Müalicə uğursuzluğu nədir?

Müalicə

Terapiya uğursuzluğu və ya müalicə uğursuzluğu həkim tərəfindən düzgün diaqnoz və dərman təyinatına rəğmən xəstədə düzəlmənin olmaması və ya qismən olmasıdır. Terapiya uğursuzluğu zamanı xəstə yenidən həkimə müraciət etməli və həkim tərəfindən bunun səbəbləri araşdırılmalıdır. Müalicə uğursuzluğunun çox səbəbi ola bilər.

1. Xəstəyə aptekdən verilən dərmanların keyfiyyətinin aşağı olması.

Həkimin xəstəliyin müalicəsi üçün təyin etdiyi molekula və formulalar doğru olsa da ölkəyə buraxılan və aptekdə satılan dərmanların keyfiyyətinin aşağı olması müalicə uğursuzluğunun əsas səbəblərindən biridir. İnkişaf etmiş ölkələrdə dövlətin dərman idxalı və istehsalı məsələlərinə ciddi müdaxiləsi hesabına bu problem artıq həll edilmişdir. İnkişaf etməkdə olan və inkişafdan qalmış ölkələr də bu problem hələ də davam edir. O cümlədən ölkəmizdə dərman keyfiyyətsizliyinə görə müalicə uğursuzluğu hallarına tez-tez rast gəlinir.

2. Xəstə uyumsuzluğu

Xəstənin həkim tərəfindən təyin edilmiş dərmanları yazıldığı qaydada, dozada, müddətdə istifadə etməməsidir. Yəni, xəstə tərəfindən ona təyin edilmiş müalicə kursunu düzgün yerinə yetirməməsidir. Xəstəyə bağlı başqa bir səbəb həkimin dediyi zamanda həkim kontrollarına gəlməməsidir. Digər səbəb isə xəstənin eyni problemə görə eyni zamanda ixtiası eyni olan müxtəlif həkimlərin müalicəsini almasıdır.

3. Dərmanların qarşılıqlı təsiri.

Bəzi xəstələr polifarmasi dediyimiz çoxludərman istifadəçisinə çevrilir. Əsasən şəkərli diabet, ürək-damar xəstələri çoxludərman istifadəçisi olurlar. Onlara hər hansı başqa şikayətlərə görə həkim tərəfindən yazılmış dərmanlar effektsiz ola bilər. Belə olan halda müalicə uğursuzluğunun əsas səbəblərindən biri öncədən təyin edilmiş və uzun illərdir istifadə etdiyi dərmanların yeni yazılmış dərmanlara olan mənfi təsiridir. Yəni, xəstənin istifadə etdiyi dərmanların bir-birinin təsirini ya artırması, ya da azaltmasıdır. Təəssüf ki, təbabət çoxludərman istifadəçilərində dərmanların qarşılıqlı təsirini keyfiyyət və kəmiyyət cəhətdən öyrənə bilmir baxmayaraq ki, az sayda dərmanların qarşılıqlı təsiri elmə məlumdur. Bundan əlavə, alkoqol, nikotin, narkotik maddələr, bəzi qidalar və s. kimi daxilə qəbul edilmiş molekulalar da dərmanın təsirini neytrallaşdıra bilər. Ona görə bu cür maddələri qəbul edən xəstələr müalicə uğursuzluğuna daha çox məruz qalırlar.

4. Orqanizmlərin barmaq izi qədər fərqli olması

Müalicə uğursuluzğunun digər səbəbi qaba dildə desək dərmanın insan orqanizminə düşməməsidir. Baxmayaraq ki, həkim tərəfindən doğru diaqnoz və dərmanlar təyin edilib, ölkədəki dərmanların keyfiyyəti yüksəkdir, xəstə tərəfindən müalicələr düzgün yerinə yetirilmişdir, dərmanların təsiri digər dərmanlarla neytrallaşmır yenə də xəstə də düzəlmə görülmür. Bunun səbəbi insan orqanizminin barmaq ucu izləri qədər müxtəlif olması və bədənə dərmanların düşər-düşməzi məsələsidir. Belə olan halda mütləq təkrar həkimə müraciət etmək lazımdır ki, yeni dərmanlar təyin etsin.

Nəticə

Görüldüyü kimi müalicənin uğursuz olması bir qayda olaraq həkimə bağlı olmayan müəyyən bir obyektiv səbəblərə aiddir. Yuxarıda sadalanan obyektiv səbəblərin bəzilərini aradan qaldırmaqla təyin edilmiş müalicənin səmərəsini artırmaq mümkündür. Bəzi səbəblər var ki, onu aradan qaldırmaq olmur. Belə olan halda həkim öncəki yazdığı dərmanların istifadəsini dayandıraraq ikinci, üçüncü, dördüncü və s. dərəcəli dərmanlar və fərqli müalicə kombinasiyaları təyin edir. Ölkəmizdə terapiya uğursuzluğunun ən çox səbəbi 1 və 2-dir. Dərman keyfiyyətsizliyi və xəstə uyumsuzluğu. Terapiya uğursuzluğunun beynəlxalq qəbul edilmiş yuxarıdakı səbəblərdən savayı ölkəmizə spesefik olan səbəblər də vardır. Sığortanın olmaması və tibbi ödənişlərin xəstə tərəfindən qarşılanmasına bağlı olaraq bəzən xəstələr həkim tərəfindən istənilən əlavə müayinələr və analizləri yerinə yetirə bilmir. Belə olan halda diaqnozun qeyri müəyyən qalması və müalicələrin də istənilən səviyyədə təyin edilməməsi müalicə uğursuzluğuna səbəb olur.

 

 

Uzman Dr. Mehdi İSKƏNDƏRLİ

Avstraliyanın Sidney şəhərində yerləşən St. George Hospitalında təkmilləşmiş, Dəri və Zöhrəvi Xəstəlikləri mütəxəssisi, Dermatoveneroloq Uzman Dr. Mehdi İskəndərli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Axtar

Arxiv

Etiketlər