Qasıqda ağrılı şişkinlik – səbəbləri, əlamətləri və müalicəsi

qasıqda ağrılı şişkinlik

Qasıqda ağrılı şişkinlik: səbəbləri, əlamətləri və müalicəsi

Qasıqda ağrılı şişkinlik həm kişilərdə, həm də qadınlarda rast gəlinə bilən və müxtəlif səbəblərlə əlaqəli ola bilən bir şikayətdir. Bəzən sadə iltihabi düyün və ya tükdibinin infeksiyası ilə bağlı olsa da, bəzi hallarda limfa düyününün böyüməsi, yırtıq, kista, irinli proses və ya cinsi yolla keçən infeksiyalarla da əlaqəli ola bilər. Buna görə qasıqda ağrılı şişkinlik hər zaman eyni məna daşımır və səbəbin düzgün qiymətləndirilməsi vacibdir.

Bu yazıda qasıqda ağrılı şişkinlik niyə yaranır, hansı hallarda təhlükəli ola bilər, hansı müayinələr lazım gələ bilər və müalicə necə aparılır suallarına ətraflı cavab verilir.

 



Qasıqda ağrılı şişkinlik nədir?

Qasıqda ağrılı şişkinlik qasıq nahiyəsində əllə hiss olunan, dəridə görünən və ya hərəkət zamanı narahatlıq verən ağrılı düyün, kütlə və ya qabarmaya deyilir. Bu şişkinlik kiçik bir iltihabi düyün şəklində ola bilər, yaxud daha böyük, sərt, qızarmış və hətta irinli görünüş ala bilər.

Şikayətin müddəti, şiddəti, qızartı, temperatur artımı, irin axıntısı, hərəkətlə artması və ya genital nahiyədə başqa əlamətlərlə birgə olması səbəbi anlamaqda çox önəmlidir.

 


Qasıqda ağrılı şişkinliyin əsas səbəbləri

 

Qasıqda ağrılı şişkinlik bir neçə əsas qrup səbəblə əlaqəli ola bilər:

 

  • Dəri və tükdibinin iltihabı
  • Çiban və ya abses
  • İrinli tər vəzi xəstəlikləri
  • Böyümüş və ağrılı limfa düyünləri
  • Kista və onun iltihablanması
  • Cinsi yolla keçən infeksiyalar
  • Travma və sürtünməyə bağlı iltihabi dəyişikliklər

 

Ən doğru yanaşma bu şişkinliyin dərinin içində, dərialtında, limfa düyünündə, yoxsa qarın divarı sahəsində yaranıb-yaranmadığını ayırd etməkdir.

 


Dəri və dərialtı səbəblər

 

Tükdibinin iltihabı

Qasıq nahiyəsi sürtünmə, tər, təraş və rütubətə məruz qaldığı üçün tükdibinin iltihabı burada tez-tez rast gəlinir. Kiçik ağrılı papula və ya irinli düyünlə başlaya bilər.

 

Çiban və abses

Bakterial infeksiya nəticəsində dəri və dərialtında irin toplana bilər. Bu zaman şişkinlik daha ağrılı, qızarmış, isti və hətta pulsasiya edən xarakter ala bilər. Bəzi hallarda mərkəzdə yumşalma və irin axması da görünür.

 

Hidradenit

Qasıq və qoltuqaltı kimi nahiyələrdə təkrarlayan ağrılı düyünlər, irinli şişkinliklər və izlər yaradan xroniki iltihabi xəstəlikdir. Təkrarlayan qasıqda ağrılı qızartı hallarında bu ehtimal da düşünülməlidir.

 

İltihablanmış kista

Dərialtı kista iltihablandıqda birdən böyüyə, qızara və ağrı verə bilər. Xəstə bunu bəzən “birdən çıxan ağrılı topa” kimi təsvir edir.

 


Limfa düyünlərinin böyüməsi

Qasıq nahiyəsində limfa düyünləri yerləşir. Ayaq, genital nahiyə və aşağı ətraflardan gələn bəzi infeksiyalar və iltihabi proseslər zamanı bu düyünlər böyüyə və ağrılı ola bilər.

 

Aşağıdakı hallarda limfa düyünləri böyüyə bilər:

 

  • Genital dəri infeksiyaları
  • Cinsi yolla keçən infeksiyalar
  • Ayaq və ya qasıq nahiyəsində yara və iltihab
  • Bəzi virus və bakterial xəstəliklər

 

Ağrılı limfa düyünü daha çox iltihabi və infeksion səbəbi düşündürür. Lakin səbəb yalnız müayinə ilə aydınlaşdırılır.

