Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, uşaqlarda ağ ləkə problemi verən dəri xəstəlikləri çoxdur. Bəzi ağ ləkələr anadangəlmə olduğu halda, digərləri sonradan qazanılmış ağ ləkələr olur. Sonradan qazanılmış ağ ləkələr bəziləri müvəqqəti xarakterdə olur. Yəni zamanla, düzgün müalicə və profilaktika ilə aradan qaldırılır. Bəziləri isə hətta ömrün sonuna qədər davam edə bilir. Dermatologiya uzmanı onu da əlavə edir ki, sonradan qazanılmış ağ ləkələr yay aylarında daha da qabara bilər. Qış aylarında solur hətta tamamiylə itə də bilər.
Uzman dermatoloq əlavə etmişdir ki, sonradan yaranan ağ ləkələr arasında daha pis proqnoza malik olan xəstəlik vitiliqo xəstəliyidir. Ala xəstəliyi olaraq da tanınan vitiliqo əksərən uşaqlarda məktəbəqədər və məktəb dövrlərində meydana gəlir. Lakin, nadir olsa da vitiliqo 5 yaşına qədər olan zamanlarda da ortaya çıxa bilər. Uşaqlarda ağ ləkələr infeksioz mənşəli də ola bilər. Dr. Mehdi İskəndərli qeyd edir ki, infeksioz mənşəli ağ ləkələrin müalicəsi daha asan və rahatdır. Hətta xəstəlikdən biryolluq qurtulmaq da mümkündür.
Uşaqlarda ağ ləkə problemi əsasən üz dərisi, kürəkdə, boyunda, ətrafların xarici səthlərində daha çox meydana gəlir. Əksərən heç bir simptom vermirlər. Bəzi hallarda qaşıntı şikayətləri olur. Ağ ləkə problemi olan uşaqların müalicəsi peşəkar dermatoloq tərəfindən aparılır. Bəzi ləkələr tam sağalır və zamanla düzəlir. Bəzilərində isə əsas vəzifə ləkələrin sağalmasından çox onların yayılaraq bütün bədəni əhatə etməsinə əngəl olmaqdır. Uşaqlarında ağ ləkə problemi olan valideynlər ümidsiz və narahat olmamalıdırlar. Dr. Mehdi İskəndərli əmin edir ki, zamanında müraciət edilərsə ağ ləkələrə çarə etmək mümkündür.