Dilin ağarması problemi ağız boşluğu xəstəlikləri arasında önəmli yerə sahibidir. Dildə ağ ərpin yaranması xəstələrdə ciddi diskomfort yaradan bir patologiyadır. Əksərən asimtpomatik olan bu problem bəzi xəstələrdə dildə yanma, göynəmə və ağrı hissi də verə bilər. Dilin ərplənməsi həm daxili, həm də xarici səbəblərdən yarana bilər. Siqaret və spirtli içki qəbul edənlərdə alkoqolun və nikotinin yerli təsirindən dil ərplənməsi baş verə bilər. Ağız boşluğunun ümumi gigiyenası pozulmuş insanlarda bir çox ağız boşluğu xəstəlikləri yarana bilər. Dilin ərp bağlaması bunlardan biridir. Spritli içki qəbulu, tütün məmulatları, diş fırçalamasına diqqət etməyənlərdə ağız boşluğu gigiyenası pozulduğu üçün dilin üstündə ağ təbəqə yarana bilər. Lakin, dildəki ərpin rəngi hər zaman ağ rəngində olmur. Dildəki ərp sarı, qəhvəyi hətta qara rəngdə də ola bilər. İntensiv şəkildə qəhvə və çay qəbul edənlərdə dil ərpi daha tünd tənglərdə olur. Dilin üstündəki ərp ikincili bakteriyal və funqal infeksiyalara bağlı olaraq daha qalın, daha tünd və qoxulu ola bilər.
Dermatoloq Mehdi İskəndərli qeyd edir ki, dilin ağarması daxili xəstəliklərin, immun yetməzlik sindromlarına bağlı da yarana bilər. Bəzi genetik irsi xəstəliklər sadəcən dilin üstündən deyil ağız boşluğunun digər nahiyyələrində də ağ ərp yarana bilər. Dermatoloq qeyd edir ki, bəzi sistemik virus infeksiyalarından sonra da dildə ərp yarana bilər. COVID-19 xəstəliyi keçirən bir çox insanlarda dad və qoxu itkisinə əlavə olaraq dilin ərp bağlaması da müşahidə edilmişdir. Dəri həkimi Mehdi İskəndərli vurğulayır ki, dilin üstündəki ərp bir çox hallarda geri dönən prosesdir. Lakin, ağız boşluğunda ağ ərp problemi bəzi hallarda konservativ müalicələr ilə düzəlmir. Bəzi hallarda dilin ağ ərpləri prekanseroz hallardan xəbər verir. Yəni, dildə ağ təbəqə zamanında müalicə edilmədiyi halda ağız boşluğunun bədxassəli şişinə çevrilə bilər. Dermatoloq həkim Mehdi İskəndərli söyləyir ki, ağız boşluğunda ağ ərp görən pasientlər zamanında dermatoveneroloqa müraciət etməlidir. Onun mənşəyi təyin edilməli, arxasınca diaqnozu qoyulmalı və vaxtında çarəsinə baxılmalıdır.