qaşınma və qabıqlanma |
ABCDE əlamətlərindən biri varsa, xalı lazerlə yandırmaq, qoparmaq və ya kosmetik üsulla gizlətmək düzgün deyil. Əvvəlcə dermatoloq tərəfindən dermatoskopiya aparılmalıdır.
Sonradan yaranan xallar nə vaxt yoxlanmalıdır?
Sonradan yaranan xallar çox vaxt zərərsiz ola bilər. Lakin yetkin yaşda yeni yaranan, sürətlə böyüyən, tündləşən, asimmetrik və ya digər xallardan fərqli görünən törəmə mütləq qiymətləndirilməlidir.
“Yeni xal çıxdı, normaldırmı?” sualının cavabı yaşa, xalın görünüşünə, böyümə sürətinə, rənginə, sərhədinə, simptomlara və pasiyentin risk faktorlarına görə dəyişir. Xüsusilə 30 yaşdan sonra yeni yaranan piqmentli törəmələrə daha diqqətli yanaşmaq lazımdır.
Sonradan yaranan xal qaşınırsa, qanayırsa, qabıqlanırsa, yaraya çevrilirsə və ya qısa müddətdə nəzərəçarpacaq böyüyürsə, müayinə gecikdirilməməlidir.
Qara xallar və tünd rəngli ləkələr
Qara xallar və tünd piqmentli ləkələr bəzən adi nevus, seboreik keratoz, travmadan sonra qanama, lentigo və ya digər zərərsiz proseslərlə bağlı ola bilər. Lakin tünd rəngli törəmə yeni yaranıbsa və dəyişirsə, melanoma ehtimalı istisna edilməlidir.
Xəstələrin “qara xalları yox etmək” və “qara xalı təmizləmək” kimi tələbləri olur. Ancaq qara xalı yox etməzdən əvvəl onun nə olduğu bilinməlidir. Şübhəli törəmə lazerlə yandırılarsa, histoloji diaqnoz imkanı itə və melanoma diaqnozu gecikə bilər. Dermatoonkologiya sahəsində lazer cihazına az ehtiyac duyulur. Cünki, lazer daha çox estetik nəticə əldə etmək üçündür.
Qara xal asimmetrikdirsə, bir neçə rəng daşıyırsa, sərhədi pozulubsa, böyüyürsə və ya qanayırsa, ilk addım dermatoskopik qiymətləndirmədir.
Xal qoparmaq təhlükəlidirmi?
Xal qoparmaq, xalı evdə kəsmək, sapla bağlamaq, turşu və ya yandırıcı məhlulla təmizləmək təhlükəli davranışdır. Birincisi, infeksiya, qanama və çapıq riski yarada bilər. İkincisi, şübhəli törəmənin diaqnozunu gecikdirə bilər.
Xal təsadüfən qopubsa və ya yaralanıbsa, sahəni təmiz saxlamaq, təkrar qoparmamaq və dermatoloqa müraciət etmək lazımdır. Xal travmadan sonra qanayırsa və sağalmırsa, müayinə xüsusilə vacibdir.
Xalın qopması hər zaman xərçəng demək deyil. Lakin dəyişən, qanayan və təkrar yaralanan xal mütləq dermatoskopiya ilə qiymətləndirilməlidir.
Xalların yox edilməsi müayinədən əvvəl niyə risklidir?
Xalların yox edilməsi kosmetik istək kimi görünə bilər, amma hər xal kosmetik törəmə deyil. Xalın götürülməsi, yandırılması, lazerlə təmizlənməsi və ya dondurulması qərarı yalnız onun təhlükəsizliyi qiymətləndirildikdən sonra verilməlidir.
Şübhəli xalların lazerlə və ya yandırma üsulu ilə yox edilməsi doğru deyil. Çünki bu üsullarda toxuma histoloji müayinə üçün tam şəkildə qiymətləndirilməyə bilər. Melanoma və ya atipik nevus ehtimalı varsa, düzgün üsul biopsiya və ya cərrahi çıxarılma ola bilər.
Buna görə “xal götürdürmək istəyirəm” deyən pasiyentlərdə ilk mərhələ kosmetik prosedur deyil, dermatoloq müayinəsi və dermatoskopiyadır.
Dəri biopsiyası haqqında daha geniş məlumat üçün
dəri biopsiyası
məqaləsinə baxa bilərsiniz.