 

qasıqda ağrılı şişkinlik

 


Cinsi yolla keçən infeksiyalarla əlaqə

Bəzi hallarda qasıqda ağrılı şişkinlik cinsi yolla keçən infeksiyaların əlaməti kimi çıxış edir. Xüsusilə genital nahiyədə yara, axıntı, ağrılı sidik ifrazı, qızartı, ziyil və ya limfa düyünü böyüməsi ilə birlikdədirsə bu ehtimal nəzərə alınmalıdır. Sifilis xəstəliyinin birinci mərhələsi limfa düyünü böyüməsi verərək qasıqda ağrılı qabartı verə bilər.

Məsələn, aşağıdakı hallarda qasıq limfa düyünləri və ya yerli iltihabi düyünlər yarana bilər:

 

  • Genital herpeslə əlaqəli iltihabi reaksiya
  • Bəzi bakterial genital infeksiyalar
  • İrinli dəri infeksiyalarının genital nahiyədən yayılması

 

Təkcə şişkinliyə baxaraq dəqiq diaqnoz qoymaq olmaz. Əlavə genital əlamətlər çox önəmlidir.

 


Qadınlarda qasıqda ağrılı şişkinlik

Qadınlarda qasıqda ağrılı şişkinlik dəri infeksiyası, limfa düyünü, yırtıq və ya yaxın genital strukturlardakı iltihabla əlaqəli ola bilər. Təraş, sürtünmə, dar geyim, tər və yerli infeksiyalar daha çox rol oynaya bilər.

Əgər vulva nahiyəsində ağrı, şişkinlik, yerimə zamanı narahatlıq və ya axıntı da varsa, lokal genital səbəblər də ayrıca qiymətləndirilməlidir.

 


Kişilərdə qasıqda ağrılı şişkinlik

Kişilərdə qasıqda ağrılı şişkinlik zamanı  limfa düyünü, dərialtı abses və bəzi genital infeksiyalar daha çox düşünülür. Bəzən xəstə qasıqla xaya nahiyəsini qarışdıra bilər. Bu səbəbdən xayada ağrı, şişmə, həssaslıq və ya qəfil başlayan ağrı varsa müayinə gecikdirilməməlidir. Bəzən qasıqda qaşıntıya ilə əlaqəli olaraq şiddətli qaşıma hadisəsinə ikincil qasıqda ağrılı düyünlər yarana bilir. 

 


Hansı əlamətlərə diqqət etmək lazımdır?

Qasıqda ağrılı düyünlər ilə birlikdə aşağıdakı əlamətlər səbəbi anlamaqda kömək edir:

 

  • Qızartı və istilik artımı
  • İrin və ya axıntı
  • Şişkinliyin sərt və ya yumşaq olması
  • Genital nahiyədə yara, səpgi, axıntı və ya ziyil
  • Qızdırma
  • Şişkinliyin birdən böyüməsi
  • Yerimə zamanı ağrının artması

 

Müayinə zamanı həkim üçün ən vacib suallardan biri budur: bu şişkinlik iltihablı dəri düyünüdür, limfa düyünüdür, yoxsa qabarmadır?

 

qasıqda ağrılı şişkinlik

 


Diaqnoz necə qoyulur?

Diaqnoz üçün ilk və ən vacib mərhələ klinik müayinədir. Şişkinliyin ölçüsü, yeri, dərinliyi, sərtliyi, qızartısı, dəriyə yapışıq olub-olmaması və ətraf nahiyələrin vəziyyəti qiymətləndirilir.

 

Lazım olduqda aşağıdakılar düşünülə bilər:

 

  • İltihab və infeksiya üçün laborator analizlər
  • Genital infeksiya şübhəsində uyğun testlər
  • İrin varsa mikrobioloji qiymətləndirmə
  • Radioloji müayinələr
  • Dəri biopsiyası

 

Hər xəstəyə eyni analiz lazım deyil. Müayinənin nəticəsinə görə yanaşma fərqlənir.

 


Müalicə necə aparılır?

Qasıqda ağrılı şişkinlik müalicəsi səbəbdən asılıdır. Tək bir universal müalicə yoxdur.

 

Dəri infeksiyası və çiban varsa

Yerli antiseptik yanaşma, bəzi hallarda antibiotik müalicəsi, irin toplanıbsa drenaj kimi tədbirlər lazım gələ bilər.

 

Limfa düyünü böyüməsi varsa

Əsas səbəb tapılmalı və həmin səbəb müalicə edilməlidir. Limfa düyününün özü ayrıca yox, ona səbəb olan proses əsas məsələdir.