Xalların lazerlə yox edilməsi qiyməti niyə əvvəlcədən deyilmir?
“Xalların lazerlə yox edilməsi qiyməti” və “xalların götürülməsi və qiyməti” pasiyentlərin tez-tez axtardığı mövzulardandır. Lakin xalı görmədən və dermatoskopiya etmədən qiymət demək tibbi baxımdan düzgün deyil.
Qiymətə təsir edən əsas məsələ xalın ölçüsü deyil, onun nə olmasıdır. Zərərsiz kosmetik törəmə, papilloma, seboreik keratoz, intradermal nevus, bazal hüceyrəli karsinoma, atipik nevus və melanoma şübhəsi eyni yanaşma ilə götürülmür.
Bəzi törəmələr lazerlə aradan qaldırıla bilər. Bəzi xallar isə histoloji müayinə üçün cərrahi yolla çıxarılmalıdır. Digəriləri maye azot və elektrokoterlə yox edilir. Ona görə qiymət və üsul yalnız müayinədən sonra dəqiq müəyyən edilə bilər.
Düzgün seçilməmiş xalın lazerlə götürülməsi xalın aylar sonra geriyə dəri xərçəngi formasıda qayıtmasına səbəb ola bilər. Ona görə hər xalın lazerlə götürülməsinə yol vermək olmaz. Lazer cihazı daha çox kosmetik nəticə əldə etmək üçün cihazdır nəyinki, dəri xərçəngi riski daşıyan törəmələrdən qurtulmaq.
Üzdəki xalların təmizlənməsi
Üzdəki xallar estetik narahatlıq yarada bilər. Lakin üz nahiyəsindəki xalı götürməzdən əvvəl iki sual cavablandırılmalıdır: bu törəmə zərərsizdirmi və hansı üsul ən az çapıq riski ilə nəticə verə bilər?
Üzdəki bütün xallar lazerlə təmizlənməməlidir. Piqmentli, dəyişən, asimmetrik və ya şübhəli görünən törəmələr əvvəlcə dermatoskopiya ilə qiymətləndirilməli, lazım olduqda biopsiya və ya cərrahi çıxarılma planlanmalıdır. Əks təqdirdə lazer götürülən xal geriyə onkoloji problem kimi qayıda bilər.
Estetik nəticə vacibdir, amma təhlükəsizlik daha vacibdir. Üz nahiyəsində yanlış üsulla aparılan müdaxilə həm çapıq, həm də diaqnostik gecikmə yarada bilər.
Kimlər mütləq xal yoxlanmasından keçməlidir?
Bəzi insanlar melanoma və digər dəri xərçəngi baxımından daha yüksək risk qrupuna daxildir. Bu qruplarda müntəzəm dermatoloq müayinəsi və dermatoskopiya daha vacibdir.
Cədvəli mobil telefonda sağa-sola sürüşdürə bilərsiniz.
| Risk qrupu | Niyə vacibdir? | Nə edilməlidir? |
|---|---|---|
| Çoxsaylı xalı olanlar | Atipik nevus və melanoma riski arta bilər | Müntəzəm dermatoskopik izləm |
| Açıq dərili, sarışın və çilli insanlar | Günəş zədələnməsi və dəri xərçəngi riski daha yüksək ola bilər | Günəşdən qorunma və illik yoxlanış |
| Ailəsində melanoma olanlar | Ailəvi risk faktoru əhəmiyyətlidir | Daha diqqətli və planlı izləm |
| Solaryum istifadə edənlər | Ultrabənövşəyi şüa riski artırır | Solaryumdan uzaq durmaq və müayinə |
| Günəş altında çox qalanlar | Uzunmüddətli UV təsiri dəri xərçəngi riskini artırır | Günəşdən qorunma və dermatoloq baxışı |
| İmmunsupressiya alanlar | Dəri xərçəngi riski arta bilər | Daha sıx dəri müayinəsi |
Aylar əvvəl lazer ilə götürülən xal geri qayıdıb
Dermatoskopik müayinə necə aparılır?
Dermatoskopik müayinə ağrısız və sürətli prosedurdur. Dermatoloq əvvəlcə xalı adi gözlə qiymətləndirir, sonra dermatoskopla böyüdülmüş görüntüyə baxır.
Aşağıdakı diaqram mobil telefonda sağa-sola sürüşdürülə bilər.
1. Baxış
Xalın yeri, ölçüsü, rəngi, forması və simptomları qiymətləndirilir.
2. Dermatoskopiya
Piqment, damar naxışı, sərhəd və struktur böyüdülərək baxılır.
3. Risk qərarı
Xalın zərərsiz, izlənməli və ya şübhəli olduğu müəyyən edilir.
4. Fotoizləm
Lazım olduqda rəqəmsal görüntü saxlanılır və sonrakı müayinə ilə müqayisə edilir.
5. Biopsiya qərarı
Şübhəli törəmələrdə histoloji müayinə üçün çıxarılma planlanır.
Rəqəmsal dermatoskopiya nə vaxt lazımdır?
Rəqəmsal dermatoskopiya xalların böyüdülmüş şəkillərinin saxlanılması və sonrakı müayinələrdə müqayisə edilməsi üçün istifadə olunur. Bu üsul xüsusilə çoxsaylı xalları, atipik nevusları və yüksək melanoma riski olan pasiyentlərdə faydalıdır.
Bir dəfə baxış bəzi xallar üçün kifayət edə bilər. Lakin sərhəddə olan, tam şübhəli sayılmayan, amma izlənməli törəmələrdə rəqəmsal fotoarxiv dəyişiklikləri daha dəqiq görməyə kömək edir.
Rəqəmsal izləm “xalı unutmaq” demək deyil. Pasiyent yenə də evdə özünü yoxlamalı və böyümə, qanama, rəng dəyişikliyi və yeni simptom görərsə, planlı kontrolu gözləmədən müraciət etməlidir.

Adi xal kimi görsənin törəmə dermatoskopda dəri xərçəngi çıxdı
Hər şübhəli xal kəsilməlidirmi?
Xeyr. Hər xal kəsilməli deyil. Dermatoskopiya lazımsız müdaxilələrin qarşısını ala bilər. Zərərsiz görünən xallar müşahidə edilə bilər, kosmetik narahatlıq yaradan təhlükəsiz törəmələr isə uyğun üsulla aradan qaldırıla bilər.
Lakin dermatoskopiyada şübhəli əlamətlər varsa, xalı lazerlə yandırmaq və ya səthi təmizləmək doğru deyil. Bu hallarda tam histoloji qiymətləndirmə üçün biopsiya və ya cərrahi çıxarılma daha düzgün ola bilər.
Xalın götürülməsi qərarı kosmetik istəyə yox, əvvəlcə tibbi təhlükəsizlik qiymətləndirməsinə əsaslanmalıdır.
Uşaqlarda xallar nə vaxt yoxlanmalıdır?
Uşaqlarda xallar çox vaxt zərərsiz olur. Lakin anadangəlmə böyük xallar, sürətlə böyüyən törəmələr, rəngi və forması dəyişən xallar, qanayan və yaralanan sahələr dermatoloq tərəfindən qiymətləndirilməlidir.
Uşaqlarda hər yeni xal təhlükəli deyil. Amma ailədə melanoma tarixi, çoxsaylı atipik nevuslar, açıq dəri tipi və böyük kongenital nevus varsa, planlı izləm daha vacibdir.
Valideynlər uşağın xalını evdə kəsməməli, yandırmamalı və xalq təbabəti üsulları ilə təmizləməyə çalışmamalıdır. Uşaqda dəyişən xal varsa, dermatoskopiya ağrısız şəkildə aparıla bilər.
Dırnaqda qara xətt və dermatoskopiya
Dırnaqda qara xətt və ya dırnaqda qaralma ayrıca diqqət tələb edir. Bu dəyişiklik travma, qanama, göbələk və ya piqmentasiya ilə bağlı ola bilər, amma akral melanoma ehtimalı da istisna edilməlidir.
Xüsusilə tək dırnaqda yeni yaranan, genişlənən, tündləşən və dırnaq ətrafı dəriyə yayılan qara-qəhvəyi xətt varsa, dermatoskopik müayinə vacibdir. Lazım olduqda dırnaq biopsiyası planlana bilər.
Bu mövzu haqqında ətraflı məlumat üçün
dırnaqda qaralma
məqaləsinə baxa bilərsiniz.
Xal müayinəsi haqqında tez-tez verilən suallar
Xal müayinəsi ağrılıdırmı?
Xeyr. Dermatoskopiya ağrısızdır. Xalın üzərinə optik cihazla baxılır və kəsik, iynə və narkoz tələb olunmur.
Hansı xallar təhlükəlidir?
Böyüyən, rəngi dəyişən, asimmetrik, kənarları pozulan, qanayan, qaşınan, qabıqlanan və digər xallardan fərqli görünən xallar təhlükəli ola bilər. Bu xallar dermatoskopiya ilə yoxlanmalıdır.
Sonradan yaranan xallar təhlükəlidirmi?
Hər sonradan yaranan xal təhlükəli deyil. Lakin yetkin yaşda yeni yaranan, sürətlə böyüyən, tündləşən və dəyişən xallar dermatoloq tərəfindən qiymətləndirilməlidir.
Xal qoparmaq xərçəng yaradır?
Xal qoparmaq birbaşa xərçəng yaradır demək düzgün deyil. Amma qanama, infeksiya, çapıq və diaqnozun gecikməsi riskini artırır. Qopan və sağalmayan xal müayinə olunmalıdır.
Xalların lazerlə yox edilməsi təhlükəsizdirmi?
Yalnız zərərsiz olduğu təsdiqlənmiş uyğun törəmələrdə təhlükəsiz ola bilər. Şübhəli, dəyişən və piqmentli xalları müayinəsiz lazerlə yox etmək düzgün deyil.
Xalların götürülməsi və qiyməti nədən asılıdır?
Qiymət xalın növündən, ölçüsündən, yerləşdiyi nahiyədən, seçilən üsuldan və histoloji müayinə ehtiyacından asılıdır. Əvvəlcə müayinə və dermatoskopiya aparılmalıdır.
Qara xalları yox etmək olar?
Qara xalı yox etməzdən əvvəl onun təhlükəsiz olub-olmadığı müəyyən edilməlidir. Yeni yaranan, böyüyən, çox tünd və qeyri-bərabər rəngli xallar əvvəlcə dermatoskopiya ilə qiymətləndirilməlidir.
Üzdəki xalların təmizlənməsi çapıq yaradır?
Çapıq riski xalın yerləşdiyi nahiyə, ölçüsü, dərinliyi, seçilən üsul və pasiyentin dəri xüsusiyyətindən asılıdır. Üzdəki xallarda estetik nəticə üçün düzgün üsul seçimi vacibdir.
Hər xal kəsilməlidirmi?
Xeyr. Hər xal kəsilmir. Zərərsiz xallar izlənə bilər. Şübhəli xallarda isə histoloji müayinə üçün biopsiya və ya cərrahi çıxarılma lazım ola bilər.
Dermatoskopiya ilə melanoma dəqiq bilinir?
Dermatoskopiya melanoma şübhəsini daha dəqiq qiymətləndirməyə kömək edir. Lakin yekun diaqnoz bəzi hallarda yalnız biopsiya və histoloji müayinə ilə təsdiqlənir.
İldə neçə dəfə xal yoxlanmalıdır?
Risk qrupunda olmayan insanlar üçün illik dəri müayinəsi faydalı ola bilər. Çoxsaylı xalları, atipik nevusları, ailəsində melanoma tarixi və ya günəş zədələnməsi olanlarda kontrol intervalı dermatoloq tərəfindən fərdi seçilir.
Nəticə
Xalların böyük hissəsi zərərsiz ola bilər, amma dəyişən, böyüyən, rəngi pozulan, qanayan, qaşınan və digər xallardan fərqli görünən törəmələr diqqətlə qiymətləndirilməlidir. Xalı lazerlə yox etdirmək, qoparmaq və ya kosmetik olaraq təmizləmək qərarı dermatoskopik müayinədən əvvəl verilməməlidir.
Xal müayinəsi melanoma və digər dəri xərçəngi riskini erkən mərhələdə aşkar etməyə, zərərsiz xalları təhlükəli xallardan ayırmağa və lazımsız müdaxilələrin qarşısını almağa kömək edir.
Ən doğru yanaşma sadədir: əvvəlcə dermatoloq baxışı və dermatoskopiya, sonra ehtiyac varsa fotoizləm, biopsiya və ya təhlükəsiz üsulla çıxarılma.
Xal böyüyür, rəngi dəyişir və ya qanayır?
Təhlükəli xal əlamətlərini vaxtında qiymətləndirmək üçün dermatoloq müayinəsi və dermatoskopiya vacibdir.
Dermatoonkoloq Uzman Dr. Mehdi İSKƏNDƏRLİ