 

Hidradenit və ya təkrarlayan irinli düyünlər varsa

Uzunmüddətli plan lazımdır. Sadəcə hər dəfə “çiban” kimi yanaşmaq düzgün olmaya bilər.

 

Cinsi yolla keçən infeksiya şübhəsi varsa

Müalicə səbəbə uyğun seçilməli və lazım gələrsə partnyor yanaşması da nəzərdən keçirilməlidir. Venerologiya ilə məşqul olan dəri həkiminə müraciət edilməlidir. 

 


Evdə nə etmək olar, nə etmək olmaz?

 

Evdə nə etmək olar?

 

  • Nahiyəni təmiz və quru saxlamaq
  • Sürtünməni azaltmaq
  • Dar alt paltarı və dar geyimdən uzaq durmaq
  • Şişkinlik artarsa müşahidə etmək və gecikmədən həkimə müraciət etmək

 

Nə etmək olmaz?

 

  • Şişkinliyi sıxmaq və partlatmağa çalışmaq
  • İrinli görünən ocağı evdə iynə ilə açmaq
  • Özbaşına güclü antibiotik başlamaq
  • Təkrarlayan şişkinlikləri uzun müddət görməzdən gəlmək

 

Qasıq nahiyəsi infeksiyanın dərinləşməsi və yayılması baxımından həssas sahədir. Özbaşına müdaxilə vəziyyəti ağırlaşdıra bilər.

 


Təcili həkimə müraciət tələb edən hallar

Aşağıdakı hallarda qasıqda ağrılı şişkinlik təcili qiymətləndirilməlidir:

 

  • Şiddətli və sürətlə artan ağrı
  • Qızdırma
  • Şişkinliyin sərt, çox həssas və böyük olması
  • Qusma, ürəkbulanma və qarın ağrısı ilə birlikdə olması
  • Yırtıq şübhəsi və şişkinliyin geri getməməsi
  • Genital nahiyədə irin, yara və ya sürətlə yayılan qızartı
  • Xayada ağrı ilə birlikdə olan qasıq şikayətləri

 

Tez-tez verilən suallar


 

Qasıqda ağrılı şişkinlik təhlükəlidirmi?

Bəzən sadə dəri infeksiyası olur, bəzən isə yırtıq, irinli proses və ya başqa səbəblərlə əlaqəli olur. Təhlükəlilik səbəbdən asılıdır.

 

Qasıqda ağrılı şişkinlik limfa düyünü ola bilərmi?

Bəli. Xüsusilə genital, dəri və ya aşağı ətraf infeksiyaları zamanı qasıq limfa düyünləri ağrılı böyüyə bilər.

 

Qasıqda ağrılı şişkinlik cinsi xəstəlikdən ola bilərmi?

Bəzi hallarda bəli. Xüsusilə genital yara, axıntı, ağrılı sidik ifrazı və ya başqa genital əlamətlər varsa bu ehtimal nəzərə alınmalıdır.

 

Qasıqda ağrılı düyünlər sifilisdən ola bilərmi?

Bəli. Sifilis xəstəliyi birincili mərhələd qasıqda ağrılı olmayan düyünlər verə bilər.

 

Qasıqda ağrılı şişkinliyi sıxmaq olar?

Xeyr. Bu, infeksiyanın yayılmasına, daha çox ağrıya və ağırlaşmaya səbəb ola bilər.

 

Hansı həkimə müraciət etmək lazımdır?

Dəri və yumşaq toxuma mənşəli, infeksion və ya genital dəri problemlərində dermatoloq ilkin qiymətləndirmədə daha faydalıdır

 


Nəticə: Qasıqda ağrılı şişkinlik sadə tükdibi iltihabından başlayaraq limfa düyünü, abses, yırtıq və ya genital infeksiya kimi daha ciddi səbəblərlə də bağlı ola bilər. Şişkinliyin tipi, davametmə müddəti, yanaşı əlamətlər və klinik müayinə düzgün diaqnoz üçün əsasdır. Ağrılı, qızarmış, böyüyən, təkrarlayan və ya hərəkətlə artan qasıq şişkinlikləri mütləq diqqətlə qiymətləndirilməlidir.

 

qasıqda ağrılı şişkinlik

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Dermatoloq Mehdi İskəndərli Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Türkiyə, Ege Universitetinde rezidentura keçmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi kimi elmi məqalələri pubmed platformasında dərc edilmişdir, ölkəmizdə ilk dəfə meymunçiçəyi xəstəliyini aşkar etmişdir, Avropa Dermatovenerologiya Akademiyasının (EADV) üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir